Yenixeber.org: Dünya alman faşizmi üzərində qələbənin 75-ci ildönümünü qeyd edir. Faşizm birdə-birə yaranmadı, göydən zənbillə yerə enmədi, onu doğuran, populyarlaşdıran səbəblər var idi. Biz bu gün də Avropada, elə Almaniyanın özündə də, radikal sağçı, millətçi, irqçi qüvvələrin dirçəldiyini görürük. Ən maraqlı və paradoksal detallardan biri budur ki, faşizm üzərində qələbinin ildönümlərini hər il təntənə ilə qeyd edən (bu il koronavirus mane oldu) və bu qələbədən “yumşaq güc” kimi öz xarici siyasət məqsədləri üçün yararlanan bugünkü Rusiya Qərbdəki radikal, hətta faşist qüvvələri dəstəkləyir, həmin qüvvələr də öz növbəsində liberal-demokratik sistemlərə qarşı mübarizələrində Moskvanı müttəfiq kimi görürlər. Şübhəsiz ki, bu vəziyyətin yaranmasına Qərbdəki elitaların xalqdan uzaqlaşmasının, sosial ədalətsizliyin, milli gəlirin bölüşdürülməsindəki kəskin disbalansın, zənginlər daha da zənginləşdiyi halda, orta və alt təbəqələrin yerində saymasının və digər faktorların ciddi təsiri var. Halbuki heç də uzaq olmayan keçmişdə bənzər səbəblər Avropada və bütün dünyada böyük fəlakətlərə gətirib çıxarıb. Bu, bir daha göstərir ki, tarixi unutmaq olmaz, ondan lazımi dərsləri çıxarmaq həm ölkələrin, həm də bütün dünyanın gələcəyi baxımından zərurətdir…
1871-ci ildə alman dövlətlərinin birləşməsindən sonra milli identiklik və almanları birləşdirən vahid dəyərlər sisteminin axtarışları başlamışdı. Almanlar kimdir? Alman olmaq nə deməkdir? Bu suallara cavablardan biri kimi “Volk” (xalq) konsepsiyası ortaya çıxdı. Eyni dildə danışan, fərqli məzhəblərə etiqad etsə də, eyni mədəni irsin davamçıları olan, əcdadlarından miras qalmış torpaqlara sıx bağlı olan insanların birliyi volkiş (völkish – xalq hərəkatı) adlanırdı. Bu konsepsiya urbanizasiya, industrializasiya və bunun nəticəsində ətraf mühitin çirklənməyə başlaması kimi tendensiyalara qarşı alman kənd həyatının dəyərlərini, meşənin qüdrətini önə çəkirdi. Konsepsiyanın ideoloqlarından olan professor Henrix Ril şəhərləşmənin və sənayeləşmənin, xüsusən dəmir yollarının çəkilməsinin kənd həyatına, alman xalqının ənənəvi həyat tərzinə böyük təhlükə yaratdığını yazırdı.
1936-cı ildə nasistlərin təbliğat naziri Göbbelsin göstərişi ilə meşənin gücünü və kəndliləri tərənnüm edən film çəkilmişdi. Orada bildirilirdi ki, “bizim əcdadlarımız meşə xalqı olub və xalqımız meşə kimi əbədi olacaq.” Ölkədə millətçi-irqçi yönümlü gənclər təşkilatlarının sayı artırdı. Bunlardan biri olan “Vanderfogel” (Köçəri quş) gənc oğlan və qızları kəndlərə qayıtmağa və alman xalqı ilə təbiət arasında əlaqəni bərpa etməyə çağırırdı. Digər populyar gənclər təşkilatı Alman Gimnastika İttifaqı idi. Bu qurumun simvolu dörd F-dən ibarət svastika idi: Frisch (gümrahlıq), Fromm (inanc), Frölich (sevinc), Frei (azadlıq). Bütün bunlar nasist ideologiyası və simvollarının ortaya çıxmasına ciddi təsir göstərdi.
Yəhudilər “Volk” konsepsiyasına uyğun gəlməyən və alman kənd həyatına təhlükə törədən şəhərli yad ünsür kimi qəbul edilirdi. Fransız Jozef de Qobino, ondan təsirlənən ingilis əsilli almaniyalı Hyuston Stüart Çemberlen kimi sosioloq-yazarların arilərin ali irq olması barədə irəli sürdükləri nəzəriyyə; ingilis psixoloqu-antropoloqu Frensis Qalton (Darvinin yaxın qohumu) tərəfindən irəli sürülən və genefondun sterilizasiyasını nəzərdə tutan yevgenika təlimi, bunun təsiri ilə alman həkim Alfred Pletz tərəfindən səsləndirilən və əsaslandırılan “irqi gigiyena” ideyası, Pangerman İttifaqının prezidenti Henrix Klassın “Əgər mən imperator olsaydım” kitabında yəhudilərin təsirini aradan qaldıraraq millətin sağlamlaşdırılması ideyasını ortaya atması nasistlərin ideoloji bazasının formalaşmasında böyük rol oynadı.
