İşğalçı ordu haqda şok faktlar -İrəvanda saxta məhkəmələr
Düşmən ölkə rəhbərinin 7 arzusu və... onları əlçatmaz edən tək Qarabağ gerçəyi; erməni hüquq müdafiəçisi mediaya: “Ordudakı cinayətlər dərc ediləndən qat-qat çoxdur...”
Yenixeber.org: Azərbaycan siyasi gündəminin əsas mövzularından biri Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdə etdiyi təxribatçı çıxışdır. Daha çox da onun orada “Arsax (”Dağlıq Qarabağ"- “YM”) Ermənistanındır" sərsəmləməsidir. Ancaq həmin çıxışda erməni rəhbər heç vaxt reallaşmayacaq başqa fantastik arzu-istəklərini də dilə gətirib - hansılar ki, diqqətdən kənarda qalıb.
Paşinyanın həmin çıxışının mətni ilə tanış olduqda onun əslində erməniləri, ondan iş, çörək gözləyən ac-yalavac toplumu doğrudan da ələ saldığı aydın görünür. Belə ki, erməni baş nazir Xankəndindəki çıxışında bu hədəflərdən də danışıb:
2050-ci il üçün Ermənistanın əhalisini 5 milyon nəfərə çatdırmalıyıq.
Ermənistanda 1,5 milyon iş yeri yaratmalıyıq.
Ermənistanın ümumi daxili məhsulunu 15 dəfə artırmalıyıq.
Ermənistanda 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik.
Ermənistanda orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq.
Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik.
Ermənistan futbol üzrə dünya çempionu olmalıdır.
Politoloq Elxan Şahinoğlu bu yerdə tam haqlıdır deyəndə ki, Paşinyan sonuncu istəyi ilə lap gül vurub. Gerçəkdən də işğalçı ölkədə hər şey yoluna qoyulub, ermənilər artıq ağ günə çıxıb, qalır bircə futbol üzrə dünya çempionatının orada təşkili.
Yada salaq ki, bu çıxışdan cəmi iki gün qabaq N.Paşinyan İrəvanda facfebook-da etdiyi canlı çıxışında acı etiraflarda bulunmuş, hansısa məxfi sənəddən danışaraq “biz iflic vəziyyətdəyik, ölkə uğursuzluğa düçar olub, mövcud problemləri həll eləmək üçün illər lazımdır” söyləmişdi.
*****
Bu arada Ermənistan əhalisinin sayı son 6 ay ərzində 3700 nəfər azaldığı məlum olub. Məlumatı Nikol Paşinyan hökumətinə yaxın “Joxovurd” qəzeti yayıb. Həmin məlumata görə, hazırda ölkə əhalisinin sayı 2961600 nəfər təşkil edir. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 8200 nəfər azdır. Ən çox azalma isə Şirak vilayətində (2200 nəfər) qeydə alınıb.
Keçən ay isə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya Şöbəsinin rəisi Artak Markosyan erməni portalına müsahibəsində demişdi ki, doğum və ölümlə bağlı Ermənistanı çox çətin zamanlar gözləyir. Sitat: “Hazırda insan resursları baxımından Ermənistan müharibə vəziyyətində olduğu Azərbaycanla müqayisədə olduqca uğursuz durumdadır. Hətta 8 milyonluq Azərbaycanın varlığı da onunla müharibə vəziyyətində olan Ermənistan üçün çox pis gerçəklikdir. Ermənistanla düşmən münasibətdə olan başqa qonşunun - Türkiyənin əhalisi hazırda 82 milyondur və BMT-nin hesablamalarına görə, 2050-ci il üçün 98 milyon, Azərbaycanın əhalisi 11 milyon olacaq. Ermənistanın əhalisi bu müddətdə 2 milyon 861 minə kimi azalacaq”.
Paşinyan isə 2050-ci il üçün 5 milyon əhali sayından dəm vurur. Hansı düz deyir? Əlbəttə ki, məmur-demoqraf-mütəxəssis Markosyan, nəinki populist Paşinyan. Əsas da o səbəbə ki, bu problemlərin hamısının həlli önündə bir qalın divar dayanır: işğal amili, tək Qarabağ gerçəyi.
