“Ermənistan təklif ediləni götürməsə...” - 21 il öncənin yanlışı
Rəsmi İrəvan seytnot vəziyyətdə; Paşinyan Ter-Petrosyanı aktiv Qarabağ danışıqlarına qaytarır? Erməni şərhçi: “Baş nazir Qarabağ problemindən yayınmağın yolunu axtarır...”
Yenixeber.org: Ötən həftəsonu rusiyalı tanınmış politoloq Sergey Markov Dağlıq Qarabağa dair sülh danışıqlarının ağır getməsinin səbəblərindən danışarkən maraqlı bir fikir səsləndirib. Markov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqları Azərbaycana qaytarmaq istəyir, ancaq bundan qorxur. Bənzər ifadəni keçən həftə digər tanınmış rusiyalı analitik Oleq Kuznetsov da söyləyib. Onların qənaətincə, Paşinyan buna gedərsə, özünə qarşı sui-qəsdlə üzləşə bilər.
Bu sözlərdə həqiqət payı əslində az deyil. Ermənistanda yaxın tarixdə baş verən olaylar, terror aktları bunu bariz şəkildə sübut edir. Söhbət xüsusən də 1998-ci ildə Dağlıq Qarabağ məsələsində Azərbaycanla ciddi kompromisə hazırlaşan və problemin mərhələli həllinə razılıq verən prezident Levon Ter-Petrosyanın hakimiyyətdən devrilməsi və 1999-cu ilin oktyabrında, ATƏT-in İstanbul sammiti ərəfəsində (həmin sammit çərçivəsində Bakı və İrəvan Qarabağa dair çox mühüm anlaşma sənədi imzalamalı idi) Ermənistan parlamentinin gülləbaran edilməsindən gedir.
*****
Məsələ də ondadır ki, Dağlıq Qarabağ mövzusu çoxdan işğalçı ölkədə hakimiyyət uğrunda mübarizədə ən sınanmış və əlverişli rıçaqa çevrilib. Ancaq siyasi qüvvələrin bir-birinə qarşı amansız mübarizəsində “Qarabağ kartı”ndan istifadəsi öz yerində, bundan da acı reallıq belədir ki, erməni toplumunun özü bütövlükdə Azərbaycanla ədalətli sülhə hazır deyil, problemə yanaşmada ən radikal mövqe tutmaqda davam edir.
Bunun bir günahı da Ermənistanı idarə edənlərin, - Ter-Petrosyan xaric, - sərt həqiqəti illər uzunu öz xalqından gizlətməsi, erməni toplumunun xülyalarla yaşamasına əsas və rəvac verməsidir. Halbuki Dağlıq Qarabağın nə rəsmən Ermənistana birləşdirilməyəcəyi, nə də müstəqil dövlət kimi dünya tərəfindən tanınmayacağı çoxdan məlumdur. Bu iki variantdan hansısa biri baş versəydi, 26 ildə baş verər, BMT-nin də Dağlıq Qarabağa dair məlum qətnamələri ləğv edilərdi.
Təəssüf ki, Ermənistanın yeni inqilabçı rəhbəri də özünün legitimliyi və yüksək reytinqindən istifadə edib gerçəyi öz toplumuna tədricən anlatmaq, onu mifik yox, real sülhə hazırlamaq əvəzinə, sələfləri kimi (Ter-Petrosyan xaric), həmin toplumun Qarabağla bağlı ifrat mövqeyinin və xəstə təfəkkürünün əsirinə çevrilib.
Bu mənada Paşinyanın hansı ağır yükün altına girməsini fərq eləməsi təbiidir. Odur ki, erməni baş nazir manevr edir, vaxt uzatmağa çalışır. Ancaq bunun da bir sonu gələcək və Qarabağla bağlı Nikoldan konkret mövqe, qərar tələb olunacaq. Belə görünür, Nikol Paşinyanı ən çox qorxudan da elə budur. Onun durumu indi şahmat termini ilə desək, “seytnot vəziyyət”ə uyğundur.
