Dövlət büdcəsindən 2018-ci ilin təhsil xərclərinə 2 milyard 1,5 milyon manat vəsait xərclənib.
Yenixeber.org: Bu rəqəm 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ildə ayrılan vəsaitlə müqayisədə 247,1 milyon manat və ya 14,1 faiz çoxdur.
Göründüyü kimi dövlətin digər sahələrə olduğu kimi təhsil sahəsinə də ayırdığı vəsait hər il artan templə davam etməkdədir.
Dövlətin 2018-ci ildə təhsil xərclərinə ayırdığı vəsaitin 1 milyard 82,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin, 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə xərclənməyi nəzərdə tutulmuşdur.
Bəs, görəsən, dövlətin təhsilin inkişafına ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənirmi?
Qlobal.az İnformasiya Portalının bu dəfəki araşdırması Lənkəran Dövlət Universitetinin 2018-ci ildə sifarişçisi olduğu tenderlərlə bağlıdır.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin (LDU) 2 (iki) lot üzrə keçirdiyi tenderlərin ümumi məbləği 313.629 (üç yüz on üç min altı yüz iyirmi doqquz) manat olub.
Universitetin “cari təmir işlərinin satın alınması” adlı I lot üzrə keçirdiyi tenderin smetası 210.000 manat, yenə də “cari təmir işlərinin satın alınması” II lot üzrə tenderin smetası isə 103.629 manat olub.
Hər iki tenderin qalibi “Convertal Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Ancaq Lənkəran Dövlət Universitetinin sifarişçisi olduğu 2 (iki) lot üzrə 313.629 manat dəyərində tenderin qalibi olan “Convertal Servis” MMC-nin nə əlaqə telefonu, nə web ünvanı var.
İnternet üzərindən apardığımız araşdırmada “Convertal Servis” MMC barəsində heç bir informasiyaya rast gəlinmir.
İndiyədək hansı işləri görməsi barədə heç bir məlumat olmayan “Convertal Servis” MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, mütəxəssis kontingenti və eləcə də mallar üzrə mənşə və uyğunluq sertifikatlarının olub-olmaması barədə də informasiya yoxdur.
Təhsil nazirliyinə universitet tikən şirkətin sahibi kimdir?
“Convertal Servis” MMC 2018-ci ilin mart ayının 1-də təsis edilib.
10 manat nizamnamə kapitalına sahib olan “Convertal Servis” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri Corat qəsəbəsi, Məhərrəmoğlu küçəsi, 86 ünvanıdır.
Şirkətin təsisçisi və direktoru Cavadov Murad Vahid oğludur.
Əldə etdiyimiz məlumata görə 1996-cı il təvəllüdlü, orta təhsilli Cavadov Murad hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət günəmuzd fəhlə işləsə də, hazırda işsizdir.
Murad Cavadov eyni zamanda “Convertal Servis” MMC-nin yox, ümumilikdə 5 MMC-nin təsisçisi və direktorudur.
İşi yoxdu, amma dövlətə bir milyon yarıma yaxın borcu var
Cavadov Murad Vahid oğlu ötən il Təhsil Nazirliyinin tenderinin qalibi olmuş “Convertal Servis” MMC ilə yanaşı, daha dörd MMC-nin təsisçisi və direktorudur.
Cavadov Murad Vahid oğlunun adına təsis edilən şirkətlərin beşi də eyni gündə, 2018-ci ilin mart ayının birində dövlət reyestrində qeydiyyata alınıb. Bu şirkətlərin – “Hennes İnşaat” MMC, “Sanofi Eko Təchizat” MMC, “Roche Trading” MMC, “İntel Dizayn” MMC və “Convertal Servis” MMC-nin hər birinin nizamnamə kapitalı 10 manatdır.
Təsis olunduqları müddətdən 15 ay keçən şirkətlərin ciddi vergi borcu yaranıb. Vergilər nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumata görə adıçəkilən şirkətlərin bu günə olan vergi borcu (“Hennes İnşaat” MMC – 115.387 manat, “Sanofi Eko Təchizat” MMC – 553.364 manat, “Roche Trading” MMC – 41.333, “İntel Dizayn” MMC – 30.403 manat, Convertal Servis” MMC -531.076 manat) ümumilikdə 1.271.562 manatdır.
Ölkədən çıxışına qadağa qoyulub
2018-ci ilin 13 dekabrında 2 saylı Ərazi Vergilər İdarəsinin iddiası ilə Sumqayıt Şəhər Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulub.
Səbəb kimi isə “Hennes İnşaat” MMC, “Sanofi Eko Təchizat” MMC, “Roche Trading” MMC, “İnten Dizayn” MMC və “Convertal Servis” MMC-lərin dövlətə yaranmış külli miqdarda vergi borclarının olması göstərilib.
Təhsil nazirliyi və Universitet rəhbərliyi susur
Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetindən mövqe öyrənməyə çalışdıq. Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimova ünvanladığımız suallara universitetdən qısa zamanda cavablandıracaqlarını desələr də, heç bir cavab verilmədi.
Təhsil nazirliyindən də məsələyə mövqe öyrənməyə çalışdıq.
Lakin Təhsil nazirliyi də Lənkəran Dövlət Universiteti kimi suallarımızı cavablandırmadı.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti deyir bizlik deyil
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin adından Qlobal.az-a daxil olan məktubda deyilir:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qаnununun 2-ci maddasinə uyğun olaraq satınalan təşkilat malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə va təşkilatları (idаrələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çох olan müəssisə və təşkilatlardır. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq satınalma prosedurlarında iştirak etmak üçün malgöndərənlərin (podratçılann) ixtisas göstəriciləri həmin maddadə qeyd olunan tələblərə cavab verməlidir.
Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən mаlgöndərənlərin (podratçılarln) ixtisas göstəriсilərinin “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən olunmuş tələblərə uyğunluğununu müəyyən edilməsi, tenderin əsas şərtlər toplusunun va tепdеr еlапının təsdiq olunması, iddialılardan daxil оlап tепdеr təkliflərinin qiymət|əndirilməsi, müvafiq satınalma рrоsеdurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması satınalan təşkilat və опuп tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətlərinə aiddir.
Hesablama Palatası deyir hələ hesablamamışıq
Lənkəran Dövlət Universitetində 2018-ci üzrə audit aparılıb-aparılmaması ilə bağlı Hesablama Palatasına müraciət etdik.
Hesablama Palatasının İcmal Analitik Şöbəsinin müdiri Vəfa Mütəllimova Lənkəran Dövlət Universitetində 2018-ci il üzrə audit aparılmadığını bildirdi.
Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulması barədə Məhkəmə qətnaməsinin surəti
Cavadov Murad Vahid oğlunun adına təsis edilən MMC-lər