İrəvandan Rusiyaya qaz şantajı, ABŞ-a de-marş - düşmən çıxılmazda
Ermənistan hökuməti əhalisi üçün ucuz təbii yanacaq və rahat güzəran axtarışında; Moskva və Vaşinqton isə “göz yaşları”na inanmır; ermənilərin həyat səviyyəsi Nikol Paşinyanın reytinqi ilə birlikdə aşağı düşür - səbəblər...
Yenixeber.org: ABŞ-ın vitse-prezidenti Mayk Pens bu günlərdə bəyan etdi ki, Vaşinqton İrana qarşı əsl sanksiyalara hələ indi-indi başlayır. Sözsüz ki, cənub qonşumuza qarşı yeni və daha sərt sanksiyaları Azərbaycan da ciddiyə almalı olacaq. Ancaq ABŞ-İran münasibətlərində yaşanan böhran onsuz da Azərbaycan və Türkiyənin blokadasında olan işğalçı Ermənistanı xüsusilə qəliz duruma sala bilər.
İrəvan üçün durumu ağırlaşdıran həm də odur ki, ondan ötrü həyati önəm kəsb edən və faktiki, varlıq qarantı rolunda olan iki vazkeçilməz müttəfiqin (Rusiya və İran) hər ikisi ABŞ-ın hədəfindədir. Bu iki dövlət ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Şimali Koreya ilə birgə 3 əsas təhlükə - “şər oxu” elan edilib. Demək, Tehran və Moskvanın yanında olanlar da, xüsusilə kiçik dövlətlər Birləşmiş Ştatların qəzəbinə gələ bilər.
Ötən ilin oktyabrında regionda, İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ilk növbədə bu reallıqdan çıxış edərək Ermənistanı xəbərdar etmiş, baş nazir Nikol Paşinyanı ənənəvi qəlibləri sındıraraq, Rusiyadan uzaqlaşmağa, bundan ötrü Türkiyə və Azərbaycanla əlaqələri qaydaya salmağa, bunun üçün isə Dağlıq Qarabağ probleminin həlli yönündə real addımlar atmağa çağırmışdı.
Təbii ki, ABŞ bununla Ermənistanın Rusiya ilə yanaşı, İrandan asılılığının da minimuma enəcəyini hədəfləyib. Lakin Ermənistanın yeni rəhbərliyi nəinki buna getmədi, üstəlik, Nikol Paşinyan Moskva və Tehranla daha da yaxınlaşmaq kursu götürdü. Bu isə o deməkdir ki, işğalçı ölkənin rüşeym halında olan iqtisadiyyatı, energetik sferası, təhlükəsizliyi məsələsi bütövlükdə Moskva və Tehrandan asılı qalmaqda davam edəcək. Qarabağ ixtilafının dinc həlli isə yenə Rusiya və İranın məlum mövqeyi üzündən dalandan çıxmayacaq.
*****
Ermənistan hökumətini narahat edən məsələlərdən biri də Rusiyadan alınan təbii qazın qiyməti ilə bağlıdır. Çünki qaz enerjidaşıyıcısı olmaqla yanaşı, ölkədə elektrik enerjisinin, gündəlik tələbat mallarının qiymətinə, demək ki, baş nazirin reytinqinə birbaşa təsir göstərən amildir. O səbəbə Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz, əlindən gələni edir ki, Rusiya satdığı qazı bahalaşdırmasın. Lakin İrəvan hələ də Moskva ilə məqbul qaz anlaşmasına nail ola bilməyib.
Xatırladaq ki, bu il yanvarın 1-dən “Qazprom” işğalçı ölkəyə satdığı “mavi yanacaq”a qiyməti hər min kub metr üçün 150 dollardan 165 dollara qaldırıb. Bu günlərdə isə Paşinyanın əsas təbliğat ruporu olan “Jamanak” nəşri yazmışdı ki, Rusiya 2020-ci il yanvarın 1-dən qiyməti 200 dollara qaldıracaq. Görünür, bütün bunları nəzərə alan Ermənistan rəhbərliyi altdan-altdan Rusiya qazına alternativ axtarır.
“Ermənistan İrandan təbii qaz tədarükü haqda danışıqları davam etdirir”. Bunu Ermənistan baş nazirinin köməkçisi, keçən həftə Tehranda səfərdə olmuş və İran prezidenti H. Ruhani ilə görüşmüş Mqer Qriqoryan deyib. Qriqoryan məsələ ilə bağlı iki ölkənin hökumətləri arasında yeni anlaşmanın əldə edildiyini bildirib. O, İranın Ermənistana satacağı qazın qiymətində güzəşt olacağını istisna etməyib. “Məsələ ilə əlaqədar yaxın vaxtlarda İrandan bir qrup mütəxəssis İrəvana gələcək və müzakirələri İrəvanda davam etdirəcəyik” - Qriqoryan əlavə edib.
