Berlin. 1953. “Marmelad qiyamı” –sovet qoşunları almanların etiraz aksiyasını qanla boğub
Uzun illər 1953-cü ilin iyun günlərində Almaniya Demokratik Resbuplikasında baş varən hadisələr ictimaiyyətdən gizli saxlanılıb. Hətta hadisələr zamanı 32 nəfər sovet əsgərinin ölüm səbəbləri belə ailələrinə olduğu kimi açıqlanmayıb.
Yenixeber.org: Bu hadisə İosif Stalinin ölümündən sonra Avropanın sosialist məkanında kifayət qədər böyük gərginlik yaradıb.
Şərqi Almaniyada yaranmış gərginliyin səbəbi nə idi?
17 iyun 1953-cü ildə ərzaq məhsullarının qiymətlərinin qalxmasından sonra paytaxt Berlində şəhər sakinləri etiraz əlaməti olaraq küçələrə axışıblar. Almanların səhər yeməyi menyusunda ən çox istifadə olunan marmeladın da qiymətinin qalxmasından etirazçıların bu aksiyası şərti olaraq “Marmelad qiyamı” adlandırılıb.
Etirazlar sosial problemlər fonunda başlasa da, sonradan siyasi xarakter alıb. Mitinq və nümayişlərdə siyasi şüarlar səsləndirilib, Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşdirilməsi tələbləri də irəli sürülüb.
Etiraz dalğaları ölkənin digər bölgələrində də başlanıb. Təxmini hesablamalara görə etirazçıların ölkə üzrə ümumi sayı 1 milyonu keçib.
Berlindəki Nazirlər Evinin qarşısına toplaşan etirazçılar hökumət nümayəndələrini danışıqlara çağırıblar və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
Hökumət nümayəndələrindən sənaye naziri Fris Zelbman nümayişçilərdən çəkinməyərək etirazçı kütlənin qarşısına çıxıb. Nazir iş saatının uzadılması ilə bağlı qəbul edilmiş qərarın ləğv edildiyini bəyan etsə də, bu, qiyamçıları sakitləşdirməyib. Heç bir vəd, heç bir təklif, həyata keçiriləcək yeni qiymət siyasəti qiyamın qarşısını ala bilməyib.
Bölgələrdə radio qovşaqları, qəzet redaksiyaları qiyamçılar tərəfəindən ələ keçirilib, hökumət əleyhinə təbliğat aparılıb.
İyunun 23-nə kimi qiyamçıların etirazlarla müşayiət olunan fəaliyyət dairəsi daha geniş miqyas alıb.
Vəziyyətin nəzarətdən çıxaraq pik həddə çatması ölkədə böyük xaos yaradıb. Son çıxış yolu kimi Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarından istifadə etmək qərarına gəlinib.
20 mindən artıq sovet hərbçisi və 600-ə yaxın zirehli texnika şəhərə yeridilib. Qiyamçıların etiraz səsi onlara açılan atəşlərlə susdurulub.
Berlində keçirilən əməliyyata şəxsən, həmin döbrdə “NKVD”-nin başçısı olan Lavrenti Beriya rəhbərlik edib. Onun telefonla Berlindəki sovet qoşunlarının komendantı general-mayor Pyotr Dibrova ilk tapşırığı belə olub:
- Güllələrə qənaət etməyin. Qiyamçılara qarşı amansızlıq və qəddarlıq nümayiş etdirməklə vəziyyəti sabitləşdirin.
Bu, Lavrenti Beriyanın keçirdiyi sonuncu tədbir olub. Və yəqin ki, “dəmir nazir” heç ağlına da gətirməyib ki, 3 gün sonra iyunun 26-da ona qarşı “Kreml qiyamı” qaldırılaraq həbs olunacaq.
Qiyam zamanı 250 ictimai bina dağıntılara məruz qalıb. O cümlədən xalq polisinin, dövlət təhlükəsizlik xidmətinin 5 inzibati binası, həmkarlar ittifaqının binası da nümayiçilər tərəfindən dağıdılıb.
Qiyamçılar həmçinin 12 həbsxanaya da hücum edilər. Hücumlar zamanı 1400 məhbus çəzaçəkmə yerlərindən qaçmağa nail olub.
Qiyamın yatırılmasında 75 nəfər nümayişçi həlak olub.
Hadisə ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, qarşıdurma zamanı 32 nəfər sovet əsgəri də güllələnib. Onları güllələyən isə elə sovet ordusunun zabitləri olub. Şahidlərin ifadələrinə görə, onlar dinc əhaliyə atəş açmaqdan imtina etdiklərinə görə komandirləri tərəfindən güllələniblər.
Berlin hadisələri ilə bağlı bu günə qədər də bir çox gizli məqamlar var. Açılmış cinayət işi ilə bağlı bir çox qovluqların “məxfi” qrifli olması “Marmelad qiyamı”nın gizlinlərini açmağa hələ ki imkan vermir.
Amma ortada olan bir fakt var ki, həmin hadisələrdən sonra hökumət qəbul etdiyi bir çox qərarları dəyişib, qiymət siyasətinə yenidən baxıb, fabrik və zavodlarda iş rejimi köhnə əvvəki vaxtda olduğu kimi müəyyən edilib...(müsavat)
İlham Cəmiloğlu