Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKMƏN NAĞILININ SONU –Neft ölkələrinin ortaq bəlası…

Berdıməhəmmədovun yaratdığı cənnət görüntüsü puç olur

qurbanqulu

Yenixeber.org: İqtisadiyyatı təbii sərvətlərin istismarı üzərində qurulan ölkələrin iqtisadi strukturu kimi, xalqlarının taleyi də oxşardır. