Putinin ilkin planları alt-üst oldu
“Ukrayna məsələsində Kreml güzəştə gedə bilər”
"Xeberinfo.com": Rusiyalı politoloq Aleksandr Konovalov bildirir ki, Moskva ilə Kiyev arasında qazla bağlı problemin həlli bütövlükdə Vladimir Putindən asılıdır. Bu barədə əsası 1880-cı ildə qoyulmuş Fransanın “La Croix” qəzeti yazır. Əsasən katolik düşüncəsinə söykənən bu mətbuat orqanı bildirir ki, Aleksandr Konovalov Moskvadakı Strateji Dəyərləndirmələr İnstitutunun prezidentidir. O, narahatdır ki, Ukraynada seçkilərdən Qərb meylli siyasətçilərin qalib çıxması, bu ölkənin şərqində separatçılarla yerli hərbçilər arasında yaşanmış münaqişənin yenidən alovlanmasına təkan verə bilər.
“Belə bir ssenari xeyli real görünür. Separatçılar münaqişəni davam etdirməyə hazırdırlar, ancaq Kreml və Vladimir Putin vəziyyətə baxacaqlar. Əgər bu seçki Ukraynaya stabillik gətirsə, Rusiya Ukraynada sülhyaratma təşəbbüsün genişləndirməli olacaq. İrəlidən gələn qışı da unutmaq olmaz. Ukrayna ordusu münaqişə zonasındakı yerli şəraitə adaptasiya olunmayıb. Separatçılar isə daha hazırlıqlıdır, yerli şərait də onların xeyrinədir. Ancaq hər şey sonda Moskvanın qərarından asılı olacaq”, politoloq qəzetə bildirib.
Separatçılarsa axıra kimi getmək fikrindədir. Onlar artıq hakimiyyətin dadını hiss ediblər. Kreml isə kompromislərə hazırdır. Moskva elə bir görüntü yarada bilər ki, o, olduğu yerindəcə vurnuxur. Ancaq irəliyə və ya geriyə elə bir addım atmır. Bunun üçünsə Moskvaya təminat lazımdır ki, Ukrayna Krım məsələsini yenidən gündəmə gətirməyəcək. Əlbəttə, bu, yazılı anlaşma ilə əldə oluna bilməz. Avropa şübhəsiz ki, Rusiyadan Krımı qaytarmağı tələb edəcək və bu işğalla razılaşmayacaq.
Rusiya Ukraynanın şərq vilayətləri ilə bağlı güzəştə getməklə, buna nail ola bilər. Moskvanın düşüncəsinə görə, Krım məsələsində Abxaziya modeli ən yaxşısıdır. Bu ölkə yarım-müstəqil dövlətdir, ancaq Rusiyanın total nəzarəti altındadır.
“Moskva Ukrayna parlamentində gedən prosesləri yaxından izləyəcək, xüsusən prezidentə bağlı deputatların siyasi gedişlərinə baxacaq. Vladimir Putin Ukrayna prezidentini daha yaxşı tanımağa çalışır, onun gücünü müəyyənləşdirmək istəyir. Poroşenko Putinin nəzərində şəxsi rəqibdir, çünki o, Putinin Ukrayna ilə bağlı ilkin planların alt-üst etdi. Ancaq iki ölkə prezidentinin müntəzəm görüşməsi də, yaxşı əlamətdir”, politoloq bildirib.
Hazırda Qərbin sanksiyalarından daha çox Putini neftin qiyməti narahat edir. Çünki neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına birbaşa təsir edir. Əgər ruslar hiss etsələr ki, onların yaşam standartları aşağı düşür, onda Putinə verilən dəstək sürətlə azala bilər. Bu isə liberallara xeyli üstünlüklər verəcək. Artıq Rusiya hakimiyyətinin yüksəkliklərində liberallar təsir dairəsi yaratmaqdadır. Düzdür, onlar Putinə yaxın birinci dairədən kənardadırlar. Birinci dairədə daha çox millətçilər söz sahibidir.
O ki qaldı qazla bağlı problemə, o iş Vladimir Putinsiz həll oluna bilməz. Putin isə artıq qərar verib. Ukrayna əvvəl aldığı qazın pulun verməlidir. Yalnız bundan sonra yenidən qaz ala bilərlər. Bu isə onun göstəricisidir ki, Rusiya Ukraynadan Qərbə yaxınlaşmanın heyfını çıxır. Müstəqilliyin belə tərəfləri də var...