S-400, yoxsa “Patriot”?
Toğrul İsmayıl: “S-400 sistemləri həm də maddi baxımdan Türkiyə üçün sərfəli variant oldu”
Yenixeber.org: Səudiyyə Ərəbistanının “Abqaiq” neft terminalına edilən hücum həm də silah müzakirələrinə səbəb olub. Söhbət terminala edilən hücumun qarşısının alınmamasından, daha doğrusu alına bilməməsindən gedir.
Məlum olduğu kimi, sentyabrın 18-də Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Türki əl-Maliki keçirdiyi mətbuat konfransında deyib ki, terminallara 18 pilotsuz aparat və 7 raket hücum edib. Ər-Riyad bu silahların İran istehsalı olduğunu bildirib.
Hazırda bu məsələ regional gərginliyi yüksək həddə çatdırmaqla yanaşı silah müzakirələrinə də səbəb olub. Söhbət Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən gedir. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı ərazisində 6 ədəd ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri var. Bir “Patriot” batareyasında bir radar sistemi, bir komanda qərargah mərkəzi, bir generator qrupu və hər birində 4 raket quraşdırılmış 5 ədəd atəş-buraxılış qurğusu var.
Qeyd edək ki, 1984-cü ildən ABŞ ordusunun inventarında olan “Patriot” qurğuları bir neçə döyüş əməliyyatında, o cümlədən birinci və ikinci İraq müharibələrində istifadə olunub. “Patriot” raketləri Yaponiyanın Mitsubişi kompaniyasının lisenziyası ilə istehsal olunur. Hazırda ABŞ, Yaponiya, Almaniya, Hollandiya, İspaniya, İsrail, Küveyt, Səudiyyə Ərəbistanı, Tayvan və Yunanıstan ordularında mövcuddur.
Qeyd edək ki, illik hərbi büdcəsi 68 milyard dollar olan Səudiyyə Ərəbistanı ABŞ-dan ən çox silah alan ölkədir. Ötən il krallıq ABŞ-da 15 milyard dollar dəyərində 44 ədəd HHM batareyası satın alınması anlaşması imzalayıb.
Ancaq bu qədər müasir silah və texnika Yəmən husilərinin göndərdiyi pilotsuz aparatlar və raketlərin qarşısını ala bilməyib. Bu isə ABŞ silahları ilə bağlı tənqidlərə səbəb olub. Rusiya prezidenti Vladimir Putin də Ankarada sentyabrın 16-da keçirilən sammit zamanı bu faktı qabardıb və Səudiyyə hökumətinə Rusiyadan daha etibarlı S-400 HMM sistemləri almağa çağırıb. Putinin sözlərindən belə məlum olub ki, S-400-lər bu hücumun qarşısını ala bilərdi.
Putinin təriflədiyi S-400 sistemlərinin alternativlərindən, daha dəqiqi “Patriot”dan hansı üstünlükləri var? Qeyd edək ki, 2007-ci ildə Rusiya ordusunun inventarına daxil edilmiş S-400 “Triumf” zenit-raket kompleksləri hazırda dünyada bu silahlar arasında birinci hesab olunur - baxmayaraq ki, S-400-lər silah və texnikalar üçün mühüm faktor olan döyüş sınağından keçməyib. S-400 HHM 2007-ci ildən Rusiya ordusunun istifadəsindədir. Orta və uzaq mənzilli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulan HHM sistemləri 250 kilometrə qədər məsafədə aerodinamik hədəfləri vurmaq imkanına malikdir. Eyni zamanda 60 kilometrə qədər məsafədə ballistik hədəfləri vura bilir. Müvafiq olaraq “Patriot”da bu 160 və 45 kilometrdir.
S-400 27 kilometr yüksəklikdə hava hədəflərini məhv etmək qabiliyyətindədir. Bu, ABŞ “Patriot”larından 3 kilometr çoxdur. S-400-ün maksimum hədəf vurma imkanı 400 kilometrdir. S-400 5 dəqiqə ərzində quraşdırılaraq aktiv vəziyyətə gətirilir və 600 kilometr radiusda ərazini nəzarətdə saxlaya bilir. “Patriot”da isə bu 30 dəqiqə və 150 kilometr radiusdur. Bundan başqa S-400 eyni anda 160 hədəfi aşkarlamaq və 72 hədəfi isə nişan ala bilir. S-400 raketlərinin sürəti 4800 metr/saniyədir.