Hitlerin yüksəlişi
Avstriyalı rəssam Adolf Hitler I Dünya müharibəsinə könüllü getmişdi və Almaniyanın böyük qələbələrini görməyi və bu zəfərlərdə pay sahibi olmağı arzulayırdı. Bunun əvəzində o, rüsvayçı və travmatik məğlubiyyətə şahidlik etdi. Hitler bu durumu qəbul etmirdi və günahkar axtarırdı. 1919-cu ildə keçmiş əsgər yoldaşı və adaşı Hemlixə məktubunda yəhudiləri nəzərdə tutaraq yazırdı: “Bizim aramızda bizə yad bir qəbilə yaşayır, onlar sahib olduqları heç nəyi qurban vermək istəmirlər, amma bizimlə eyni hüquqlara malikdirlər. Din, demokratiya, sosializm onlar üçün yalnız pul qazanmaq ehtiraslarını təmin etməyə yönəlmiş vasitələrdir. Onların fəaliyyəti millətin içində irqi tuberkulyoz yaradır.”
Güman olunur ki, Hitlerin antisemitik dünyagörüşü hələ müharibədən əvvəl formalaşıb. O, Vyana burqomstri Karl Lügerə böyük rəğbət bəsləyirdi. Lüger yəhudilərə nifrət edirdi və bildirirdi ki, bu xalqın media və kapital üzərində nəzarəti təhlükəlidir, xristianları düşmən yəhudilərin hökmranlığından azad etmək lazımdır.
Müharibədəki məğlubiyyət və imzalanan təslimçi sülh müqaviləsi alman toplumunda Hitler kimi düşünənlərin və yəhudiləri günahkar çıxaranların sayının artmasına səbəb olmuşdu. Sülhdən, eləcə də Rusiyada bölşevik inqilabından sonra Almaniyada sol-kommunist qüvvələr güclənməyə başlamışdı, kommunistlərin mətbuatı tezliklə Almaniya üzərində də qırmızı bayrağın dalğalanacağını və ölkənin sovet respublikasına çevriləcəyini yazırdı. Bu yöndə praktik addımlar da atıldı. 1919-сi ilin aprelində Rusiyada doğulmuş yəhudi kommunist Yevgeni Levine Bavariya Sovet Respublikasını elan etdi, amma heç bir ay keçməmiş bu “respublika” fraykorlar (Freikorps — azad korpus) tərəfindən darmadağın olundu. (Nədənsə, “Donetsk Xalq Respublikası” yadıma düşdü.) Bu hadisədən sonra bəzi almanların şüurunda bolşevizm və iudaizm eyniləşməyə başladı, çünki ümumdünya sosialist-proletar inqilabı təşkil etmək istəyən Rusiya bolşeviklərinin əksər liderləri yəhudilər idi. Bu əhval-ruhiyyə ölkədə antisemit təşkilatların getdikcə artması ilə nəticələndi. Bunlardan biri “Almanların qədimliyini öyrənən qrup” (Tule Cəmiyyəti) idi. Bu cəmiyyətin rəhbərlərindən olan şair-dramaturq Ditrix Ekkart Hitler üzərində çox böyük təsirə malik olub. Ekkartı “Hitler fenomenini yaradan adam” adılandırmaq mübaliğə olmaz.
D.Ekkart Münhendə Alman Fəhlə Partiyası (Deutsche Arbeiterpartei – DAP) adlı kiçik radikal sağçı qrupu dəstəkləyirdi. Hitler 1919-cu ilin sentyabrında Ekkartın vasitəsilə bu qrupun Münhen pablarından birində keçirilən toplantısına qatılır. Hitlerin bəlağətli nitqi partiyanın sədri, dəmiryolçu Anton Drekslerin diqqətini cəlb edir. Dreksler gənc natiqi partiyaya dəvət edir. Ekkart Hitlerin başqalarına anormal görünən xüsusiyyətlərini – səbirsizliyini, normal müzakirə aparmaq qabiliyyətinin olmamasını, öz fikirlərini mütləq həqiqət kimi qəbul etməsini, emosionallığını yüksək qiymətləndirirdi. Ekkart çox doğru olaraq proqnozlaşdırmışdı ki, gün gələcək, bütün dünya Hitlerdən danışacaq. Hitler də Ekkarta böyük ehtiram duyurdu, etiraf edirdi ki, onunla görüşənə qədər intellektual baxımdan çox kasad olub. Alman Fəhlə Partiyasının 1920-ci ilin fevralında Münhendəki məşhur “Hofbroyhaus” (Hofbräuhaus) pivə restoranında keçirilən toplantısında təşkilatın adı dəyişdirilərək Alman Nasional-Sosialist Fəhlə Partiyası (Nationalsozialistische Deutsche Arbeiterpartei – NSDAP) adlandırılır. Hitler 25 maddəlik proqramla çıxş edir. 4-cü maddədə yazılmışdı: “Almaniya vətəndaşı yalnız alman xalqına mənsub və dini mənsubiyyətindən asılı olmayaraq, damarlarında alman qanı axan şəxslər ola bilər. Heç bir yəhudi alman xalqına aid edilə və alman vətəndaşı ola bilməz.”
