Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hərbi xidmətə yararsız əsgər ordu generalı, ali baş komandan oldu –Andropovun sərt üzü və kadr siyasəti

 

Yenixeber.org: İstənilən siyasi lider üçün düşündüyü islahatları, nəzərdə tutduğu dövlət proqramlarını və digər planlarını həyata keçirməyə, təbii ki, 15 ay yetərli bir müddət deyil. Amma bu müddətin azlığına baxmayaraq, Yuri Andropov SSRİ-nin birinci şəxsi olaraq siyasi fəaliyyətində bir çox hadisələrlə yadda qalıb.

Əslində Andropovun hakimiyyətə gəlməsi gözlənilməz və müəmmalı bir hadisədir. Birincisi, ona görə ki, SSRİ-nin mövcud qanunlarına görə ailə üzvlərindən birinin məhkumluğu olduğu halda şəxs dövlət orqanlarında işləyə bilməzdi. Andropovun doğma oğlu isə iki dəfə məhkumluq həyatı yaşayıb və bu hadisə Andropovun bütün rəsmi tərcümeyi-hallarında “ustalıqla” gizlədilib.

İkincisi, SSRİ dövründə dövlət orqanlarında, xüsusilə də hüquq-mühafizə sahəsində işə qəbul olunmaq üçün həqiqi hərbi xidmətdə olmaq mütləq şərtlərdən biri sayılıb. Ordu generalı rütbəsini daşıyan Yuri Andropov isə bir gün də olsun belə hərbi xidmətdə olmayıb. Necə deyərlər, hərbi mundirinin bir cibində general vəsiqəsini, digər cibində isə hərbi xidmətə yararsız olduğu ilə bağlı “ağ bilet”i gəzdirib.

Amma ziddiyyətli və müəmmalı olan “yararsız” general 15 aylıq hakimiyyəti dövründə “yeni Stalin” adı ilə maraqlı olayların müəllifi kimi tarixə düşüb.

Biz bu yazıda Yuri Andropovun kadrlara münasibətindən bəhs edəcəyik.

15 aylıq hakimiyyəti dövründə Yuri Andropov 18 naziri, 37 vilayət partiya komitəsinin birinci katiblərini, Moskva şəhər və vilayət partiya komitələri rəhbərlərinin 30 faizini vəzifəsindən uzaqlaşdırıb.

Ehtiyatını heç vaxt əldən verməyən Andropov apardığı kadr islahatlarında Siyasi Büronun üzvləri, xüsusilə də “ağır çəkili” siyasətçilərlə, Konstantin Çernenko, Viktor Qrişin, Nikolay Tixonov, Vladimir Şerbitski ilə konfliktə girməmək, sabitliyi saxlamaq üçün bütün mümkün tədbirləri həyata keçirib.

Yuri Andropov öz komandasını əsasən mərkəzi aparatdan kənarda olan kadrlarla formalaşdırıb. Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Romanov Mərkəzi Komitənin katibi təyin edilib. Tomsk vilayət Partiya Komitəsinin birinci katibi Yeqor Liqaçov 63 yaşında Mərkəzi Komitənin partiya-təşkilat şöbəsinə rəhbər gətirilib. Bu vəzifə faktiki olaraq baş katibin kadr məsələləri üzrə əsas səlahiyyətli nümayəndəsi olub. Krasnodar vilayət Partiya Komitəsinin birinci katibi Vitali Vorotnikov Rusiya Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsinə seçilməklə, həm də Siyasi Büronun üzvü olub.

Andropov 15 il sahib olduğu kürsünü, DTK sədrliyini yaxın münasibətdə olduğu Viktor Çebrikova həvalə edib. Mixail Qorbaçov və Nikolay Rıjkov da Andropov komandasının ən fəal üzvləri olub.

O cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev də Andropov hakimiyyəti dövründə SSRİ-nin ən yüksək vəzifələrindən birinə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyinat alıb.
Yuri Andropovun kadr islahatları təkcə yüksəkçinlilərin təyinatı ilə yekunlaşmayıb. O, dövlət məmurlarının xidmət personalına da yetərincə əl gəzdirib. Şişirdilmiş ştatlar ixtisar olunub.

Kreml ziyafətlərinə, ov əyləncələrinə, təmtəraqlı yubileylərə son qoyan Yuri Andropov Kreml məmurlarını öz yaşam tərzinə uyğunlaşdırmağa çalışıb.

