“Rusiyanın təbii qazı kəsməsi heç kəsi qaranlıqda qoymayacaq”
Aİ-nin hesablamalarına görə, “yaxşı qonşu” siyasəti ilə təbii qazın kəsilməsinin təsirindən qurtulmaq olar. Buna baxmayaraq, enerji çatışmazlığından bir ölkə – Estoniya daha çox əziyyət çəkəcək. Məlumatı “The Guardian” yayıb.
"Xeberinfo.com": Oktyabrın 16-da Aİ Komissiyası bildirib ki, Rusiyanın Avropaya təbii qaz təchizatını dayandırması qışda heç kəsi qaranlıqda qoymayacaq. Vladimir Putin 2008-ci ildəki kimi Ukraynaya təbii qaz təchizatını dayandıracağı ilə bağlı xəbərdarlıq edib. “Ukraynalı əməkdaşlarımız 2008-ci ildəki kimi, ixrac boru kəmərindən icazəsiz təbii qaz götürsələr, oğurlanmış həcmin əvəzini təchizatı dayandırmaqla çıxacağıq”, – Putin Serbiyada bildirib.
Bundan əlavə, Aİ Komissiyası təbii qazın kəsilməsi ilə bağlı simulyasiya sınaqları aparıb. Sınağın nəticələrinə görə, Şərqi Avropada və Balkanlarda bir neçə ölkə Rusiyanın təbii qazı 6 ay dayandırmasından ziyan çəkə bilər. Qonşu ölkələr bir-birlərinə yardım etməklə proqnozlaşdırılan 3%-lik çatışmazlığı aradan qaldıra biləcəklər. Buna baxmayaraq, Aİ ölkələrindən Estoniya ziyan çəkəcək.
Avropanın 30 günlük fövqəladə vəziyyət üçün təbii qaz ehtiyatları 90% doludur. Aİ Komissiyası hesab edir ki, “əks axın”, alternativ yanacaq, böhran nəticəsində qiymət artımına görə tələbatı azaltmaqla, ziyan dəyən ölkələrə kömək etmək, Ukrayna böhranının gedişində yaranan əlavə çətinlikləri həll etmək mümkündür.
“Biz inanırıq ki, gərgin əməyimiz sayəsində təbii qaz məsələsinə görə çətin vəziyyətdə qalmayacağıq. Ümid edirəm ki, gələn ilin əvvəlindən Rusiyadan təbii qaz təchizatı ilə bağlı razılıq əldə edəcəyik”, – Aİ Komissiyasının vitse-prezidenti Günter Öttinger Brüsseldə mətbuat konfransında bildirib.
Aİ-nin ən böyük enerji təchizatçısı olan Rusiya İttifaqın təbii qaz ehtiyacının 30%-ni ödəyir. Aİ öz “yüklənmə sınağında” təbii qazın kəsiləcəyi halda üzv ölkələrin bir-biri ilə yardımlaşmasını yoxlayıb.
Buna baxmayaraq, alternativ yanacaqlardan istifadə olunsa belə, yenə də 5-9 milyard kub metrlik təbii qaz çatışmazlığı yaranıb. Birgə tədbirlər görülməsə, bu, Aİ-yə böyük mənfi təsir göstərə bilər.
“Finlandiya, Estoniya, sabiq Yuqoslaviya ölkəsi olan Makedoniya, Bosniya və Hersoqovina, eləcə də Serbiya təbii qaz ehtiyaclarının azı 60%-ni ödəyə bilməyəcəklər. Bu o deməkdir ki, ailə təsərrüfatları qışda soyuqda qala bilər. Sırf milli tədbirlər görmək yerinə, digər ölkələrlə əməkdaşlıq olunsa, istehlakçıların çoxu təbii qazdan məhrum olmaz. Beləliklə, Aİ-də heç bir ailə təsərrüfatına ziyan dəyməz”, – hesabatda bildirilir.
Komissiyanın son hesablamalarına görə, Litva, Polşa və Macarıstan təbii qaz çatışmazlığından ziyan çəkə bilər. Xatırladaq ki, 2006-cı ildə də bir sıra Avropa ölkələri yanacaq çatışmazlığından əziyyət çəkmişdilər. Rusiya qiymət mübahisəsinə görə Ukraynanın təbii qazını kəsmişdi. Vəziyyət 2009-cu ildə yenə təkrarlanmışdı. Slovakiya və sair ölkələr fövəqəladə vəziyyət elan etmişdilər.
Aİ Komissiyasının hesablamalarına görə, LNG (maye qaz) təchizatı dünya bazarında qiymətlərin 100% artımına səbəb ola bilər. Buna baxmayaraq, Komissiya çalışır ki, təbii qaz probleminin həlli üçün üzv ölkələrdə bazar qüvvələrinə şərait yaradılsın.
“Eurogas” təbii qaz sənayesi şirkətinin baş katibi Beate Raabe Aİ-nin bazar qüvvələrinə sərbəstlik verməsini alqışlayıb. “Təbii qazın lazımi miqdarda və mümkün qədər tez təchiz olunmasında şirkətlər böyük təcrübəyə malikdirlər. Bunu boru kəməri və LNG (maye qaz) ilə ehtiyatlardan götürmək, yaxud çevik müqavilələrlə həyata keçirməkdə onlara sərbəstlik vermək vacibdir”, – Raabe deyib.
Raabe təbii qazın ehtiyatlardan götürülməsinə hökumətlərin nəzarət etməsi ilə bağlı təkliflərdən narahatlığını da bildirib.