NSDAP-ı doğuran səbəblər onu tədricən populyarlaşdırırdı. Məsələn, 1923-cü ildə Fransa və Belçika orduları Almaniyanın Reyn vilayətini (Rur hövzəsi) işğal edir. Veymar hökuməti çarəsiz qalır, almanlar yenə özünü alçaldılmış hiss edir və nasistlərin sıralarına müəyyən axın yaranır. Həmin il Münhendə nasistlər “Pivə qiyamı” kimi tarixə düşən çevriliş cəhdi edirlər, lakin uğursuzluğa düçar olurlar. Hitler həbs edilir və dövlətə xəyanətdə ittiham olunur. Hakim Georq Nethard nasistlərin ideyalarına simpatiya duyduğundan ona sonradan şərti olaraq azadlığa çıxmaq şansı verən ən minimal cəzanı kəsir. Hitler məhkəmə kürsüsündən təbliğat məqsədilə istifadə edir, 9 ay həbsdə yatır, burada yaxın dostu, mühafizəçisi və sürücüsü, SS-in 2 saylı üzvü Emil Morisə öz məşhur kitabını (Mein Kampf – Mənim mübarizəm) diktə edir…
NSDAP – dibdən zirvəyə
Lakin Hitler içəridən çıxdıqdan sonra ölkədə vəziyyət dəyişmişdi. Almaniya üçün reparasiya (qalib dövlətlərə ödənən kompensasiya) şərtləri yumşaldılmış və restrukturizasiya edilmişdi, Rur regionunun işğalına son qoyulmuşdu, ABŞ Almaniyaya kreditlər verir və bu da reparasiya ödənişlərini asanlaşdırırdı. Milli valyuta sabitləşmişdi. Bu pozitiv amillər Hitlerin ideyalarına və kitabına marağı azaltmışdı, 1929-cu ilə qədər kitabın 2-ci cildindən cəmi 15 min nüsxə satılmışdı. Hətta İtaliya faşistlərinin lideri Mussolini kitabın çox darıxdırıcı olduğunu və sona qədər oxumağa hövsələsi çatmadığını söyləmişdi. 1928-ci ildə Reyxstaqa keçirilən seçkilərdə NSDAP cəmi 2,6% səs almışdı. Lakin bundan cəmi 5 il sonra Adolf Hitler reyxkansler oldu. Bu, necə baş verdi?
ABŞ-da 1929-cu il Böyük depressiyası başladıqdan sonra Veymar Respublikasının iqtisadiyyatı çökdü. ABŞ kreditlərinin kəsilməsi Almaniyada ağır böhrana səbəb oldu, işsizlik rekord səviyyələrə çıxdı. (Yeri gəlmişkən, bu fakt o vaxt üçün də, elə indi də ABŞ-ın stabilləşdirici rolunun önəmini göstərir.) Nəticədə 1930-cu ildə keçirilən parlament seçkilərində NSDAP 18%-dən çox səs alaraq Reyxstaqda ikinci böyük partiya oldu. Nasistlərin əsas seçici kütləsi protestant alman kəndliləri idi, amma problemlərin ağırlaşması onların sosial bazasını genişləndirdi.
Yəni, nasistləri böyüdən əsas səbəblər Versal sülhünün alçaldıcı şərtləri və ya antisemitizmin populyarlığı deyildi, sosial-iqtisadi problemlər idi. Bunu Hitler də yaxşı anladığı üçün 1930-cu il seçkilərindən sonra ritorikasını məhz bu problemləri dilə gətirərək çıxış yollarını göstərməyin üzərində qurmağa başladı. Almanlar ciddi dəyişikliklər tələb edirdi, gələcəyin führeri isə onların nəbzini tutmağı bacarmışdı. Məhz bu dalğada 1932-ci il seçkilərində NSDAP öz səsini 37%-ə yüksəltdi və Adolf Hitler Almaniya reyxkansleri oldu. Sonrası az və ya çox, hər kəsə məlumdur…