TÜRKİYƏNİN NÜVƏ SİLAHI OLSUN, OLMASIN: qütbləşən rəylər, haçalanan perspektivlər -Araşdırma
Anastasiya Kulikova
vzqlyad.ru, 08.09.2019
Yenixeber.org: Prezident Rəcəb Ərdoğan Türkiyənin indiyə qədər atom bombası olmadığı faktını ədalətsizlik adlandırıb, halbuki “inkişaf etmiş ölkələrin, demək olar, hamısında” var. Ekspertlər Ankaranın nüvə silahı yaratmaq üçün hansı ölkələrin yardımı ilə texnologiya əldə edə biləcəyi və Türkiyə liderinin belə bir addıma gerçəkdən cürət etmək şansının necə olduğundan danışırlar.
Prezident Rəcəb Tayib Ərdoğan cümə axşamı Türkiyənin əyalət şəhələrindən birində çıxış edərək bildirib ki, başqa dövlətlərin artıq nüvə raketlərinə sahib olduğunu, ölkəsinin isə belə çalışmalara girişməyə hüququ olmadığını qəbuledilməz sayır. Ərdoğan eyham vurub ki, İsrailin nüvə cəbbəxanası onu xüsusən narahat edir.
Ərdoğan tədbirdə deyib: “Kimdəsə nüvə döyüş başlıqları var, özü də bir-iki də deyil, amma qoy bizdə olmasın. Mən bunu qəbul etmirəm. İndi, demək olar, nüvə silahı olmayan inkişaf etmiş ölkə yoxdur. Hamısının var… Bizə isə deyirlər: bax, düzəltmə! Sonra: İsrail böyrümüzdədir. Onun nüvə silahı var? Var. Və onunla hədə gəlir”.
“Anadolu”nun xəbər verdiyi kimi, Ərdoğan etiraf edib ki, xarici səfərlərdən birində ona “nüvə cəbbəxanasını artırmaq haqda açıqca danışıblar”. O, izah edib ki, öz həmsöhbətinin – o zaman ölkənin prezidenti, amma indi artıq istefada olan liderin adını deməyəcək.
Ərdoğan deyib: “O dedi ki, “bizdə 7500 nüvə döyüş başlığı var, halbuki Rusiya və ABŞ-da döyüş başlıqlarının sayı 12 500-15 000-ə çatır. Biz döyüş başlıqlarının sayını bu nişana çatdırmağa hazırıq”. Bax, başqaları bu haqda düşünürlər. Və bu zaman nüvə silahı yaratmağın yolverilməzliyi haqda Ankaraya xəbərdarlıq etməyi unutmurlar”.
Ərdoğanın göstərdiyi döyüş başlıqlarının sayından söhbətin hansı ölkədən getdiyini başa düşmək çətindir. Rusiya və ABŞ-dan savayı nüvə klubunun başqa üzvləri yüzlər civarında hesablanan daha kiçik ehtiyata yiyələnib. Belə döyüş başlıqları təkcə Fransa və Çində uyğun olaraq 300 və 700-dür. Habelə bəllidir ki, Ərdoğan de-fakto nüvə klubuna daxil olan Pakistana düz bir il əvvəl səfər edib.
İstisna deyil ki, Ərdoğan məhz Pakistanı nəzərdə tutub, bu halda da onun həmsöhbəti Məmnun Hüseyn olub. O, Ərdoğanın səfəri zamanı Pakistan prerzidenti postunu tutub, ancaq tezliklə istefaya gedib ki, bu da məhz Ərdoğanın təsvirinə uyğun gəlir. Lakin hərbi ekspertlər hesab etməyə alışıblar ki, Pakistan 120-130 nüvə döyüş başlığına sahibidr. Və belə bir say Türkiyə liderinin göstərdiyi rəqəmlə heç cür düz gəlmir. Bu arada Ərdoğan öz çıxışında inandırıb ki, ölkəsi hələlik nüvə silahı olmadan da özünü qorumağı bacarar: məsələn, Rusiyanın S-400 zenit-raket komplekslərini bunun üçün alır.
“Vzqlyad” qəzetinin əvvəllər yazdığı kimi, əslində, prezident MAKS-2019 aviasalonuna baş çəkəndən sonra almaq istəyini ifadə etdiyi Su-57 də, artıq alınmış S-400 də Türkiyəyə hərbi baxımdan gərək deyil. Hərbi ekspertlər qeyd edirlər ki, belə silahları almaq istəyi daha çox Ankaranın bölgədə öz nüfuzunu möhkəmlətmək arzusundan xəbər verir.
Habelə bəllidir ki, indi Türkiyənin nüvə silahı var, İncirlik aviabazasında saxlanır, lakin amerikalılara məxsusdur. Məlumat gəlmişdi ki, Pentaqon bu silahı Rumıniyaya göndərib, amma hər şeyə əsasən, bu, şayiədən artıq bir şey deyil.
Xatırladaq ki, Türkiyə 1980-ci ildə nüvə silahının yayılmaması haqda beynəlxalq Müqaviləyə, 1996-cı ildə isə nüvə sınaqlarının hərtərəfli qadağası haqda Müqaviləyə qoşulub. Lakin ölkə öz ərazisində Amerikanın nüvə cəbbəxanasının saxlanmasına imkan verib. Yeri gəlmişkən, 1961-ci ildə məhz bunun SSRİ-nin böyründə peyda olmağı, Moskva və Vaşinqton arasında, az qala, nüvə savaşına gətirən Karib böhranının başlanğıcı olub.