İranın energetika naziri Reza Ardakanyan da İranın Ermənistana qaz ixracını artıracağını istisna etməyib. “Hazırda bu barədə tərəflər arasında çoxtərəfli müzakirələr aparılır”, - deyə o bildirib.
Onu da yada alaq ki, İranın energetika sektoruna sanksiya tətbiq edən ABŞ ölkələrə müraciət edərək, Tehrandan neft-qaz almamağa çağırıb. Vaşinqton bu çağırışa məhəl qoymayan dövlətləri dəfələrlə sanksiyalarla təhdid edib. Göründüyü kimi, Ermənistan bu təhdidlərə məhəl qoymur. Eyni zamanda bir növ öz ağası Moskvanı da şantaj edir ki, Rusiya qazını ucuz İran qazı ilə əvəzləyə bilər.
Hər necə olmasa, getdikcə ölkə daxilində nüfuzu azalan Paşinyan ilk növbədə öz başının hayındadır və nəsə etməyə çalışır. Ölkədə isə artıq energetika sahəsində də böhran başlayıb. Elə iki gün öncə paytaxt İrəvan qazla işləyən İES-lərdəki qəza və nasazlıqlar ucbatından zülmətə qərq olmuşdu. Başqa yandan, Gürcüstandakı proseslər düşmən ölkənin xaricə əsas çıxış qapısının bağlanma riskini yaradıb.
*****
Bu arada Ermənistanda Paşinyan hökumətindən ictimai narazılıq getdikcə böyüməkdədir. Əsas səbəb də Paşinyanın “məxməri inqilab” zamanı verdiyi vədlərin heç birini tutmamasıdır.
“Təəssüf ki, xalqın ümidlərinin doğrulması ona qismət deyilmiş. Yeni hökumətin bütün islahatları hakimiyyətin rokirovkası ilə bitdi və verilən vədlərin bəsit ritorikası səviyyəsində dayandı”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər 1in.am portalında getmiş tənqidi məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: “Son rəy sorğularına görə, Nikol Paşinyanın reytinqi prezidentin reytinqindən 5% aşağıdır - 56 və 61%. Amma Paşinyanın hakimiyyətdə olduğu ilk 6 ayda reytinqi hansı yüksək səviyyədə idi - təxminın 85% (özü də həmin sorğunu da eyni qurum – ABŞ-ın Respublikaçılar İnstitutu keçirmişdi). Ötən il Ermənistan əhalisinin əksəriyyəti gələcəyə və Paşinyan hökumətinə ümidlə baxırdı. Təəssüf ki, bu ümidlərin çin olması qismət deyilmiş. Yeni hökumətin bütün islahatları hakimiyyətin rokirovkası ilə bitdi və verilən vədlərin bəsit ritorikası səviyyəsində dayandı. Ermənistanda həyat əgər yaxşılaşıbsa da, yalnız rahat hökumət kabinetlərində iş tapanlar üçün yaxşılaşıb. Yerdə qalanlar üçün hər şey əvvəlki kimidir - biz yenə əvvəl olduğu kimi, sağ qalmaq uğrunda mübarizə aparırıq - ancaq artıq postinqilab Ermənistanında. Belə şəraitdə əsla təəccüblü deyil ki, Paşinyanın reytinqi ötən illə müqayisədə 29% aşağı enib. Bu reytinq bundan sonra da düşməkdə davam edəcək, əgər hökumət, nəhayət, öz vədlərini yerinə yetirməyə girişməsə, xalqın güzəranını yaxşılaşdırmağa başlamasa”.
“Armenianreport” saytı isə hazırkı hökumətə qarşı daha sərt iddia ilə çıxış edib. Sayt yazıb ki, Nikol Paşinyan Ermənistanda Rusiyanın yeni “5-ci kolon”unu bəsləyir.
“Baş nazir güman edir ki, ona hər şey olar, o, cəmiyyətdə kifayət qədər populyardır və ona hər şeyi bağışlayırlar. Bu, o demək deyil ki, ona erməni xalqını manqurtlaşdırmağa izn veriləcək. Nikol nə qədər ki, hakimiyyətin sükanı arxasındadır, bir o qədər də xarici və daxili siyasətdə səhvlərə yol veriləcək. Belə təəssürat yaranır ki, o, xalqı Sərkisyanı devirməyə aparanda verdiyi vədləri unudub. Paşinyan müxalifətdə olanda Ermənistanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyünü tənqid edərək hökuməti Qərblə münasibətləri inkişafa çağırırdı. Ermənistana rəhbərlik edəndən sonra bu istiqamətdə heç nə etmədi. Ermənistan təkcə Rusiyanın təsir zonasında qalmadı, həm də o öz siyasəti ilə İrəvanı bu bataqlığa daha da batırdı”, - deyə məqalədə bildirilib.
Beləcə, Paşinyanın öz xalqına verdiyi vədləri ona tez-tez xatırlatmağa başlayıblar. Bu da məntiqlidır. Ölkədə tamaşa göstərmək dönəmi bitib. İndi ermənilərə çörək lazımdır. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Ac qılınca çapar...”