“XƏSTƏ BAZARI” SAĞALDA BİLMƏYƏN PALATA –MBNP-nin ləğvi hansı zərurətdən irəli gəlirdi?
Adında "palata" sözü olsa da, özü elə doğuluşundan xəstə qurum təsiri bağışlayan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğvi məsələsi artıq çoxdan gündəmdə idi.
Yenixeber.org: Aparılan iqtisadi islahatlar və struktur islahatları 2016-cı ildə böyük ümidlərlə yaradılan, lakin sonradan maliyyə-bank sektorunda kimlər üçünsə növbəti "yağlı tikə"yə çevrilən bu qurumun ləğvi zərurətə çevrilirdi.
İqtisadi sektorda struktur dəyişiklikləri başlayanda ən çox məhz MBNP-nin ləğv edilərək, səlahiyyətlərinin başqa bir quruma veriləcəyinin proqnozlaşdırılması da təsadüfi deyildi.
Məsələ ondadır ki, bu qurumun yaradılmasında əsas məqsəd məlum devalvasiyalardan sonra Azərbaycanın bank sektorunun sağlamlaşdırılması, əhalinin banklara inamının bərpası, qiymətli kağızlar bazarının, nəhayət ki, canlandırılması, bankların qeyri-neft sektorunun maliyyələşdirilməsində iştirakının yüksək səviyyədə təmin edilməsi, sığorta sektorunun inkişafı və s. məsələlərin həlli idi.
2008-2016-cı illərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olmuş, kifayət qədər cavan və savadlı kadr kimi təqdim edilən Rüfət Aslanlının bu quruma sədr təyin edilməsi də təsadüfi deyildi. Çoxları bu qurumun yaradılmasının və məlum təyinatın maliyyə-bank sektorunda ciddi dönüşə səbəb ola biləcəyini düşünürdülər.
Lakin R.Aslanlının timsalında məlum oldu ki, doğrudan da idarəetmədəki problem heç də kadrların yaşı yox, sistem və təfəkkür problemidir. Belə ki, R.Aslanlı da ümumi axına qoşularaq, onun üzərinə qoyulan məsuliyyəti, işi, ona göstərilən etimadı bir kənara qoyub, varlanma peşinə düşdü.
Təkcə onu qeyd etmək kifayətdir ki, mətbuatda bank sektorundakı mənbələrə istinadla təkcə "Bank Standard"-ın müflisləşməsi işindən R.Aslanlının 40 milyon manata yaxın qazanc götürdüyünə dair məlumatlar dərc edilib. Bahalı həyat tərzi ilə seçilən R.Aslanlı nəhayət 2018-ci ilin oktyabrında vəzifəsini itirdi və MBNP-nin yeni nizamnaməsi təsdiqləndi. Aslanlı ilə bağlı müxtəlif qalmaqallı faktlar üzə çıxdı, ölkədən çıxışına qadağa qoyuldu və sair.
Lakin ondan sonra MBNP-yə faktiki rəhbərliyi həyata keçirən İbrahim Alışov da hər hansı ciddi nailiyyətilə seçilmədi. Əksinə, MBNP ilə bağlı narazılıqlar artmaqda davam etdi. Belə ki, daha bir narazılıq qurumun hesabatlı olmaması ilə bağlı idi. Bir müddət əvvəl media Palatanın hesabatlarını açıqlamamasını yazdıqdan sonra qurumun saytında 2017 və 2018-ci illərin hesabatları yerləşdirildi.
Lakin olduqca zəif olan bu sənədlər heç də şəffaflıqdan xəbər vermirdi. Bütün bunlar o nəticəyə gəlməyə əsas verirdi ki, qurumun idarə olunmasında problemlər var və açıq görünürdü ki, MBNP rəhbərliyi maliyyə bazarlarına nəzarət edə və bu sahədəki vəziyyəti düzəldə bilmir - baxmayaraq ki, məsələn Mərkəzi Bankdan fərqli olaraq, bank sektoruna birbaşa nəzarət və tənzimləmə rıçaqları məhz onun səlahiyyətində idi.
Palata bu sektorda daha münbit şərait yaratmağın əvəzinə bank əməliyyatlarının məhdudlaşdırılması və banklararası əməliyyatlarla bağlı verdiyi qərarlarla ciddi problemlərə yol açdı. Misal üçün, nağdsız dövriyyə ilə bağlı qəbul edilmiş qərar həm banklara, həm də sahibkarlara ciddi problemlər yaratdı və heç də bankların real sektorla işinə müsbət təsir göstərmədi. Əksinə, hətta müəyyən dövrdə MBNP bankların işini iflic duruma saldı.
İbrahim Alışovun özününsə adı mətbuatda ölkənin kommersiya banklarının birində həyata keçirilən çirkli sxemlərdə iştirakda hallandırıldı. İ.Alışova siyasi hakimiyyətdəki münasibətin bariz göstəricisi isə bu idi ki, rəhbərlik etdiyi qurum iqtisadiyyat üçün kifayət qədər strateji əhəmiyyət kəsb etsə də, onun özü Prezidentin yanında keçirilən heç bir iqtisadi müşavirəyə dəvət edilmirdi.
