Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Kim kimi məğlub edəcək: ABŞ Çini, yoxsa əksinə? –Ekspertlər Amerikaya üstünlük verirlər - Araşdırma

Nikolay Protsenko

vzqlyad.ru, 27.11.2018

 

Yenixeber.org: İndiki yüzilliyin ilk 15 ili boyunca dünyanın 138 ölkəsində Çinin 4400-dən çox inkişaf layihəsi – körpü, xəstəxana, aeroport, yol və s. inşası  gerçəkləşdirilib. Çinin iqtisadi ekspansiyasına həsr edilmiş özəl araşdırmanın məlumatı belədir. Pekin niyə Rusiyaya deyil, Afrikaya pul yatırır və bu ona kürəsəl lider rolunda ABŞ-ı əvəzləmək imkanı verəcəkmi?

Çin dünyada iqtisadi infrastrukturun maliyyələşməsində ən böyük qaynaq olub. Bu haqda ABŞ-ın ən qədim ali məktəblərindən biri – Vilhelm və Mariya Kollecinin “AidData” araşdırma laboratoriyasının məruzəsində deyilir. Çini bu qədər fəal iqtisadi ekspansiya aparmağa nə vadar edir?

Rusiya çinşünası Georgi Koçeşkov qeyd edir – ÇXR iqtisadi ekspansiyasının üç əsas hədəfi var: xammal tədarükü, satış bazarları və Çin iqtisadiyyatı üçün texnologiya axınını təmin etmək. Ekspansiya əvvəlcə nöqtəvi səciyyə daşıyırdı. Amma 2008-ci il dünya böhranından sonra daha əhatəli və sistemli olub.

Mənzərə sadələşdirilsə, Çinin yatırım strategiyasının iki variantını ayırmaq olar. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də Afrikada Çin üçün xammalı ÇXR-ə zəmanətlə tədarük etməklə qaynaqlara nəzarətin təmini prioritetdir. Çinin  ticari tərəfdaşları kimi bu ölkələrin iqtisadiyyatının inkişafı üçün bu strategiya çərçivəsində artıq mövcud olan obyektlərin alqısı və ya yeni nəqliyyat və sair infrastrukturun inşası gedir.

Bu, – Koçeşkov vurğulayır, – onlarda Çinə təkcə xammal tədarükünün təminatı üçün deyil, həm də bu ölkələrin Çin malları və xidmətləri üçün satış bazarı qismində daha  böyük rol oynamasına görə edilir. Çinlilər bu model çərçivəsində nəzarət və ya nəzarət üçün yetərincə böyük səhmlər zərfini əldə etməyə çalışırlar”.

“AidData”nın araşdırmasında təqdim edilmiş xəritəyə baxılsa, duyum yarana bilər ki, Çin yatırımları başlıca olaraq məhz inkişaf etməkdə olan ölkələrə gedir. Çinin maliyyələşdirdiyi ən böyük obyektlər yığını ekvatorial və tropik Afrikanın sahilyanı dövlətlərində, Orta və Cənubi-şərqi Asiyada, Cənubi Amerikanın və Karib hövzəsinin bir sıra dövlətlərində iştirak edir. Lakin Çin “birinci dünya”ya da bundan uğursuz yatırım qoymur – yalnız başqa strategiya çərçivəsində. Orada uyğun şirkətlərdə səhmlər zərfinin alqısı yoluyla texnologiyaların əldə edilməsi, habelə bütünlükdə iqtisadi təsiri və işgüzar əlaqələri çoxaltmaq məqsədilə müxtəlif qovuşma və udulmalar prioritetdir.

 

Rusiya ağ ləkədir?

 

Rusiya “AidData”nın xəritəsində yalnız nöqtəvi layihələrlə təmsil olunub. Başqa cür deyilsə, belə bölgələrlə tutuşduranda Çinin yatırımları ölkəmizin infrastrukturuna, demək olar, gəlmir. Bu, Rusiya statistikasına da uyğundur – buna əsasən, 2016-cı ilin sonunda cəmi 3 milyard dollara yaxın Çin yatırımı cəmləşib ki, bu da iki böyük ölkənin ölçüsünə görə o qədər də böyük deyil.