*****
Məntiqlə ölkənin rəhbərliyi, konkret olaraq Nikol Paşinyan ilk növbədə bundan narahat olmalıdır. Çünki fakt budur ki, Ermənistanda bəh-bəhlə reallaşan “məxməri inqilab”dan sonra da ölkədən kütləvi köç dayanmayıb. Ona görə ki, vəd olunan iş yerləri, xaricdən böyük sərmayələr elə quru söz olaraq, qalır. Bu fonda Ermənistanın xarici borcları artmaqdadır.
Ermənistan ordusunda davam edən başıpozuqluq, özbaşınalıq isə ermənilər üçün ayrı bir dərdə çevrilib. Məsələ ondadır ki, Paşinyan və hökuməti artıq vəd elədiyi hərbi islahatları da unudub. Ona görə ki, özünün dediyi kimi, bundan ötrü 5 milyard dollar lazımdır. Bu pullar isə küçələrə tökülməyib. Onu heç Qərbin zəngin erməni diasporu da vermək istəmir.
Bu da ordudakı acınacaqlı duruma güzgü tutan növbəti fakt. Söhbət Azərbaycanın işğal altındakı Ağdərə rayonu ərazisində, Madagis kəndi ərazisində yerləşən erməni hərbi hissəsində zabitlərin əsgərlərə qarşı ardı-arası kəsilməyən qəddarlıqlarından gedir. Erməni mənbələri bildirir ki, hərbi hissənin zabitlərinin bir qismi barədə artıq cinayət işi qaldırılıb, digərləri müxtəlif cinayətlərə görə məhkum edilib. Amma xidmətdən azad edilməyiblər və hələ də hərbi hissədə qulluq edirlər (Virtualaz.org).
Xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan artilleriyası Matagisdəki həmin hərbi hissəni sərrast zərbələrlə vurub, nəticədə düşmən xeyli itki verib. Hərbi hissədə ciddi dağıntı meydana gəlib. Habelə erməni mənbələrindən məlumdur ki, döyüşlər başlayanda Madagis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan qaçıb aradan çıxıb və yalnız atəşkəsin əldə olunmasından sonra hərbi hissəyə qayıdıb.
Forrights.am saytının yazdığına görə, həmin polkda sıravi əsgərləri döyür, onlara sadist işgəncələr verirlər. Bu işlərə polkun indiki komandiri Armen Gözəlyan başçılıq edir. Gözəlyanın müavini, polk komandirinin “sağ əli” mayor Artur Fərhadyan isə hərbi hissənin ən qəddar zabiti kimi ad qazanıb. O, iki dəfə məhkəmə qarşısında dayansa da, hərbi prokurorluq və Sünik məhkəməsi ona qarşı yumşaq davranıb. Nəhayət, 2019-cu ildə Gorus məhkəməsi mayoru 4 il həbsə məhkum edib, amma dərhal da qərar çıxarıb ki, Faxradyanın cəzası şərti cəza ilə əvəzlənsin. Hökmdən cəmi bir neçə ay sonra Faxradyan yenə əsgəri döyüb, iş hərbi prokurorluğa gedib. Amma mayoru yenə tutmayıblar və onun barəsində başqa yerə getməmək haqda iltizam almaqla kifayətləniblər.
“Cinayətkar mayor prokurorluğun, hakimlərin, öz komandirlərinin, polkovnik Armen Gözəlyanın, müdafiə naziri David Tonoyanın tam müdafiəsi altındadır. Hərbi hissədə cinayətlər isə davam edir” - sayt yazıb. Hüquq müdafiəçisi Janna Aleksanyan sayta bildirib ki, ordu ilə bağlı neqativ informasiyalar dərc ediləndən qat-qat çoxdur və onların açılmasına elə Müdafiə Nazirliyi əngəl yaradır.
Bu da sizə Paşinyanın hərbi sahədəki “islahatları”. Cinayətkar zabitlərin arxasında müdafiə naziri David Tonoyan durursa, əlavə şərhə ehtiyac qalmır...(müsavat)