Bir sözlə, maliyyə-bank sektorunun MBNP adlı qurum və onun rəhbərliyi sarıdan bəxti heç cür gətirmədi... Nəhayət, ölkə başçısı noyabrın 28-də "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi.
Göründüyü kimi, bu sərəncamın verilməsində məqsəd demək olar ki, bütün maliyyə sektorunun tənzimlənməsini və idarə edilməsini bir əldə, yəni Mərkəzi Bankda cəmləşdirməkdir. Əslində, bu addım elan olunan iqtisadi islahatların intensivliyinə xidmət edir və maliyyə-bank sektorunda qəbul edilən qərarların monitorinq mexanizmlərini xeyli sadələşdirir.
Çünki indiyə qədər əksər hallarda maliyyə-bank sektorunun tənzimlənməsində ciddi çətinliklər yaranırdı, bəzi qərarlar Mərkəzi Bank tərəfindən qəbul edilsə də, icrasını MBNP həyata keçirirdi. Bununla yanaşı, MBNP ilə Mərkəzi Bankın fəaliyyətində uzlaşma yaratmaq çətinlik törədirdi, həmçinin Palata Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıqlara səbəb olurdu.
Bir sözlə, müəyyən pərakəndəlik və anlaşılmazlıqlar yaranırdı. Məlum sərəncam isə bütün bu problemləri aradan qaldırır və çevik qərarlar verərək, onların reallaşdırılmasına, həmçinin bu prosesin monitorinqini vahid mərkəzdən aparmağa kömək edir.
Bu məsələdə kadr amili də ciddi rol oynayır. Belə ki, maliyyə-bank sektorunun tənzimlənməsində ən təcrübəli və peşəkar kadrların məhz Mərkəzi Bankda cəmləşdikləri şübhəsizdir. Ölkədə inflyasiya proqnozlarından tutmuş manatın məzənnəsi, uçot dərəcəsi, ÜDM-in dəyişməsi dinamikasına qədər bütün ciddi makroiqtisadi göstəricilər, maliyyə proqnozları və s. məhz Mərkəzi Bank tərəfindən müəyyənləşdirilərək, təqdim olunur. Həmçinin, ölkənin bank sektorundakı real durumu da tənzimləyici orqan olan Mərkəzi Bank qədər heç bir qurum bilmir. Bu baxımdan maliyyə-bank sektoruna nəzarətin demək olar bütünlüklə məhz Mərkəzi Banka verilməsi daha məqsədəuyğun idi və bu qərarın elan olunan iqtisadi islahatların perspektivinə müsbət təsir edəcəyi şübhə doğurmur.
Bir məqama da diqqət yetirmək lazımdır ki, bu sərəncamla qiymətli kağızlar bazarına nəzarət də Mərkəzi Bankın kurasiyasına keçir. Bu isə maliyə sektorunun önəmli tərkib hissələrindən birini təşkil edən və ciddi islahata, inkişafa ehtiyacı olan qiymətli kağızlar bazarının canlanmasına xidmət edə bilər.
Bəs indi, yəni MBNP-nin ləğv edilərək, səlahiyətlərinin Mərkəzi Banka verilməsi reallıqda ilkin olaraq hansı nəticələri verəcək?
Yuxarıda qeyd edildiyi kimi, MBNP Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıq yaradırdı. Yəqin ki, bu praktikaya hansısa formada son qoyulacaq.
Həmçinin, böyük ehtimalla, Mərkəzi Bank yeni islahatlar çərçivəsində məcmu kapital tələbinə cavab verməyən, gəlirləri xərclərini ödəməyən bankların lisenziyalarını ləğv edəcək. Bundan başqa, zəif bankların birləşməsi tələbi də yenidən gündəmə gətirilə bilər. Belə ki, hazırda ölkədəki bir neçə bankın məcmu kapitalı minimal tələbdən aşağıdır və daha bir neçə bank zərərlə işləyir.
Bütün bunlarla yanaşı, istənilən ortabab iqtisadçı da gözəl anlayır ki, təkcə struktur islahatları, bir qurumun ləğv edilərək, digərinə birləşdirilməsi, bir kadrın digərilə əvəzlənməsi, daha gənc kadrlara yer verilməsi və s. ilə iqtisadiyatdakı, maliyə-bank sektorundakı problemləri həll etmək asan deyil. Əsas məsələ sistemdə köklü islahatlara getmək, iqtisadiyyatı, bank sektorunu məmur oliqarxiyasından təmizləmək, ölkənin maliyyə qaynaqlarını sahibkarlar üçün əlçatan etmək, şəffaf, azad iqtisadi rəqabət mühitini formalaşdırmaq, iqtisadi mübahisələri obyektiv həll edən məhkəmə-hüquq sistemi yaratmaq və s. bu qəbildən olan addımların atılmasıdır.
Bəyan edilən iqtisadi islahatlarla bağlı verilən qərarların dinamikası isə ümid yaradır ki, yaxın perspektivdə sadalanan bütün bu addımlar atılacaq.(azpolitika)
Murad MƏMMƏDOV