RUSİYA DƏRSLİYİNDƏ TÜRKMƏNÇAY SAXTAKARLIĞI –Müqaviləyə “Şərqi Ermənistan” anlayışı “calaq edilib”
Azərbaycana qarşı erməni təcavüzü təkcə ərazi, hərbi, siyasi müstəvidə deyil, tarixin saxtalaşdırılması istiqamətində də daim özünü göstərib. Və ən pisi odur ki, bu saxtakarlıq artıq çoxdandır Ermənistanın hüdudlarını aşaraq, ayrı-ayrı dünya ölkələrinin mətbuatına, hakimiyyət dairələrinə, təhsil müəssisələrinə, hətta dərsliklərinə yol tapıb.
Yenixeber.org: Ermənilərin və onların havadarlarının tarixi növbəti dəfə saxtalaşdırması faktı Rusiyanın 9-cu siniflər üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX əsr - XX əsrin əvvəlləri” dərsliyində üzə çıxıb. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən tövsiyə olunan dərslikdə 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış və Azərbaycanın parçalanmasına xidmət edən Türkmənçay Müqaviləsi təhrif olunub, tarixi faktlar saxtalaşdırılıb. Dərslikdə qeyd olunur ki, guya Şərqi Ermənistan (?) 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Rusiyaya verilib. Hansı ki, istər Türkmənçay Müqaviləsinin imzalanmasından əvvəl, istərsə də sonra heç bir halda “Şərqi Ermənistan” adında ərazidən söhbət getməyib və tarixdə belə bir fakt yoxdur. Tarixi fakt və müqavilənin bütün dünya tarixinə məlum olan mahiyyəti ondan ibarətdir ki, razılaşmaya görə, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasına verilib, vəssalam. Heç bir “Şərqi Ermənistan” ifadəsi müqavilədə yer almayıb.
Bu müqavilə bir növ 1813-cü ildə imzalanmış Gülüstan Müqaviləsinin davamı və Azərbaycanın bölünməsinin, parçalanmasının növbəti mərhələsi kimi tarixə düşüb. 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay Müqaviləsi ilə Azərbaycanın Arazın güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya qatılıb. Türkmənçay Müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək olub və əslində bu, bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi.
Rusiyada dərc edilən sözügedən dərsliyin müəllifləri - Leonid Lyaşenko, Oleq Volobuyev və Yelena Simonova isə rusiyalı uşaqlara saxta tarix öyrədirlər. Kitabın annotasiyasında qeyd olunur ki, guya bu dərslik tarixi və mədəni standarta uyğun hazırlanıb və tələbələrin zehinsəl maraqlarını inkişaf etdirməyə yönəldilib. Hansı ki, dərsliyin qeyd etdiyimiz hissəsi ermənilərin havadarlarının onlar üçün növbəti “saxtakarlıq jesti”ndən başqa bir şey deyil. Bu yalanı, saxtakarlığı orta məktəb dərsliyinə salanlar, əslində, növbəti dəfə Azərbaycana qarşı erməni təcavüzünün arxasındakı gerçək simaları üzə çıxarır və Rusiya imperiyasının mahiyyətcə, xislətcə qəti dəyişmədiyini göstərir. Eyni zamanda, bu dərslikdə qeyd olunanlar Azərbaycandakı bir çox “rusbaşlar”ın nəticə çıxarmalı olduqları, imperiyanın, Kremlin hansı tərəfdə, kimin arxasında durduğunu sübut edən növbəti ibrətamiz və danılmaz faktdır. Tarixə dair bu və buna bənzər kitablar həmçinin, Rusiya cəmiyyətində, rusiyalı məktəblilərdə tarixi həqiqətlər barədə yanlış təsəvvür yaradaraq, Ermənistan-Azərbaycan münaqişəsinin gerçək səbəbləri, tarixi barədə saxtakarlığa əsaslanan səhv fikir formalaşdırır.
Ola bilsin ki, “Rusiya tarixi. XIX əsr - XX əsrin əvvəlləri” dərsliyindəki bu saxtakarlıqdan Azərbaycan Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi də xəbərdardır. Əgər xəbərdar deyillərsə, artıq agah olsunlar. İndi söz onlarındır. Sadaladığımız bu qurumlar, eləcə də, Rusiya Federasiyasındakı aparıcı diaspor təşkilatlarımızın vəzifələrindən biri sözügedən tarixi saxtalaşdırmaq cəhdinin qarşısını almaq, bu məsələni Rusiyanın müvafiq dövlət qurumları qarşısında qaldırmaqdır.
“azpolitika”