“Sanki Kür çayı daşıb, amma deyirlər ki, bu, qətiyyən sel deyil” - Statistika Komitəsi
“Siz hər hansı 1-2 məhsulun qiymətinin kəskin artmasını görə bilərsiniz. Amma bu inflyasiya deyil”.
Yenixeber.org: Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimov son zamanlar gündəmin ən çox müzakirə olunan mövzusu bahalaşma və inflyasiya ilə bağlı danışarkən belə deyib.
O, komitənin açıqladığı qiymət artımı göstəricisinin reallığa uyğun gəlməməsi ilə bağlı ittihamlara münasibətini bildirərkən qeyd edib ki, təmsil etdiyi qurum ölkə üzrə orta inflyasiyanı hesablayır və bu səbəbdən də vətəndaşların gördükləri ilə rəsmi dinamika arasında fərq yaranır:
“Hazırda 5 043 məntəqədə mal və xidmətlərin qeydiyyatı aparılır. Yəni bizim açıqladığımız rəqəm bütün rayonlar üzrə orta rəqəmdir. Təbii ki, siz hər hansı 1-2 məhsulun qiymətinin kəskin artmasını görə bilərsiniz. Amma bu inflyasiya deyil. O həmin məhsulun qiymətinin artımıdır. Bununla yanaşı, mən sizə digər məhsulların qiymətinin də aşağı düşməsini yaxud bu səviyyədə olmamasını misal gətirə bilərəm. Ona görə də inflyasiya dedikdə 520 mal və xidmətin qiyməti üzrə ümumiləşdirilmiş göstərici nəzərə alınır”.
DSK rəsmisi ölkədə süni qiymət artımının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyünü də deyib:
“Güman edirəm ki, maaşların artımı süni qiymət artımı ilə nəticələnməyəcək. Yanvar-avqust aylarında inflyasiya 2,6% olub, halbuki bu rəqəm yanvar-iyul aylarında 2,7% idi. Mövsümlə əlaqədar avqustda iyula nisbətən meyvə-tərəvəz ucuzlaşdı. Bu və bir sıra amillərə görə burada 0,1 faiz bəndi azalma gördük. Güman etmirik ki, inflyasiya sürətlənəcək".
İqtisadçı Akif Nəsirli isə qurum təmsilçisinin fikirləri ilə razılaşmayıb. O, Cebhe.info-ya açıqlamasında bildirib ki, iqtisadi nəzəriyyə görə, hər bir mal və xidmətin qiymət artımı inflyasiya deməkdir:
“Qiymətlər artır və əhalinin əskinas formasında əlinə aldığı pulların həcmi artsa da, onun real dəyəri azalır. Yəni bu gün yanvar ayına nisbətən 100 manata daha az məhsul ala bilirsən. Azərbaycan hökuməti və onun adından Statistika Komitəsi qiymət artımının yaratdığı inflyasiyanı ölçmək üçün 520 məhsulun qiyməti üzərində müşahidə aparır. Amma bu, o demək deyil ki, ölkədə inflyasiyanı yalnız o məhsulların qiymət artımı yaradır. Aydan-aya bütün mal və xidmətlərin qiymətinin az da olsa, artdığını müşahidə edirik. Doğrudur, xidmət sektorunda bahalaşma bir qədər azdır, amma pərakəndə ticarət dövriyyəsində iştirak edən malların qiymətində hər ay artım müşahidə edilirsə, deməli, az və ya çox həcmdə aylıq inflyasiya var”.
İqtisadçı hesab edir ki, ilin əvvəlindən indiyədək keçən 9 aya yaxın bir dövr ərzində Azərbaycanda inflyasiya ikirəqəmli həddə çatıb:
“Çox təəssüf ki, Dövlət Statistika Komitəsinin fəaliyyəti nəticəsində ortaya qoyulan rəqəmlər reallığı əks etdirmir. Bunu digər qurumlar da təsdiqləyir. Məsələn, bu yaxınlarda Vergilər naziri Mikayıl Cabbarov da etiraf etdi ki, ötən ilki ticarət dövriyyəsinin həcmi ilə bağlı Vergilər Nazirliyi ilə Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyədək fərq var. Məsələn, əgər Statistika Komitəsi bildirirsə ki, ötən il ölkədə 70 milyard manat ticarət dövriyyəsi olub, Vergilər Nazirliyi cəmi 10-12 milyard manatın vergisini alaraq, qeydiyyatını aparıb. Bu cür fərq istənilən mütəxəssisin komitənin rəqəmlərinə şübhə ilə yanaşmasına böyük əsas formalaşdırır”.
Akif Nəsirli deyib ki, bahalaşmanı müşahidə etmək üçün mütəxəssis olmağa da ehtiyac yoxdur:
“Hər həftə məhsulların qiymətində 5-10 qəpik fərq olur. Necə yəni inflyasiya yoxdur? Sanki Kür çayı daşıb, hər yanı su basıb, deyirlər ki, bu, sel deyil, sudur. İnflyasiyanın səviyyəsini ölçmək bir nəfərin işi deyil, müxtəlif rayonlarda kompleks müşahidələr aparılmalıdır. Alternativ olaraq bunu ölçən qurum olmadığından Statistika Komitəsi nə istəyirsə, onu da deyir. Bu gün Statistika Komitəsi öz rəqəmlərinin mötəbərliyini ambisiyalarına qurban verir”.