Amma Rusiya statistikasının özəlliyi bundadır ki, yatırımların gəldiyi son məntəqəni müəyyən etməyə can atmır. Buna görə də RF-yə Çinin birbaşa xarici yatırımları (BXY) Çin statistikasındakından bir neçə dəfə az çıxır, o isə mühüm rəqəm verir – haradasa, 13 milyard dollar.

Bir yandan, hər şey o qədər də pis deyil, – Koçeşkov şərh edir. – ÇXR statistikasından çıxış edilsə, onda Rusiya Çinin Braziliyaya BXY-dan bir neçə dəfə çox alıb. Ofşor Kaymanı və Virginiya adaları çıxılsa, onda Çinin Latın Amerikasının bütün ölkələrinə yatırımlarıyla tutuşdurula bilər. Lakin bu, Çinin Avstraliyaya BXY-dan iki dəfə azdır.

O biri yandan, çinlilər Rusiyaya daha çox “xammal” variantı üzrə yatırım qoyurlar. Çinin RF-yə birbaşa yatırımlarının, təxminən, üçdə ikisi mineral resurslar hasilatı, kənd təsərrüfatı və meşəçiliyə düşür. Çinlilər məlum səbəblərdən lap fəal şəkildə vermək arzusuyla alışıb yanmadığımız uyğun obyektlər üzərində nəzarət əldə etməyə çalışırlar – məhz buna görə Rusiyaya daha fəal yatırım qoymaq istəmirlər. İnfrastruktura potensial yatırımlarda da eyni durumdur”.

…İnfrastruktura Çin yatırımlarının daha bir özəlliyi: Çin tərəfi müqavilələrin artıq müzakirə mərhələsində öz resurslarından – işçi qüvvəsi, material, texnologiya və s.-dən maksimal istifadəyə təkid edir. Mahaçqalada paytaxtın keçmiş meri, indi ömürlük həbsdə yatan Səid Əmirovun irəli sürdüyü “Mavi sahil” sputnik şəhərin baş tutmamış inşasını xatırlamaq olar.

5 milyard dollar dəyərləndirilən bu layihənin gerçəkləşdirilməsi üçün ötən onilliyin sonunda çinli tərəfdaş tapılmışdı – inşaat işlərini Çin fəhlələrinin aparacağını israr edən “Dalian Tiangong Architectural Design”şirkəti. İş yerlərinin daim çatışmazlığı problemi olan Dağıstan üçün nonsens. Hətta 2011-ci ildə çinlilərin ilk partiyasını Mahaçqalaya gətirmişdilər. Podratçıyla əməkdaşlıq sonradan kəsilsə də, bu hadisə Çin yatırımlarının heç də xeyriyyəçilik olmadığını anlamaq üçün son dərəcə səciyyəvidir.

 

Əxlaqi əyinti ilə hegemoniya

 

Qərb tarixçiləri və iqtisadçıları arasında – xüsusən də sol cərəyanda – ABŞ-ın kürəsəl hegemoniyasına məhz Çinin meydan oxumağa qabil olduğu haqda düşüncə ümumi nöqtədir.

Sol iqtisadçı Andre Qunder Frank hələ 1998-ci ildəAvropa və Amerikanın XIX-XX yüzilliklərdə dünyada total üstünlüyünün tarixi arşınlara görə yalnız qısa epizod olduğunu sübut etməyə çalışdığı  “Yöndəyişmə: Asiya epoxasında kürəsəl iqtisadiyyat” adlı kitab çap etdirib. İndi hər şey min illər boyu dünya lideri olmuş Asiyanın üstünlüyünün daha adi mənzərəsinə qayıdır.

