Rusiya-Türkiyə münasibəti: “Birbaşa qarşıdurma təhlükəsi artır”
Xeberinfo.com: Əgər Suriya ilə bağlı məsələyə görə Türkiyə ilə Rusiya arasındakı toqquşma yenidən təkrarlanarsa, onda bu heç kim üçün gözlənilməz sayılmayacaq. Günlər keçdikcə vəziyyət daha çox birbaşa qarşıdurmanın qaçılmaz olacağı bir nöqtəyə doğru yaxınlaşır və bu, Birinci Dünya Müharibəsindən sonra, iki ölkə arasında baş verəcək ilk toqquşma olacaq. (Əl-Mustaqbəl-Livan)
Böyük müharibənin başlamasını gözləmək çox xoşagəlməzdir! Bəlkə də Putin sağlam düşüncəni itirib və elə fikirləşir ki, Bəşər Əsəd, ölkəsinin bu cür dağılmasına layiqdir. Ola bilər ki, o, Rusiyanın keçmiş imperiya gücünü qaytarmaqla, rus milli ləyaqətinin simvoluna çevrilmək istəyir.
Əgər Putinin məntiqini anlamağa cəhd etsək, onda Rusiyanın hərəkətlərində açıq praqmatizm cizgilərini görmək olar. Elə ona görə də, Moskvanın siyasəti, Ukrayna və Krımda beynəlxalq ictimaiyyətə qarşı “üsyankarlıq” kimi qəbul edilir. Bunlarla bərabər Rusiya terrorizmə qarşı müharibə missiyasını öz üzərinə götürüb. Əlbəttə, əgər bu sadə formalizm deyilsə! Belə bir hal isə, Moskvanın İsrail ilə strateji istiqamətdə xüsusi münasibətlər yaratmasına imkan verir.
Rusiya Suriyada məhz praqmatik düşüncələr baxımından bu və ya digər addımlar atır. Onlar, bir tərəfdən amerikanların açıq narazılığına baxmayaraq, dağıntılar və məhrumiyyətlər cığırına qədəm qoyublar. Digər tərəfdən isə Rusiya öz addımlarının İsrail tərəfindən bəyənidiyini də nəzərə alır.
İlk baxışda Rusiyanın müdaxiləsi beynəlxalq konvergensiya və regional maraqlar konteksində, terorizmə qarşı mübarizə və həmçinin də Əsədin və onun komandasının siyasi səhnədən getməsi ssenarisinə yönəlməsi kimi qarşılanırdı.
Ancaq bu gün hər tərəfə yayılan faciəvi səslər, Moskvanın ağıl çərçivəsindən kənara çıxdığını göstərir. Rusiya Suriyanın şimalında Çeçenistanda həyata keçirdiyi metodlardan istifadə edərək, Türkiyə ilə sərhəd regionunu həyacana gətirir.
İndi baş verənlər, operativ əməliyyatlara etinasız yanaşanları oyatmalıdır. Tərəflər çox qısa müddət ərzində öz mövqelərinə yenidən baxmalı, cəbhə xəttini yenidən çəkməklə hərə öz strateji maraqlarını qorumalıdır. Bu cür fəaliyyətlər Rusiyanın regionda hədsiz gücdən istifadə etməsinin qarşısını ala bilər.
Hazırda Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatların uğursuz alınmasında hamıdan çox maraqlı olan ölkə Türkiyədir. Lakin onun Rusiyaya lazımı cavab verməyi qərara alması çox mürəkkəb məsələdir. Görünür ki, Ankaranın öz gücünü cəmləyib Hələbdəki status-kvonu dəyişməkdən başqa yolu yoxdur.
Mütləq diqqətə alınmalıdır ki, Moskva yerində durmamağa çalışır və bundan sonra daha incə hərəkətlərə baş vuracaq ki, bu da Suriya xalqının problemlərini həll etməyərək, faciəni bir qədər də dərinləşdirəcək.
Aydındır ki, Türkiyə qarşıdurmaya hazırdır və həm də onlar bilirlər ki, ruslarla istənilən toqquşmada tək qalmayacaqlar. Bəs, əks tərəfin cavabı necə olacaq? Bu çox yaxın zamanlarda bəlli olacaq!
AzPolitika.info