Hazırda NATO-nun 3 ölkəsi - Yunanıstan, Bolqarıstan və Slovakiyada S-400 HHM sistemləri var, ancaq Türkiyə S-400 sistemi almış ilk ölkə olacaq. Bundan başqa Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Bəhreyn də S-400 almaq üçün Rusiya ilə danışıqlar aparır.
Toğrul İsmayıl
Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl deyir ki, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri alması zərurətdən doğub. Türkiyənin Yaxın Şərqin ən qaynar bölgəsində yerləşdiyini xatırladan politoloq deyir ki, qonşu ölkələrdən fərqli olaraq Türkiyənin hələ də mükəmməl HHM sistemləri olmayıb. Halbuki qonşu ölkələrdə bu sistemlər neçə illərdir ki, var idi. Politoloq deyir ki, son bir neçə ilə qədər Türkiyənin hava sərhədlərini məhz NATO müttəfiqi olan ölkələrin HHM sistemləri qoruyub. Xüsusən də Yaxın Şərqdə münaqişələr şiddətlənəndə ABŞ-la yanaşı Almaniya və Hollandiya da Türkiyənin Suriya ilə sərhədə yaxın ərazilərinə “Patriot” batareyaları yerləşdirib: “Ancaq bu sistemlər daimi deyildi. Bir neçə il əvvəl ölkələr arasında münasibətlər soyuqlaşanda alman və hollandların zenit qurğularını yığışdırıb ölkələrinə qayıtması Türkiyəni özünə HHM almaq üçün axtarışlara başladı. Bir neçə ölkə ilə danışıqlar aparıldı. ABŞ-la, daha sonra Çinlə və eləcə də Rusiya ilə HMM alınması üçün danışıqlar aparıldı. Amma bu danışıqlar baş tutmadı. Nəhayət, 2017-ci ildə Rusiya ilə anlaşma baş tutdu və bildiyiniz kimi, artıq S-400 sistemlərinin Türkiyəyə verilməsinin ikinci mərhələsi də yekunlaşıb. Ehtimal olunur ki, gələn ilin aprelində bu sistemlər Türkiyədə aktiv vəziyyətə gətiriləcək. Ancaq Türkiyənin bütün hava məkanını qorumaq üçün bir neçə əlavə batareyalara ehtiyac var. Lakin eyni zamanda, Türkiyə özünün HHM sistemlərini yaratmaq istəyir. Bununla bağlı da İtaliya və Fransa ilə birgə fəaliyyətlər həyata keçirilir”.
Türkiyənin S-400 almasının səbəblərinə gəlincə, Toğrul İsmayıl xatırladır ki, Ankaranın NATO müttəfiqi olan ABŞ ona “Patriot” sistemlərinin satışını yasaqladığı üçün Ankara Rusiyaya üz tutdu: “S-400 sistemləri həm də maddi baxımdan sərfəli variant oldu. Çünki ”Patriot"la müqayisədə S-400 alınması Türkiyə üçün 1 milyard dollara qənaət etmiş oldu. Amma onu da xatırlatmaq lazımdır ki, Türkiyə heç zaman ABŞ-dan “Patriot” almayacağını deməyib. Rəsmi səviyyədə hər zaman bəyan olunub ki, Ankara ABŞ-dan “Patriot” almağa hazırdır. Digər tərəfdən, S-400 nə qədər yaxşı sistem olsa da, NATO sistemlərinə qoşula bilmədiyi üçün Türkiyə bunu muxtar səviyyədə istifadə etməli olacaq. Buna görə də Türkiyə indi NATO ölkələrində istehsal olunmuş HHM almalıdır. Amma onu da qeyd edim ki, Türkiyə hazırda öz HHM sistemlərini yaratmaq üçün çalışmaları davam etdirir". (Yeni Müsavat)