Andropov “Kremlin baş həkimi”, “Kremlin mühafizəçisi”, “Kremlin fotoqrafı” və bu kimi qeyri-rəsmi vəzifə adlarına qarşı həmişə sərt reaksiya verib.

Əsasən Kreml məmurlarının sağlamlığına cavabdehlik daşıyan, qeyri-rəsmi olaraq “Kremlin baş həkimi” adını alan, 1967-1986-cı illərdə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi olan Yevgeni Çazovla Andropov yaxın dostluq münasibətində olsa da, Siyasi Büro iclaslarının birində baş katib Çazova verilən adla bağlı SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonova iradını bildirib.

Belə ki, iclasda səhiyyə ilə bağlı məsələ müzakirə olunub. Tixonov sözügedən məsələyə “Kremlin baş həkimi”nin də cəlb olunmasını təklib edib. Andropov Tixonovun sözünü yarımçıq kəsib:

- Nikolay Aleksandroviç, nə Mərkəzi Komitədə, nə Ali Sovetdə, nə də Nazirlər Sovetində belə bir vəzifə, “Kremlin baş həkimi” adlı vəzifə yoxdur. Nəzərə alın ki, burada müzakirə olunan məsələlər içlasın protokoluna yazılır. Odur ki, fiikirlərinizi ifadə edəndə bir az diqqətli və dəqiq olun.

“Kremlin fotoqrafı”, milliyətcə erməni olan Vladimir Musaelyan da öz xatirələrində Andropovun kadrlara qarşı sərt və tələbkarlığından söhbət açıb:

“Leonid İliç Brejnevlə işləmək çox rahat idi. Mən həmişə onun yanında olurdum, istirahətdə, xarici səfərlərdə, Kremldə. Ona istənilən vaxt müraciət etmək olurdu. Amma Yuri Andropov fərqli idi, ciddi və bir az sərt. Mən SİTA-nın fotomüxbiri vəzifəsində çalışırdım. Əsas fəaliyyətin Kremllə bağlı idi. Buna görə də mənə “Kremlin fotoqrafı” deyirdilər. 1982-ci ilin sonunda SSRİ-nin 70 illiyi münasibətilə silsilə tədbirlər keçirilirdi. Xarici ölkələrdən də qonaqlar iştirak edirdilər. Növbəti qonaq isə Bolqarıstan rəhbəri Todor Jivkov idi. O, görüşə bir az geçikirdi. Mən Andropova dedim ki, qonağı zalın yuxarı hissəsində gözləsin və orada qarşılasın. Jivkov zala daxil oldu. Andropov isə yerində gözləmədi, irəliləyərək onun qarşısına getdi və əl uzatdı. Belə vəziyyətdə heç bir pəşəkar fotoqraf istədiyi kimi şəkil çəkə bilmir. Kadrlarda Andropovun üz hissəsi bir az sürüşdürülmüş kimi alınmışdı. Səhərisi növbəti tədbirdə biz görüşəndə o mənə iradını bildirdi:

- Mən axşam görüşdən çəkilmiş şəkillərə baxdım. Mənim burnum olduğu kimi düşməyib.

- Yuri Vladimiroviç, iradınız haqlıdır, bir daha təkrar olunmaz.

Mən redaksiyaya qayıdanda artıq məni işdən azad etmişdilər. Redaktor məni bir daha Kremlə göndərməyəcəyini söylədi. Mən redaktor müavininin otağından Andropovun köməkçisi Şarapova zəng etdim. O, narahat olmamağımı tövsiyə etdi və bir saatdan sonra redaksiyaya zəng vurub sabah Andropovla birgə Praqaya gedəcəyim haqqında rəhbərliyi məlumatlandırdı. Təhlükə bununla da sovuşdu...”

Qeyd edək ki, 1939-cu il təvəllüdlü Vladimir Musaelyanın atası qarabağlı olub. Erməni fotoqraf Brejnevin hakimiyyəti illərində baş katibin mərhəmətindən kifayət qədər bəhrələnib.

Beləliklə, Yuri Andropov 15 aylıq hakimiyyəti dövründə öz ideyalarını həyata keçirə bilməsə də, fərqli xarakterli siyasi lider kimi SSRİ tarixində iz qoyub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam