Təmir xərcləri həkimlərin üzərinə qoyulub? -ŞOK İTTİHAM
Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda kollektiv bir-birinə dəyib.
Yenixeber.org: Gununsesi.info-ya bu haqda məlumat verən mənbənin sözlərinə görə, buna səbəb kollektivə yenicə direktor təyin edilən Həqiqət Qədirovanın xəstəxanın təmir işlərinin xərclərini kollektivin üzərinə qoymasıdır. İnstitutun həkimləri iddia edirlər ki, Həqiqət Qədirova onları məcbur edir ki, xəstəxananı təzədən təmir etdirsinlər: “Yeni direktorun işə təyin olunmasından bir ay keçməmiş həkim və tibb personalını məcbur edir ki, institutu təmir etdirək. Hər kəs çalışdığı şöbəni yenidən təmir etsin, elektrik, su xətlərini yeniləsin, məgər büdcədə pul yoxdur? Təbii var. Sadəcə, həmin pullar yeyilib, təmir isə lazımi səviyyədə aparılmayıb. Axı nəyə görə təmiri xəstəxananın kollektivi etməlidir? Dövlət müəssisəsidir e.. bu xəstəxana. Dövlət də onun bütün xərclərini ödəyir”.
Mənbə iddia edir ki, H.Qədirova vərəm üzrə mütəxəssis deyil: “O, vərəm üzrə mütəxəssis deyil, mikrobioloqdur. Lakin vərəmə aid hər şeyə qarışır. Ölüm hadisələri olur, lakin bütün bunlar müzakirə edilmir. Əsas problemimiz budur. Vərəmlə, infeksiyayla işləyə-işləyə bizə deyir ki, xəstədən aldığınız 3-5 manatla xəstəxananı təmir etdirin. Heç kim də ağzını açıb danışa bilmir. Çünki onun nazirliklə əlaqəsi var. Çünki səhiyyə naziri Oktay Şirəliyev onu şəxsən özü bura işə gətirib. Ona görə də onun yanında özünü yaxşı adam kimi göstərir. Qaynar xəttə zəng edə bilmirik. Hamı indiki ağır iqdisadi durumda işini itirməkdən qorxur. Xəstəxananın bütün müəssisələrində təmir gedib. Akuşer-ginekologiya, elmi-tədqiqat və digər müəssisələrinin hamısını təmirini dövlət öz üzərinə götürüb və bu işləri də həyata keçirib. Ən ağır sosial vəziyyət vərəm müəssisəsindədir. Ən ağır, sosial vəziyyəti çətin, ən kasıb xəstələr də vərəmdədir. Biz burada nə qazanırıq ki, müəssisəni də öz hesabımıza təmir etdirək. Büdcə nəyə görə vərəmdən müalicə müəssisəsinə pul ayırmır? Əgər ayırırsa da, hanı həmin pullar? Bundan əvvəlki, ondan insaflıydı. Allah üçünə biz də yığışıb elədik. Sonunda burada çalışırıq. İş şəraitimiz yaxşılaşdı. Hardan alaq? Bu soyuqda xəstələri içəri keçməyə qoymur. Bayırda uzun-uzadı növbəyə dayanırlar. Heç kimi qəbul etmir, dinləmir”.
Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnistitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə yaratmağa çalışsaq da, köməkçisi dəstəyi institutun təsərrüffat məsələləri üzrə dürektor müavini Asif Balayev cavab verdi. O əməkdaşımızla söhbətində bildirib ki, hazırda müəssisədə təmir işləri aparılmır. Təmir xərclərinin tibb personalının üzərinə qoyulmasına gəlincə isə o: “Belə bir şey yoxdur”-, deyib.