*****
“Paşinyanın Qarabağ danışıqlarında şəxsən iştirakı onun üçün siyasi fiasko ilə nəticələnə bilər. Bu səbəbə ona elə bir adam lazımdır ki, qəbul olunan qərarlara görə məsuliyyəti onun üzərinə qoya bilsin”. “Yeni Müsavat”ın məlumatına görə bu fikir erməni siyasi şərhçi Mamikon Babayanın “Vestnik Kavkaza” portalında Dağıq Qarabağ danışıqlarının perspektivinə həs olunmuş təhlili məqaləsindən yer alıb.
Erməni təhlilçinin sözlərinə görə, qondarma Dağlıq Qarabağ hakimiyyətinin nümayəndələri “Qarabağ klanı”nın silahdaşları olduğu üçün Paşinyandan ötrü etibarlı adamlar deyillər: “Ermənistanın indiki prezidenti Armen Sərkisyan da diplomatik praktikada böyük təcrübəyə malik olmasına rəğmən, etibarlı deyil. Paşinyan ona rəğbət bəsləmir və onların siyasi münasibətlərini tərəfdaş münasibətlər adlandırmaq olmaz. Baş nazir təcrübəli, nüfuzlu siyasətçinin dəstəyinə ehtiyac duyur. Və bu rola ən ideal namizəd kimi sabiq prezident Levon Ter-Petrosyan uyğun gələ bilə bilər - kiminlə ki, Paşinyanın etibarlı əlaqələri hələ də qalır”.
Müəllifə görə, Ter-Petrosyan baş nazirə əla uyğun gəlir: “Məsələ ondadır ki, o, Paşinyandan az populyardır, o ki ola Armen Sərkisyan. Erməni prezident Beynəlxalq Respublika İnstitutunun (İRİ, ABŞ) keçirdiyi son rəy sorğusuna görə, populyarlıq baxımından Paşinyanı üstələyib. Ter-Petrosyan, üstəlik, Azərbaycan tərəfində nüfuza və Qarabağ nizamlanması üçün bütün zəruri rıçaqlara malikdir. Ancaq Ermənistanın mövcud konstitusiyasına görə, prezident xarici siyasətlə məşğul ola, o cümlədən Qarabağ nizamlanmasına dair qərarlar qəbul edə bilməz. Ona görə də parlamentdə konstitusiyaya zəruri dəyişikliyin edilməsi və prezidentli üsul-idarəyə keçid haqda ehtiyatlı söhbətlər təsadüfi deyil”.
Lakin Babayanın fikrincə, cəmiyyətdəki ovqatı və demokratikləşmə sahəsində ümum-Avropa meyllərini nəzərə alan Paşinyan və komandası köhnə idarəçiliyə qayıdışa risk eləməz. “Bununla belə, özünəməxsus konsensus kimi onlar parlament vasitəsilə müvafiq dəyişikliklərə nail olub gələcək prezidentə (Ter-Petrosyana, Ermənistanda prezidenti parlament seçir və orada Paşinyan tərəfdarları üstünlükdədir - ”YM") xarici siyasəti aparmaq səlahiyyəti verməyə çalışa bilərlər. Bu, Nikol Paşinyan və onun siyasi uzunömürlülüyü üçün böyük önəm daşıyır. Beləcə, baş nazir özünün təhlükəsizliyini təmin edə və erməni siyasəti üçün həlli vacib ən mühüm Qarabağ problemindən yayına bilər", - deyə məqalənin sonunda bildirilir.
*****
Onu da qeyd edək ki, Nikol Paşinyan vaxtilə Ter-Petrosyanın rəhbəri olduğu Erməni Ümummilli Konqresinin üzvü, hətta eks-prezidentin sadiq silahdaşlarından və məfkurə ortaqlarından olub. Ter-Petrosyan özü isə Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarı kimi tanınır. Məhz buna görə o, 1998-ci ildə hakimiyyətdən devrilmişdi.
Lakin indi 1998-ci il deyil. Ötən 21 ildə erməni toplumu bir daha, dönə-dönə əmin olub ki, konfliktin həlli və blokadanın götürülməsi gerçəkdən də Ter-Petrosyanın dediyi kimi, yalnız mərhələli həll modeli əsasında mümkündür. Bu da sabiq prezidentin məşhur fikridir ki, o vaxt demişdi: “Bizə təklif ediləni indi götürməsək, vaxt gələcək, yalvaracağıq, çünki Ermənistan zəifləyəcək”.
Hələ ki Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu təklif edir. Sabah bu da olmaya bilər...