Ərdoğandan - şifrəli nüvə silahı açıqlaması
“Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın...”
Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi nüvə silahı əldə etmək istəyir. Sivas şəhərində baş tutmuş Mərkəzi Anadolunun İqtisadi Forumunda çıxış edən Ərdoğan deyib ki, “bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın, mən bunu qəbul etmirəm”.
O deyib ki, bu gün dünyanın inkişaf etmiş ölkələri arasında, demək olar ki, nüvə başlıqlı raketi olmayan dövlət yoxdur: “Hətta ad çəkməyəcəm. Biri hazırda prezident deyil, ziyarət edəndə mənə dedi ki, ”bizə belə-belə deyirlər. Mənim əlimdə hazırda 7 500-ə qədər nüvə başlığı var. Rusiya, Amerikada isə 12500-15000. Mən də edəcəyəm".
İndi baxın, onlar nə yarışı edir, bizə isə nə deyirlər? - “sən qətiyyən bunu eləmə!”. Yanımızda İsraildə varmı? Var. Hər şeyi onunla qoruyur".
Türkiyə prezidentinin bu açıqlaması ciddi ajiotaj doğurub. Çünki, bilindiyi kimi, hazırda Türkiyədə Rusiyanın “Rosatom” şirkəti tərəfindən “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi gedir. Bir qədər əvvəl rusiyalı ekspertlər bildirib ki, Türkiyə təkbaşına hərəkət etsə 10 ilə, texniki yardımla isə 5-6 ilə nüvə silahına sahib ola bilər".
Ondan əvvəl isə Almaniya xarici işlər naziri Siqmar Qabriel Türkiyənin Qərbdən tamamilə ayrılması durumunda Ankaranın nüvə silahına sahib olacağını bildirmişdi.
Lakin Ankara bu günə qədər belə bir iddiasının olmadığını bildirib. Hələ 2009-cu ildə Ərdoğan bildirib ki, Türkiyə Yaxın Şərqdə heç bir ölkənin nüvə silahına sahib olmasını istəmir. Məsələ ondadır ki, NATO üzvü olan Türkiyə 1968-ci ildə BMT-nin Nüvə Silahlarının Yayılmasına Qarşı Müqaviləyə dəstək verib, 1969-cu ildə bu müqaviləni imzalayıb, 1980-ci ildə isə sənədi ratifikasiya edib.
Yeri gəlmişkən, hazırda dünyada yalnız 9 ölkənin nüvə silahı var. ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa kimi ölkələrlə yanaşı, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin də nüvə silahı var. Daha dəqiqi, nüvə silahı istehsal etmək hüququ 5 dövlətə məxsusdur. Bunlar BMT TŞ-nin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyadır. Eyni zamanda “Nüvə Silahlarının Yayılmasına Qarşı Anlaşmaya” əsasən, ilk dəfə nüvə sınağını 1967-ci il yanvarın 1-dən əvvəl keçirmiş ölkələrin nüvə silahına malik olmaq haqqına sahibdir. Maraqlıdır ki, nüvə silahına sahib olan digər 4 ölkə bu anlaşmanı imzalamayıb. İsrail, Hindistan və Pakistan bu anlaşmaya imza atmayıb, Şimali Koreya isə 1985-ci ildə imzaladığı anlaşmadan 2003-cü ildə çəkilib. 3 il sonra, 2006-cı ildə ilk nüvə sınağını keçirən Şimali Koreya nüvə silahına sahib olduğunu açıqlayıb.
Eyni zamanda hazırda bir neçə dünya ölkəsində nüvə başlıqları mövcuddur. Onlardan biri də Türkiyədir. Türkiyədə nüvə silahı olsa da, bu silahlar ABŞ-a məxsusdur. Karib böhranı zamanı ABŞ tərəfindən Türkiyə ərazisində, konkret olaraq Adana vilayətində yerləşən “İncirlik” hərbi-hava bazasında “Yupiter” ballistik raketləri və 50-90 ədəd arasında B61 tipli nüvə bombasının yerləşdirildiyi bildirilir. 2017-ci ildə açıqlanan rəqəmlərə əsasən, hazırda dünyanın 14 ölkəsində 107 fərqli ərazidə 15 minə yaxın nüvə başlığı mövcuddur. Bu başlıqların təxminən yarıya qədəri aktiv, istifadəyə hazır olanlardır. Təkcə ABŞ-ın dünyanın 5 ölkəsində 6 fərqli nöqtədə nüvə silahları var. Belçika, Almaniya, Hollandiya, İtaliya və Türkiyədə ümumilikdə ABŞ-a məxsus 150 nüvə başlığı var. Bunlardan ən azı, 50-si Türkiyədədir. Hesablamalara əsasən, Rusiyada 7000, ABŞ-da 6800, Fransada 300, Çində 260, İngiltərədə 215, Pakistanda 130, Hindistanda 120, İsraildə 80 və Şimali Koreyada 10 ədəd nüvə başlığı mövcuddur.
Xatırladaq ki, bir neçə il əvvəl Rusiya və Türkiyə arasında nüvə sahəsində əməkdaşlıq anlaşması əldə olunub və anlaşmaya əsasən, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” nüvə mərkəzi inşa edəcək. Ancaq bu, daha çox dinc məqsədli nüvə enerjisi əldə etmək üçündür. Çünki mütəxəssislərə görə, nüvə silahı əldə etmək üçün daha böyük texniki infrastruktur, yüksək texnologiya və imkanlar lazımdır. Əlbəttə, Türkiyənin bunları təmin etmək üçün imkanları var. Ancaq, təbii ki, bunun üçün həm də beynəlxalq razılaşma olmalıdır. Türkiyə beynəlxalq birliyin aktiv üzvlərindən olduğu üçün nüvə silahı üçün beynəlxalq aləmlə əlaqələrini kəsməsi və ya qarşı gəlməsi real deyil.
Bundan başqa, nüvə silahı əldə edən ölkənin həm də onu hədəfə çatdırmaq üçün ballistik raketlərə ehtiyacı var. Türkiyənin isə hazırda belə bir silahları və ya istehsal texnologiyası yoxdur. Yəni bu gündən başlasa belə, hətta uzun zaman tələb edə bilər.
Ancaq ekspertlər bildirir ki, Türkiyənin nüvə silahı əldə etmək iddiası olmayıb. Hətta Türkiyənin nüvə enerjisi əldə etmək cəhdləri də Qərb müttəfiqləri tərəfindən əngəllənib. Ancaq ekspertlərə görə, Türkiyənin nüvə fəaliyyətinin genişlənməsi bir sıra ölkələrdə narahatlıq yaradır.
Politoloq, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay açıqlamasında deyib ki, Türkiyə son 55 ildə nüvə sisteminə sahib olmaq istəsə də, Ankaranın NATO müttəfiqi ABŞ buna mane olub. Ən son olaraq Ankaranın Rusiya ilə “Akkuyu” Nüvə Stansiyasının tikintisi ilə bağlı anlaşdığını xatırladan Oktayın sözlərinə görə, hazırda 150 türkiyəli tələbə Sankt-Peterburqda nüvə enerjisi mühəndisliyi üzrə təhsil alır: “Bu gün Türkiyənin hədəfi nüvə enerjisidir. Çünki Türkiyədə istehsalın genişlənməsi enerji məsrəflərinin azalmasından keçir. Bu səbəbdən də nüvə enerjisinin əldə olunması Türkiyədə iqtisadiyyatı canlandıracaq”. (Yeni Müsavat)