Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml nekropolu –Milyonları torpağa gömən liderlərin gömüldüyü məkandan reportaj

 

 

Yəqin ki, Moskvaya ən qısamüddətli səfərə gedənlər belə, vaxt məhdudiyyətinə baxmayaraq Qırmızı meydanı, Kremli görməyə böyük həvəs və maraq göstərirlər. Bir çox hadisələrlə dünya tarixinə həkk olunan bu ərazi arxitektura baxımından nə qədər zəngindirsə, ictimai-siyasi və tarixi baxımdan da bir o qədər maraqlıdır. 

Yenixeber.org: 28 hektara yaxın ərazidə yerləşən Kremlin divarları üçbucaq şəklindədir. Quruluşu və rəngi ilə göz oxşayan bu divarlar çox hündürdür və bu hündür divarların o üzündə, görünməyən tərəfində 70 il Sovet İttifaqı Kommunist Partiyasının rəhbərləri fəaliyyət göstəriblər, Kreml baş katiblərin rəsmi iqamətgahı olub. Vladimir İliç Lenin, İosif Stalin, Nikita Xruşov, Leonid İliç Brejnev, Yuri Andropov, Konstantin Çerneneko və Mixail Qorbaçov SSRİ-nin siyasətini məhz burada müəyyənləşdiriblər.
Hazırda isə Kreml Rusiya Federasiyası prezidentinin rəsmi iqamətgahıdır. Sülh və müharibə anonsları, bəyanatlar, qərarlar, dünyanın siyasi gedişatına təsir, təzyiq, müdaxilə planları Kremldə hazırlanır. Bəli, heç vaxt siyasi dəbdən düşməyən, Moskvanın siyasi beyni olan Kreml dünyanın siyasi monitorunda həmişə onlayn vəziyyətindədir.

Kremllə bağlı maraqlı məqamlardan biri isə odur ki, vaxtilə orada yüksək vəzifələdə işləyənlər, baş katiblər, Mərkəzi Komitənin katibləri, Siyasi Büronun üzvləri indi də çox uzaqda deyillər. Siyasilər Kreml divarlarının o üzündən, bu üzünə transfer olunublar, onlar Kreml divarları qarşısındakı məzarlıqda (Kreml nekropolu) dəfn olunublar. Yalnız 4 nəfər dövlət xadimi - Nikita Xruşov, Nikolay Podqornı, Anastas Mikoyan və Andrey Qromıko üçün burada yer “tapılmayıb”.
Brejnevin hakimiyyəti illərində, 1971-ci ildə vəfat edən Xruşovu Kreml divarları önündə dəfn etməyi Siyasi Büro məqsədəuyğun saymayıb. Xruşov Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

1965-1977-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan Nikolay Podqornı 1983-cü ildə vəfat edəndə, ümumiyyətlə Kremldə onun dəfn mərasimi ilə bağlı maraqlanan olmayıb. O da Novodeviçye qəbirstanlığında dəfn edilib.
Anastas Mikoyan və Andrey Qromıko isə özlərinin vəsiyyəti və ailələrinin istəyi ilə Novodeviçye qəbirstanlığında “qərarlaşıblar”.

Kreml məzarlığı dörd hissəyə bölünür.

Birincisi 1917-1925-ci illərdə eyni məzarda dəfn olunanlardır. 1917-ci il noyabr inqilabı zamanı üsyanda ölən 238 nəfər 75 metr uzunluqda olan məzarda dəfn olunub. Onlardan yalnız 57 nəfərin kimliyi bilinib. Daha sonra 1919-1925-ci illərdə eyni uzunluqda ikinci məzarlıq salınıb və bu məzarlıqda 122 nəfər dəfn olunub. Ümumilikdə 350 nəfərdən artıq insanın dəfn olunduğu bu iki məzarlıqda 110 nəfərin kimliyi məlumdur. Hər iki məzarlığın üzərinə qranit daşdan xatirə lövhəsi vurulub və üzərinə “Qardaşlıq qəbirstanlığı” sözü yazılıb.

Kremlin ikinci məzarlığı Lenin mavzoleyidir. 1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib. Digər tərəfdən, Mərkəzi Komitəyə ünvanlanan şoxsaylı teleqramlar və məktublar bu məsələnin həllinin xalqın tələbləri səviyyəsində həyata keçirilməsi zərurətini yaradıb.

Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qırmızı meydanda xüsusi mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılsın.

Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.

Stalin isə mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunub. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.

Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, uzun müzakirələrdən sonra Leninin meyidinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o, meyidin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.

Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyidin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası Leninin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər.
Ağacdan tikilmiş mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva hərbi qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb. Yalnız uzun illər sonra, 6 oktyabr 1993-cü ildə Moskva baş mühafizə idarəsinin rəisinin əmri ilə mavzoleydəki qaravul xidməti ləğv olunub.

Leninin cəsədini daim nəzarətdə saxlamaq üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək.

