Rusiya Slovakiyaya ixrac etdiyi təbii qazın nəqlini azaldıb
Rusiya Slovakiyaya təbii qaz nəqlini yarıyadək azaldıb. Bu isə Aİ-nin Ukrayna ilə bağlı razılıq əldə etməsini çətinləşdirib.
"Xeberinfo.com": Oktyabrın 1-də baş nazir Robert Fiko Bratislavada hökumət toplantısından sonra çıxış edib. O, bu addımın heç bir xəbərdarlıq edilmədən atıldığını bildirib. Onun sözlərinə görə, milli “SPP” neft-qaz operatoru Ukraynaya “əks axın” üzrə öhdəliklərini yerinə yetirməklə, eləcə də bazardan nağd əlavə təbii qaz almaqla Slovakiya və Çexiya müştərilərini təmin edə bilər.
Buna baxmayaraq, o, Rusiyanı tənqid edib: “Təbii qaz siyasi mübarizədə alətə çevrilib. Söhbət təbii qazın çatışmazlığından deyil, siyasi mövqe nümayişi üçün təbii qaz ehtiyatları ilə oyun oynamaqdan gedir”.
Robert Fiko bildirib ki, qışda təbii qaz böhranı yaranmayacaq, çünki bu, hər 2 tərəfə xeyli iqtisadi ziyan vura bilər. O, Moskva ilə razılığa gəlmək üçün Aİ-ni köməyə çağırıb. “Biz bu vəziyyətdə Aİ Komissiyası ilə əməkdaşlıq etmək istəyirik. Slovakiyanın Avropa dairəsində köməyə ehtiyacı var”, – o deyib.
Xatırladaq ki, iyunda Rusiya Ukraynaya təbii qaz nəqlini dayandırmışdı. Bundan sonra Slovakiya, Macarıstan və Polşa “əks axınla” təbii qazın satışına başladılar. Buna baxmayaraq, “Qazprom”un baş icraçı direktorunun Macarıstana səfərindən sonra Macarıstan da Ukraynaya təbii qaz nəqlini dayandırdı.
Slovakiyaya təbii qaz nəqli Aİ, Rusiya və Ukrayna rəsmilərinin 1-2 oktyabr görüşlərindən əvvəl azaldılıb. Qeyd edək ki, Aİ Komissiyası Ukraynaya borcunun 3,1 milyard dollarlıq hissəsini ödəməyi, 5 milyard kub metr təbii qaz qarşılığında aprelədək hər bir ay üçün qabaqcadan ödəniş etməyi təklif edir. Razılıq əldə olunmasa, Ukrayna Aİ-nin tranzit müştərilərini həmişəki kimi təmin edə bilməyəcək.
Ukraynanın milli “Naftoqaz” şirkətinin baş icraçı direktoru Andriy Kobolyev oktyabrın 1-də Almaniyanın gündəlik “Handelsblatt” qəzetinə müsahibə verib. O deyib ki, Aİ-ni “əks axın” olmadan normal təmin etmək üçün Rusiyadan əlavə 5 milyard kub metr təbii qaz almalıdır.
O həmçinin verdiyi sözü yerinə yetirməkdə Macarıstana kömək etmədiyinə görə Aİ-ni tənqid edib. “Təbii qazın oradan Ukraynaya çatdırılması üçün 2 Aİ şirkətinin Macarıstanla müqaviləsi var. Bunlardan biri alman şirkətidir. İndi isə bunlar sadəcə dayanıblar. Avropanın həmrəyliyi bəs harada qaldı?!”, – o deyib.
Almaniya kansleri Angela Merkel və Aİ Komissiyasının rəhbəri Joze Manuel Barrozu da Rusiyanı təbii qaz münaqişəsini gərginləşdirməməyə çağırıblar. Oktyabrın 1-də Merkel Putinə zəng edib, Barrozu isə Rusiya liderinə ünvanladığı məktubu yayımlayıb.
Hazırda “Qazprom”da çalışan sabiq Almaniya kansleri Gerhard Şroder Baltik dənizindəki Rstok limanında çıxış edib. O bildirib ki, Aİ irəliləyiş əldə etmək üçün sanksiyaları geri götürməlidir. “Mən ucadan və açıq şəkildə bildirmək istəyirəm ki, Rusiya əleyhinə sanksiyalar yanlışdır”, – o deyib.
Almaniyanın ABŞ-dakı səfiri Peter Vittiq sentyabrın 29-da Vaşinqtonda tədqiqat mərkəzlərindən birində deyib ki, Şroder Berlindəkilərin hisslərindən xəbərsizdir. “Ukraynaya qoşun çıxarmaqla Putin köhnə əməkdaşlığımıza xilaf çıxıb və etibarımızı sarsıdıb”, – o deyib.