İran-Qərb barışığının Azərbaycana təsiri
İran və "altılıq" ölkələrinin nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması şübhəsiz ki, öz nəticəsini neftin qiymətində və geosiyasi proseslərdə göstərəcək.
"Xeberinfo.com": Təsadüfi deyil ki, razılaşmanın əldə olunmasının ardından dünya bazarlarında neftin bir barelinin qiyməti 1 dollara qədər ucuzlaşıb. İndi düşündürücü məsələlərdən biri bu halın davam edib-etməməsi və razılaşmanının geosiyasi proseslərə necə təsir edəcəyi ilə bağlıdır.
İqtisadçı-ekspert Vüqar Bayramlı hesab edir ki, İranın enerji bazarına daxil olması birmənalı şəkildə neftin dünya bazarı qiymətinə mənfi təsir göstərəcək: “Nəzərə alsaq ki, İran dünyanın ən çox neft hasil edən ölkələrindən biridir. İndi dünya bazarına kifayət qədər böyük neft hasilatına malik köhnə oyunçu daxil olur. Bu aspektdən dünya bazarında neftin qiymətində azalmaların olacağı istisna edilmir. Ancaq kəskin azalmalar gözlənilmir.
Psixoloji olaraq birinci mərhələdə neftin qiymətləri düşəcək və artıq təsir hiss olunmaqdadır. Güman olunur ki, birinci mərhələdə neftin qiyməti hər barell üçün 50 dollara qədər azala bilər. Təbii ki, bu İrana qarşı tətbiq edilən sanksiyaların hansı səviyyədə aradan qaldırılacağından asılıdır.
Sanksiyalar tam aradan qaldırılacaqsa və İran bütün gücü ilə dünya neft bazarına çıxış əldə edəcəksə, təbii ki, bu neftin qiymətinə daha ciddi təsir göstərəcək”.
Azərbaycanın ixracatının 95 faizinin strateji məhsulların təşkil etdiyini qeyd edən iqtisadçı-ekspert hesab edir ki, bu baxımdan Azərbaycan neftin qiymətinin aşağı olmasında deyil, optimal qiymətinin tapılmasında maraqlıdır: “Azərbaycan neftin dünya bazarında kəskin yuxarı olmasına öz marağını nümayiş etdirməyib. Ancaq, optimal, yəni hər barell üçün 80-100 dollar arası formalaşacaq qiymətin olmasında maraqlıdır. Ancaq, razılaşmaq lazımdır ki, mövcud qiymət istehsalçı ölkələrin maraqlarına uyğun deyil”.
V. Bayramov bildirib ki, neftin qiymətinin aşağı düşməsi dövlət gəlirlərinə mənfi təsir göstərəcək, ancaq ciddi problemlərin, iqtisadi böhranın olacağı gözlənilmir: “Çünki, qeyri-neft sektorunun payında artımlar var. Eyni zamanda Azərbaycanın rezervləri belə fors-major hallarda iqtisadiyyatını qorumağa imkan verir.
Azərbaycan hökumətinin son addımları göstərir ki, neftin qiymətinin 50 dollara qədər düşməsinə praktik olaraq hazırlaşır. Bu özünü büdcə gəlirlərində, xərcləmələrində göstərir. Bu ilin birinci yarısında dövlət büdcəsinə cəlb edilən vergilərin 68 faizi qeyri-neft sektorundan yığılıb. Eyni zamanda qeyri-neft sektoruna vergili daxilolmalar 12 faiz artıb”.
İran və "altılıq" ölkələrinin nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasının geosiyasi proseslərə təsirini şərh edən politoloq Fikrət Sadıqov isə bildirib ki, uzun müddət davam edən danışıqların müsbət nəticələri hər iki tərəfin maraqlarına cavab verir: “Son zamanlar İranla razılığın əldə olunmasına Qərb ölkələri daha çox maraqlı idi. Çünki, hazırkı geosiyasi qarşıdurma fonunda İranla münasibətləri yaxşılaşdırmaq, müəyyən mənada neytrallaşdırmaq Qərbin əsas məqsədi idi.
Hesab etmirəm ki, əsas məsələ burada nüvə silahı idi. Çünki, burada münasibətlərin daha dərin kökləri var. Çünki, Qərbdə başa düşürlər ki, İran Yaxın Şərq regionunda anti-Qərb addımlar atırdı. Beləliklə də Qərb ölkələrinin Rusiya ilə qarşıdurma fonunda İranı sakitləşdirmək, kənara çəkmək strateji məqsəd idi. Buna isə müəyyən mənada nail oldular”.
Politoloq hesab edir ki, razılıq əldə edən tərəflər arasında münasibətlər yüksək səviyyədə olmayacaq: “Çünki, tərəflər heç vaxt müttəfiq, partnyor olmayacaq. Ona görə ki, tərəflər regionda baş verənlərə fərqli gözlə baxırlar, mövqeləri radikal şəkildə fərqlidir. Belə bir razılaşma müəyyən dövr üçün müsbət təsirini göstərəcək. Amma, digər bir reallıqda odur ki, İran Qərblə heç vaxt yaxın münasibət saxlamayacaq. Bu reallıqdır. Hesab edirəm ki, bunu həm Qərb, həm də Rusiya yaxşı dərk edir”.
F. Sadıqov Qərb-İran razılaşmasının regiona təsirindən də danışıb: “İran ətrafında yaranan stabillik Azərbaycanın maraqlarına cavab verir. Çünki, İran qonşu, eyni zamanda böyük bir dövlətdir. Bu ölkədə yaşayanların yarıdan çoxu bizim soydaşlarımızdır. İrana qarşı hər hansı bir güc istifadə edilməsi Azərbaycanda da öz əks-sədasını tapacaq. Bu konteksdə razılaşmanın Azərbaycana müsbət təsirləri olacaq”.