İran inqilabının 40 ili:İslam inqilabı İranda nələri dəyişdi?
İran İslam inqilabının 40 ili tamam olur. 1979-cu il fevralın 11-də kütləvi etirazların fonunda Rza Pəhləvinin sonuncu baş naziri Şapur Bəxtiyar istefa verir. Bununla da İranda 54 il davam edən Pəhləvi sülaləsinə rəsmən son qoyulur. İran şahı özü isə yanvarın 16-da müalicə adı ilə Tehranı tərk etmişdi. İnqilabın lideri, 14 il sürgündə yaşamış ruhani lider Ayətullah Ruhullah Xomeyni fevralın 1-də 4 ay yaşadığı Fransadan İrana qayıtmışdı.
Yenixeber.org: Fevralın 25-də isə Ayətullah Xomeyni şəriət idarəçiliyi elan edir. Martın 1-də Ayətullah Xomeyni Qum şəhərinə köçür və dövləti burdan idarə etməyə başlayır. Bundan sonra o, rəsmi elan olunmasa da özünün yazdığı nəzəriyyəyə əsasən “Vəliyyi Fəqih”, yəni yeni qurulan dövlətin birinci adamı, dövlət rəhbəri olur. Apreldə isə İranda referendum keçirilir və səsvermə nəticəsində ölkə rəsmən İslam Respublikası elan olunur.
İran İslam inqilabının adı Ayətullah Xomeyni ilə xatırlanır. Çünki İranda həm inqilabın baş tutması, həm də onun nəzəri olaraq işlənib, hazırlanması məhz bu adamın adı ilə bağlıdır. İkinci Dünya Müharibəsi illərində şaha qarşı tənqidi çıxışları ilə məşhurlaşan Ruhullah Xomeyni 1964-cü ildə İranda şah əleyhinə davam edən etirazlar, xüsusən də din xadimlərinin fəallıq etdiyi aksiyalardan sonra əvvəlcə Türkiyəyə, bir ildən sonra isə İraqa sürgün edilir. 13 il İraqda – şiələrin müqəddəs şəhəri Nəcəfdə yaşayan Ayətullah Xomeyni burada mədrəsədə dərs deyir, eyni zamanda İslam inqilabının, eləcə də islam dövlətinin nəzəri-hüquqi əsaslarını, başqa adla hazırkı dövlət sistemini işləyib hazırlayır.
Kökləri daha əvvəlki şiə mənbələrinə əsaslanan “Vilayəti Fəqih”, yəni fəqihin (İslam hüquqçusu – alim – K.R.) hakimiyyəti nəzəriyyəsini işləyib hazırlayır. Eyni zamanda İranla əlaqələrini davam etdirir və İrandakı din xadimlərini Şah hakimiyyətinə qarşı mübarizəyə çağırır. 1970-ci illərin ortalarından başlayaraq Şaha qarşı etirazlar daha sistemli və sərt olmağa başlayır. İraqda Bəəs Partiyasının hakimiyyəti Şahın tələbi ilə Ayətullah Xomeynini ölkədən çıxarır. Bir neçə ölkədən təklif olunur və 1978-ci ilin oktyabrında Xomeyni Fransanın paytaxtı Paris yaxınlığında Nofel la Şote qəsəbəsində yerləşir. 4 aydan sonra isə “Air Franse” təyyarəsi ilə Tehrana dönür.
BBC İran inqilabını 20-ci əsrin ən böyük hadisələrindən biri adlandırır. Bu isə təsadüfi deyil. Çünki İran inqilabı bütövlükdə müsəlman dünyasında baş verən və uğurla nəticələnən yeganə inqilabdır. İran İslam inqilabı 20-ci əsrin əvvəllərində müsəlman aləmində başlayan siyasi islam fikrinin qələbə çalması hadisəsi oldu. Hansı ki, daha əvvəl və sonra bu cür cəhdlərin heç biri uğurlu alınmadı. İran inqilabı isə baş tutdu, çünki daha yaxşı hazırlanmışdı və Britaniyanın sabiq baş naziri Toni Bleyerin dediyi kimi, “Biz İranı ideologiyası olan bir dövlət sanırdıq, ancaq İran dövləti olan bir ideologiya idi”.
Şiəlik ideyası üzərində hazırlanmış Vilayəti-Fəqih - İslam hökuməti konsepsiyası İran inqilabının ideoloji bazasını təşkil etdi. Daha sonra formalaşan İslam Respublikası da bu əsaslar üzərində formalaşdı. Ən yuxarıda dini iqtidar və aşağıda birbaşa xalq səsverməsi ilə seçilən prezident və parlament. Yeri gəlmişkən, İranın hazırkı sistemində vəliyyi-fəqihi, yəni ölkənin dini liderini – birinci şəxsini də dolayısı ilə xalq seçir. Yəni xalq səsverməsi ilə formalaşan 83 nəfərlik üləma məclisi – Xubreqan ölkənin ali dini liderini seçir və ya vəzifədən azad edir.
Mütəxəssislərə görə, İran inqilabı mədəni inqilab idi. Çünki mövcud kapitalizm sistemi, azad bazar saxlandı, ölkə idarəçiliyi isə Respublika quruluşuna əsasən formalaşdırıldı. Yeri gəlmişkən, İranda daha sərt, yəni qatı dini idarəçilik tələb edən qruplar da olub. Ancaq həm onlar, həm də inqilabın dindarlarla yanaşı digər “şəriki” olan kommunistlər sonradan sıradan çıxarıldı.
