Ağciyər Xəstəlikləri İnstitutunda nələr baş verir?:direktora “dur” deyən tapılacaqmı?
Kollektivdə kütləvi narazılıq var, ölüm hadisələri adiləşir və s.
Yenixeber.org: Ötən həftə mediada Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı kəskin ittihamlar yer aldı. İttihamların əsas səbəbkar və hədəfi isə institututun yeni direktoru Həqiqət Qədirova, daha doğrusu onun yeni qaydaları oldu. Bugün isə yenixeber.org-a bu səhiyyə müəssisəsində yaşananlarla bağlı yeni məlumatlar daxil olub. Bu məlumatlara keçməzdən əvvəl xatırladım ki, ötən həftə gününsesi.info-nun yaydığı məlumatlara görə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun xanım direktoru institututun əsaslı təmir xərclərini birmənalı olaraq kollektivin “belinə yükləyib”. Bundan əlavə həmən məlumatlarda direktora yönəlik digər ittihamlar da yer alır:“Yeni direktorun işə təyin olunmasından bir ay keçməmiş həkim və tibb personalını məcbur edir ki, institutu təmir etdirək. Hər kəs çalışdığı şöbəni yenidən təmir etsin, elektrik, su xətlərini yeniləsin, məgər büdcədə pul yoxdur? Təbii var. Sadəcə, həmin pullar yeyilib, təmir isə lazımi səviyyədə aparılmayıb. Axı nəyə görə təmiri xəstəxananın kollektivi etməlidir? Dövlət müəssisəsidir e.. bu xəstəxana. Dövlət də onun bütün xərclərini ödəyir”.
Mənbə iddia edir ki, H.Qədirova vərəm üzrə mütəxəssis deyil: “O, vərəm üzrə mütəxəssis deyil, mikrobioloqdur. Lakin vərəmə aid hər şeyə qarışır. Ölüm hadisələri olur, lakin bütün bunlar müzakirə edilmir. Əsas problemimiz budur. Vərəmlə, infeksiyayla işləyə-işləyə bizə deyir ki, xəstədən aldığınız 3-5 manatla xəstəxananı təmir etdirin. Heç kim də ağzını açıb danışa bilmir. Çünki onun nazirliklə əlaqəsi var. Çünki səhiyyə naziri Oktay Şirəliyev onu şəxsən özü bura işə gətirib. Ona görə də onun yanında özünü yaxşı adam kimi göstərir. Qaynar xəttə zəng edə bilmirik. Hamı indiki ağır iqdisadi durumda işini itirməkdən qorxur. Xəstəxananın bütün müəssisələrində təmir gedib. Akuşer-ginekologiya, elmi-tədqiqat və digər müəssisələrinin hamısını təmirini dövlət öz üzərinə götürüb və bu işləri də həyata keçirib. Ən ağır sosial vəziyyət vərəm müəssisəsindədir. Ən ağır, sosial vəziyyəti çətin, ən kasıb xəstələr də vərəmdədir. Biz burada nə qazanırıq ki, müəssisəni də öz hesabımıza təmir etdirək. Büdcə nəyə görə vərəmdən müalicə müəssisəsinə pul ayırmır? Əgər ayırırsa da, hanı həmin pullar? Bundan əvvəlki, ondan insaflıydı. Allah üçünə biz də yığışıb elədik. Sonunda burada çalışırıq. İş şəraitimiz yaxşılaşdı. Hardan alaq? Bu soyuqda xəstələri içəri keçməyə qoymur. Bayırda uzun-uzadı növbəyə dayanırlar. Heç kimi qəbul etmir, dinləmir”.
***
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verənlərlə bağlı yenixeber.org-a daxil olan məlumatlara görə əslində təmir adı ilə xanım direktor bütün xəstə qəbullarını və digər “vacib olanları” şəxsən nəzarətinə almağa çalışır. Artıq institutun Qəbul şöbəsi, rentgen, Lor şöbəsi, ginekoloqlar, uroloqlar, stomatoloqlar və digər həkimlər bir mərkəzdə-Lobaratoriyanın boşaldılmış 10-a yaxın otaqlarında cəmlənir. İnstitutun fəaliyyətində müstəsna rolu olan Lobaratoriya isə kitabxananın uçuq-salxaq 5-3 otağına köçürülür. Belə şərait isə həm Lobaratoriyanın, həm də sadaladığımız digər şöbə və həkimlərin fəaliyyətini de-fakto “iflic edir”.
Kollektivin narazılığı isə nə institut rəhbərliyi, nə də yuxarı instansiyalar tərəfindən eşidilmir. Nəticədə isə ölkə səhiyyəsində xüsusi çəkisi ilə tanınan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu fəaliyyətsiz duruma düşməkdədir.
Yeri gəlmişkən direktorun heç bir xəstəni, şikayətçini qəbul etməməsi də verilən məlumatlar sırasındadır. Maraqlıdır ki, xanım Həqiqət Qədirova belə bir səhiyyə müəssisəsinə rəhbərlik etməklə yanaşı, həm də Azərbaycan Tibb Universitetində tədrislə də məşğuldur(?)
Srağagün (11.03.2017) İnstitutda uşaq ölümü kimi bir faciənin yaşanmasında da direktorun sorğu-sual ediləcəyi gözlənilir. (Bu hadisə ilə bağlı qarşıdakı günlərdə geniş yazmağa çalışacağıq.) Məlumata görə məhz xanım direktorun rəsmi icazəsi lazım imiş ki, uşaq başqa şöbəyə köçürülsün. Amma,... hansısa səbəblərdənsə bu rəsmi icazə olmayıb.
Bu və digər faktlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Sabir