Yeni Türkiyəni Araşdırma Mərkəzinin (YTAM) direktoru Yuri Mavaşov Ərdoğanın bəyanatlarında, vur-tut, blef, NATO çərçivəsində özü üçün daha əlverişli şərtlər əldə etmək cəhdi görür.
Mavaşov “Vzqlyad” qəzetinə deyib: “Ərdoğan öz müstəqilliyini hamıya göstərməyə çalışan “Yeni Türkiyə” qurur. Bu, böyük dövlətçiliyə necəsə bir iddiadır. Tərifə görə, nüvə silahı olmasa, heç cür olmaz. Amma türklərin nüvə proqramını inkişaf etdirməyə gerçək bacarığı problemlidir, çünki onlarda elmi və texniki baza yoxdur”.
Ekspert qeyd edib ki, Türkiyədə hər hansı nüvə texnologiyasının yoxluğunu bu fakt göstərir ki, ölkədə yeganə “Akkuyu” AES-i rusiyalılar tikirlər. Onun fikrincə, Ərdoğan belə ritorika ilə yalnız öz dəyərini vurğulmağa çalışır. Politoloq hesab edir: “Bu, incik düşənin belə bir mövqeyidir”.
Ekspertlər hesab edirlər – Pakistan nəzəri olaraq nüvə texnologiyalarını Türkiyə ilə bölüşə bilərdi, amma, əslində, “bu, Ankaraya gərək deyil”, çünki atom bombasına görə özünün NATO üzrə müttəfiqləri ilə dalaşmaq istəmir.
Mavaşov əmindir: “İndiki oyunun mənası bulanıq suda oynamaq, iki kürsü ilə oynamaqdır. Türkiyə nüvə bombası əldə edərsə, kürsülərdən birinə oturmalı, yəni başqa imkanları itirməli olacaq. Didərgin ölkə, yeni İran olmaq təhlükəsi meydana çıxar. Bu perspektiv ölkədə az adama gülümsəyər, Türkiyə biznesinin Avropanınkına ilə nə qədər sıx bağlı olduğunu gözə almaq gərəkdir”.
Beynəlxaql məsələlər üzrə Rusiya Şurasının Ankarada yaşayan eksperti Timur Əhmədov Ərdoğanda nüvə iddialarının meydana çıxdığına şübhə edir.
“Nüvə silahı böyük münaqişələr çərçivəsində təsirlidir, Türkiyənin təhlükəsizliyi üçün əsas təhdid isə başlıca olaraq qeyri-dövlət aktorlardan qaynaqlanır, – Əhmədov “Nezavisimaya gazeta”ya deyib. – Həm də Türkiyədə daxili-siyasi prosesin özəlliyi böyük hərbi münaqişəyə əl atmadan xarici müdaxiləyə imkan verir. Nəhayət, Türkiyənin nüvə silahı Yaxın Şərqdə raket texnololgiyalarının yayılması və dövlətlərarası həll edilməmiş münaqişələrə aid durumu daha dərindən qarışdırar”.
Analitik xəbərdarlıq edir – bu, təhlükəsizlik üçün riskləri qabaqcadan söyləmək acizliyinə gətirər.
Lakin Rusiya EA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu Beynəlxalq Təhlükəsizlik Mərkəzinin başçısı, akademik Aleksey Arbatov Türkiyənin nüvə dövlətinə çevrilməyini tamamilə gerçək ssenari sayır.
Arbatov “Vzqlyad” qəzetinə izah edib: “İndi orada Rusiyanın yardımı ilə “Akkuyu” atom elektrik stansiyası tikilir. Bu, mütəxəssislər hazırlandığını, nüvəni parçalayan materialla, reaktorun işi ilə tanışlığı bildirir. Atom energetikası həmişə iki təyinatlı kompleksdir”.
Ekspert əlavə edib ki, Türkiyə AES-in hesabına təkcə uyğun bilik deyil, həm də silah plutoniumunun ayrıldığı şüalanan yanacağın istehsalı üzrə texnologiya əldə edəcək. Arbatov vurğulayıb: “Türkiyə iqtisadiyyatı güclüdür, ordusu çox döyüşkəndir. Daşıma sistemi var. Onlarda bazada Amerikanın aviabombaları var. Belə ki, Türkiyə nüvə silahı haqda ağızdan-ağıza eşitməyib”.
O, istisna etmir ki, Ankara istəsə, nüvə texnologiyasını Pakistandan –nüvə silahına artıq yiyələnmiş yeganə müsəlman ölkəsindən alar.
Arabatov yekunlaşdırıb: “İslamabad bir zamanlar nüvə texnologiyası və materiallarının ticarəti üzrə qeyri-leqal kürəsəl şəbəkə qurmuşdu. İran və bir çox ölkələr bundan istifadə edib. Bu şəbəkə işini sürdürürsə, Türkiyə Pakistandan nüvə texnologiyalarını tam əldə edə bilər”.
Mavaşov isə əmindir ki, Ankara yenə də Qərb yatırımlarını nüvə bombasına dəyişməz.
Mavaşov gələcəkdən xəbər verir: “Türkiyə dünya iqtisadi konyunkturasının kimin əlində olduğunu anlayır. Nüvə silahı ona ancaq mane olacaq. Buna görə də bunun nə mənası var? Türkiyə istədiyi hər şeyi belə də əldə edir – yumşaq gücün üsulları ilə. O, islam dünyasının lideri olacaq, amma bunun üçün nüvə silahı gərək deyil. Ancaq türklər bunda bir az oynaya bilərlər. Pakistanı da buna cəlb edə bilərlər”.
Tərcümə: Strateq.az