İslam inqilabı qalib gəldikdən dərhal sonra yeni dini hakimiyyət ABŞ-a qarşı cəbhə açaraq Vaşinqtonu “Böyük Şeytan” elan edir. Vaşinqtonun Şahı dəstəkləməsi, eləcə də devrilən Şahın ABŞ-a yerləşməsi münasibətləri daha da pis təsir etdi. 1979-cu ilin 4 noyabrında görünməmiş hadisə baş verir: İranlı tələbələr Tehrandakı ABŞ səfirliyini ələ keçirirlər, 66 səfirlik əməkdaşı girov götürülür. 1980-ci ildə ABŞ ordusunun Tehrandakı girovları azad etməsi üçün planlaşdırdığı xüsusi əməliyyat ölkənin cənubunda, Təbəs çölündə baş verən fırtına nəticəsində fiaskoya uğradı. Amerikalı səfirlik əməkdaşları isə yalnız 1981-ci ildə azad edildi. Ancaq ABŞ və İran arasında düşmənçilik davam etdi.
2013-cü ildə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra münasibətlər qismən yumşalıb və hətta 2015-ci ildə nüvə anlaşması imzalanıb. 2016-cı ildə prezident seçilən Donald Tramp 2018-ci ilin mayında nüvə anlaşmasından çıxıb və münasibətlər yenidən gərgin nöqtəyə yüksəlib.
İslam inqilabı İranda bir sıra dəyişikliklərə səbəb olub. İlk növbədə əhalinin sayı kəskin şəkildə artıb. 40 il əvvəl İran əhalisinin sayı 36 milyon olduğu halda bu gün 82 milyondur. Əhali sayının iki dəfədən çox artımı ölkə üçün təbii olaraq çətinliklər yaradır.
İnqilabdan sonra İranda inkişaf edən sahələrdən biri elm sahəsidir. Hazırda İran ildə 54 min elm resenziya ilə dünyada 16-cı, regionda birinci yerdədir. Ordu gücünə görə hazırda dünyada 13-cü olan İran, milli raket sənayesi olan 26 ölkə biridir.
Hazırda dünyanın 18-ci böyük iqtisadiyyatı olan İran kənd təsərrüfatında xeyli irəliləyib, hazırda taxıl istehsalında dünyada 13-cü ölkədir.
Bundan başqa ildə 1,5 milyon avtomobil istehsal edən İran dünyada ilk “iyirmilikdədir”. Ən böyük uğurlardan biri də təhsil sahəsindədir. İnqilabdan əvvəl İranda əhalinin 47 faizi savadlı olduğu halda, indi bu rəqəm 85 faiz həndəvərindədir. İnqilabdan əvvəl İranda 223 ali təhsil müəssisəsi və paralel olaraq 170 min tələbə olduğu halda hazırda 2800-dən ali təhsil ocağı və 4 milyondan çox tələbə var.
Ancaq inqilabdan sonra İranın itirdikləri də oldu. İnqilabın ilk günlərindən bu yana İran ABŞ-ın və Qərb ölkələrinin sanksiyaları altında yaşayır. Adambaşına düşən milli gəlir 1976-cı ildə 10200 dollar olduğu halda, 2017-ci ildə 6900 dollara düşüb. Dünyanın ikinci ən böyük qaz ehtiyatına və 4-cü neft ehtiyatlarına sahib ölkə üçün bu çox aşağı göstəricidir. Bundan başqa ölkənin əsas gəlir qaynağı olan neft ixracatında da ciddi eniş yaşanıb. Şah dövründə gündəlik ixracat 6 milyon barelə yaxınlaşsa da, hazırda bu rəqəm 2 milyon ətrafındadır. Bu isə ölkənin gəlirlərinə mənfi təsir edib. Üstəlik embarqolar səbəbindən neft istehsal edən qurğular, sənaye avadanlıqları və həmçinin təyyarə ala bilməyən İran hökuməti ciddi sıxıntı yaşayır. İran dünyada ən çox aviasiya qəzalarının baş verdiyi ölkələrdən biridir. 2015-ci ildən sonra İran embarqoların yumşalması səbəbindən həbs qoyulmuş pullarını və yatırım imkanları əldə etdikdən sonra ölkənin mövcud sıxıntıları aradan qaldıracağına ümidləri yaransa da, ABŞ prezidentinin nüvə müqaviləsindən çıxması və yeni sanksiyalar tətbiq etməsi İranı yenidən çətin dövrlərə salıb. Lakin hazırkı İran rəhbərliyi geri çəkilmək istəmir. ABŞ hakimiyyətinin İranın Yaxın Şərqdəki fəallığını azaltması, region ölkələrindəki üsyançı qruplara silah verməsini dayandırması tələblərini Tehran rədd edir.
Məsələ ondadır ki, İranın müsəlman coğrafiyasındakı fəaliyyəti İslam Respublikası ilə başlamayıb. Uzaq tarixdən bu yana, hətta Pəhləvi sülaləsi dövründə belə İran Yaxın Şərqdə aktiv, müdaxiləçi siyasi xəttini davam etdirib. Oxşar kurs İslam Respublikası dövründə, fərqli baxış üzərindən davam etdirilir. 1960-cı illərdə Yəmənə ordu göndərən, 70-ci illərdə Bəhreynə iddialı edən şahlıq İranı o qədər sakit ölkə deyildi. Bu gün də İranın Yaxın Şərqdəki aktiv siyasəti davam edir. Üstəlik ABŞ-ın basqıları İran hakimiyyətini daha da radikallaşdırır və daha sərt xətt tutmasına səbəb olur. Bu mənada İran ətrafında vəziyyətin normallaşması təkcə Tehrandan asılı deyil, həm də bölgədəki hərbi-siyasi vəziyyətdən və Qərbin region siyasətindən asılıdır.(müsavat)
Kənan Rövşənoğlu