Frankın şagirdi və həmkarı – İtaliya-Amerika alimi Covanni Arriqinin 2007-də çıxmış son kitabı “Adam Smit Pekində” dünya iqtisadiyyatı mərkəzinin Asiyaya yerdəyişməsinə həsr edilib. Arriqi yazır: “Haçansa (uzaq gələcəkdə) XX yüzilliyin ikinci yarısının tarixini yazanda Şərqi Asiyanın iqtisadi dirçəlişindən daha önəmli mövzu olmayacaq. Qərbə qiyam nəticəsində qeyi-qərb dünyası xalqlarının sosial və iqtisadi baxımdan inkişaf edə biləcəyi siyasi şərait yaranıb. Şərqi Asiyanın iqtisadi dirçəlişi belə inkişafın başlanğıcının ən ilkin və ən etibarlı nişanəsidir”.

Daha bir məşhur solçu nəzəriyyəçi, Britaniya-Amerika tarixçisi Perri Anderson qeyd edir – lakin Çin, çətin  ki, Amerika tipli hegemoniyaya can atsın. Axı Mao Szedunun ÇKP-nin qurultaylar tribunasından ABŞ-ın espansionçu siyasətini, Xruşovla sözləşəndən sonra isə SSRİ-i ifşa etdiyi dövrlərdən çox keçməyib.

Çin 1971-ci ildə BMT üzvü olarkən ÇXR təmsilçisinin Baş Assambleyasında ilk çıxışındaca deyilirdi ki, “getdikcə daha çox sayda kiçik və ortabab ölkə fövqəldövlətlərdən bu və ya digərinin hegemoniya və güc siyasətinə qarşı birləşir”.

Dünyada Çinin mövqeyi möhkəmləndikcə ÇXR rəhbərləri və ideoloqları kürəsəl üstünlüyün özəl versiyasını irəli sürürlər. Perri Anderson özünün “Hegemoniyanın qəfil dəyişimləri” kitabında Sinhua Universitetindəki çağdaş beynəlxalq münasibətlər İnstitutunun rəhbəri Yan Syutonun baxışlar sistemini təsvir edib.

O, əsərlərindən birində etiraf edir ki, Çini hələ Amerika ilə maddi gücdə bərabərləşmək gözləyir, amma bununla yanaşı, humanist davranış və daha yüksək etik standartlar sayəsində dostlarının sayını xeyli çoxaltmaqla “hegemonun yeni tipinə” çevrilməyə qabildir. Bu yanaşmanın təsirini Si Szinpinin ÇKP-nin bir il qabaq keçən qurultayındakı çıxışında da izləmək olar – ÇXR sədri deyib ki, Çin bəşəriyyətin problemini həll etmək üçün artıq Çin müdrikliyi və Çin variantını əlavə edib.

Dünya iqtisadi sisteminə nəzarət Çinin kürəsəl hədəfi kimi, doğrudan da, Si Szinpinin dönəmində açıq bəyan olunmağa başlayıb. Sonradan “Bir qurşaq, bir yol” ümumi layihəsində birləşdirilən “İpək yolunun iqtisaqi qurşağı” və “XXI əsr Dəniz İpək Yolu” layihələri bunun ilk təzahürü olub. “Qurşaq və yol”un faktiki bəyan edilən hədəfi Çinə tabe, ən azı, bütün Avrasiyanı, habelə Afrika və Okeaniyanın önəmli qismini ehtiva edən vahid iqtisadi məkan qurmaqdır. Ekspert dəqiqləşdirir ki, düzdür, bu, praktikada daha çox Çinin adi praqmatik iqtisadi ekspansiyası üçün yeni addır.

Madam Ştatlar daha bu yeri tutmaq istəmirsə, Pekin son bir-iki ildə isə dünya iqtisadi kürəsəlləşməsinin lideri kimi Amerikanı əvəzləməyə hazır olduğu haqda açıq danışmağa başlayıb, – Georgi Koçeşkov qeyd edir. – Çinin bir sıra inkişaf etməkdə olan ölkələrdə iqtisadi nüfuzu artıq tam tutuşdurula biləndir və yaxud Qərb ölkələrinin təsirini üstələyir”.