Bu gün də Leninlə “görüşmək” üçün Qırmızı meydanda uzun-uzadı növbələr düzlənir. Amma SSRİ dövründən fərqli olaraq mavzoleyə çanta, fotoaparat və digər əl əşyaları ilə keçməyə icazə verilir. Xüsusi keçiddə yoxlandıqdan sonra foto və video çəkilişlərin qadağan olunması haqqında xəbərdarlıq edilir. Mavzoleyə daxil olanda isə baş geyiminin çıxarılmasının mütləq şərt olması ziyarətçilərə başa salınır. Leninin nəşinin qarşısından keçəndə dayanmaq və əyilmək (baş əymək yox, sadəcə daha yaxından görmək) qadağandır.

Kreml məzarlığının üçüncü hissəsi tanınmış ictimai, hərbi və dövlət xadimlərinin nəşinin yandırılaraq külünün Kreml divarlarına yerləşdirilən hissəsidir. Bura 115 nəfərin nəşinin külü yerləşdirilib və üzərinə xatirə lövhələri vurulub. Məzarlığın bu hissəsində daha çox ziyarət olunanlar kosmonavt Yuri Qaqarin və marşal Georgi Jukovdur. Məzarlıq bələdçisinin söylədiklərinə görə, bu şəxslərin qarşısında dayananların sayı daha çox olur. Sonuncu dəfə Kreml divarlarına 20 dekabr 1984-cü ildə marşal Dmitri Ustinovun nəşinin külü yerləşdirilib.

Dördüncü hissə isə Kreml divarları qarşısında tabutda dəfn olunaraq məzarüstü büstləri qoyulan dövlət xadimləridir. Bu hissədə ilk dəfə olaraq 18 mart 1919-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri Yakov Sverdlov dəfn olunub.
Sonralar burada daha 11 nəfər, 3 noyabr 1925-ci ildə SSRİ İnqilabi Hərbi Sovetin sədri Mixail Frunze, 22 iyul 1926-cı ildə inqilabçı, hərbi xadim, SSRİ Birləşmiş Dövlət Siyasi İdarəsinin sədri Feliks Dzerjiniski, 6 iyun 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin, 5 sentyabr 1948-ci ildə Mərkəzi Komitənin katibi Andrey Jdanov, 1 noyabr 1961-ci ildə İosif Stalin (mavzoleydən çıxarıldıqdan sonra), 6 dekabr 1969-cu ildə SSRİ-nin müdafiə komissarı, marşal Kliment Voroşilov, 30 oktybar 1973-cü ildə marşal Semyon Budyonnı, 29 yanvar 1982-ci ildə Mərkəzi Komitənin katibi Mixail Suslov, 15 noyabr 1982-ci ildə baş katib Leonid İliç Brejnev, 14 fevral 1984-cü ildə baş katib Yuri Andropov, 13 mart 1985-ci ildə baş katib Konstantin Çernenko dəfn olunublar.

Dəfn olunanların arasında Yuri Andropovun məzarüstü büstü daha tünd rəngdədir. Yəqin ki, sabiq DTK şefinin tünd xarakteri heykəltaraşın da diqqətindən yayınmayıb.

Bələdçinin söylədiklərindən, xatirə dəftərindəki qeydlərdən məlum olur ki, bu sırada daha çox ziyarət olunanlar İosif Stalin və Leonid İliç Brejnevdir. Şəxsi müşahidələrimdən də bir daha bunun şahidi oldum.

Onu da qeyd edim ki, bələdçilərə jurnalist vəsiqəsini təqdim edəndə onlar millətindən, hansı ölkədən olduğundan asılı olmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələrinə xüsusi həssaslıq və diqqətlə yanaşırlar. Təbii ki, bu məndə də böyük məmnunluq hissi yaratdı.

Kreml məzarlığının dörd hissəyə bölünməsi rəsmi deyil, daha aydın izah üçün şərti bölgüdür.

Qırmızı meydan ətrafında insanların daha çox ayaq saxladığı məkanlardan biri də Tarix muzeyinin qarşısında ucaldılmış marşal Georgi Jukovun abidəsidir. Abidənin ucaldılması üçün 1990-cı illərin əvvəllərində müharibə veteranları Rusiya rəhbərliyinə, Moskva hökumətinə dəfələrlə müraciət ediblər. Əvvəl belə qərara alınıb ki, abidə Moskvanın rayonlarının birində qoyulsun. Amma 1993-cü ildə Boris Yeltsinin göstərişi ilə abidənin qoyulacağı məkanla bağlı müzakirələrə son qoyulub. Yeltsin abidənin Tarix muzeyinin qarşısında qoyulması ilə bağlı qərar verib. Müxtəlif şirkətlər, kommersiya təşkilatları abidənin hazırlanması üçün sponsorluq etməyə hazır olsa da, abidəyə 3 milyon 200 min dollar vəsait dövlət büdcəsindən ayrılıb. 8 may 1995-ci ildə, alman faşizmi üzərində qələbənin 50 illiyi ərəfəsində abidənin açılışı olub.
Qırmızı meydanda diqqət çəkən anlardan biri də Kremlin Spasski qülləsindəki saatın səsidir. Hər saatbaşı vurğu səsləri sovet dövründə olduğu kimi qalsa da, dəyişməsə də, Moskva çox dəyişib, siyasəti də, insanları da, şəhərin ümumi mənzərəsi də...(musavat)

İlham Cəmiloğlu

Fotolor: Anar Nazimoğlu

Moskva şəhəri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam