"Ucuz neft Obama administrasiyasının xarici siyasətlə bağlı planları ilə uzlaşır"
The Washington Post: «Birləşmiş Ştatlar bu yolla bəzi qüvvələrlə hesablaşmış olur»
Xeberinfo.com: Neft ölkələri təşviş içindədir. Proseslərin gedişi, beynəlxalq ekspertlərin və maliyyə qurumlarının proqnozları neft qiymətlərinin yaxın aylarda enməkdə davam edəcəyini göstərir. 2016-da neftin bir barrelinin 16 dollaradək ucuzlaşacağını proqnozlaşdıranlar da var.
Məsələn, Rusiya qarşıdakı il üçün bir barrelin qiymətini 30 dollar götürməli olacağını desə də, bu rəqəmin belə, sabit qalacağından əmin deyil.
Neft ajiotajının yaşandığı günlərdə “The Washington Post” qəzetində maraqlı yazı dərc olunub.
Qəzet yazır ki, neftin qiymətinin ucuzlaşması ABŞ hökumətinə sərf edir. Vaşinqton bu yolla xarici siyasətə dair bəzi vəzifələrini həll etmiş olur. Daha dəqiqi, bəzi qüvvələrlə hesablaşır. Belə ki, hazırkı gedişat Venesuella iqtisadiyyatına mənfi təsir edir, Rusiyanı olduqca çətin vəziyyətə salır, Iranın isə “pul dənizində” üzəcəyi ilə bağlı ümidlərini boşa çıxarır: “Ucuz neft Obama administrasiyasının xarici siyasətlə bağlı planları ilə uzlaşır. Məsələn, Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək, Venesuella prezidenti Nikolas Maduranın populyarlığına son qoymaq və Iranın neftdən gələcək böyük gəlirlərlə bağlı ümidlərini yox etmək”.
“Rusiya və Iran bundan heç bir fayda görməyəcək. Bu dəqiqdir”. Bunu isə qəzetə konsaltinq şirkəti “Rapidan Group”un rəhbəri Robert Maknelli deyib. Maknelli oğul Buşun prezidentliyi dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının enerci məsələləri üzrə rəhbəri olub.
Müəllif yazır ki, adıçəkilən ölkələrlə yanaşı, Kanada, Meksika və Səudiyyə Ərəbistanı da neftin ucuzlaşmasından əziyyət çəkir: “Neft qiymətlərindəki bu kəskin uzuzlaşmanın əsas səbəbi Səudiyyə krallığının neft ixracının həcmini azaltmaqdan imtina etməsidir. Əksinə, krallıq xam mal hasilatını rekorda yaxın səviyyədə saxlayır. Bu da ona bazarda öz payını qorumağa, rəqiblərinin imkanlarını isə məhdudlaşdırmağa imkan yaradır”.