 

Amerikanı silmək tezdir

 

Rusiya Xalq təsərrüfatı və dövlət qulluğu Akademiyasının iqtisadi və sosial tarix laboratoriyasının baş elmi əməkdaşı, sosiologiya elmləri namizədi Dmitri Karasev qeyd edir: lakin Çinin uğurlarını şişirtməyinə dəyməz. O xatırladır ki, həmin Perri Anderson “Çin iqtisadi möcüzəsi” ətrafında geniş yayılmış eyforiyanı sinomaniyadan başqa bir şey adlandırmır. Bir də çinlilər arasında “möcüzə”nin tənqidçiləri yetərincədir. Məsələn, Amerikanın Cons Hopkins Universitetindən Ho Fun Hun “Çin niyə dünyanı idarə etməyəcək” kitabında sərgiləyir ki, Çin oturduğu budağı müəyyən mənada doğrayır. Çinin ixracata yönəlik “iqtisadi möcüzə”si neoliberal nizamın və əvvəlcədən ÇXR-in xüsusi iqtisadi zonalarına, sonra isə daha geniş birbaşa xarici yatırımların övladıydı. Yaponiya və Cənubi Koreya bir vaxtlar oxşar şəkildə inkişaf edib və Çin sanki bu ölkələrdə “qaynar” pulların axınından doğan iqtisadi qarışıqlıqdan gərəkən nəticələr çıxarıb. Lakin Ho Fun Hun iddia edir ki, Çinin başqa problemlərini həll etmək xeyli çətindir – bu həm xeyli az daxili istehlak, həm bölgəsəl disbalans (hər şeydən qabaq, şəhərlə kənd arasında), həm də borclardır.

Beynəlxalq bazarda Çin sənayesinin rəqabət üstünlüyü maaşları aşağı saxlamaq mümkün olana qədər var idi, – Dmitri Karasev xatırladır. – Çin sonra Amerikanın xəzinə öhdəliklərini almağa və yuanın kursunu  salmağa başladı – bu, Amerikanın satış bazarını açdı, dollar mədaxilinin sterilləşməsi və inflyasiya problemini götürdü”.

Çin ticarət savaşında son söz kimi özünün Amerika istiqrazları ehtiyatını atarsa, hazırda nə olacağı haqda aydınlıq yoxdur. Ehtimal ki, bununla ABŞ iqtisadiyyatına ziyan vura bilməz və qazanılan dolları ya harasa yatırmalı, ya da buna Amerika malı almalı olacaq, amma hansını və kim üçün – aydın deyil.

Ola bilsin, Çinin xarici yatırım gurultusu da bununla izah olunur, çünki, Çin, adətən, həmişə ölkə daxilinə yatırım qoyurdu. “Onların bölgü məntiqi sadədir: bir neçə ildən sonra Çin mallarının istehlakçısı olacaq  böyük əhalisi … olan ölkəyə yatırım qoyurlar. Bu mənada Çin yatırımlarının məkani bölgüsü haqda sui-qəsd nəzəriyyəsinə qapılmağına dəyməz. Orada heç bir dərin geopolitik ideya yoxdur, Çin eynilə ABŞ-ın qabaqlar etdiyini edir: yatırımlarla istehlak bazarlarını kəşf edir.

Bəli, Çin iqtisadi imperializm ideyasını qismən təqib edir, amma canlı hərbi hegemonun – Amerikanın yanında hərbi imperializmsiz buna, çətin ki, nail olsun. Belə ki, daxili problemlərin kimi – Amerikanı, ya Çini tez yeyəcəyi haqda suala cavabım budur – Çini”.

Ali İqtisadiyyat Məktəbinin dosenti Pavel Rodkin də oxşar baxışa tərəfdardır. O xatırladır ki, Çin kapitalizmin mövcud sistemi çərçivəsində hərəkət etməyə məcburdur. “İqtisadi ekspansiya qeyri-iqtisadi və potensialca münaqişəliqərarların tam bir kompleklsini tələb edir, – Rodkin xülasə edir. – Problem bundadır ki, inkişafın ekstensiv modeli çərçivəsində xarici bazarlara çıxış ABŞ-la kəskin və  qaçılmaz münaqişə törədəcək, Çin buna hələ hazır deyil və sona kimi bundan yayınacaq”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam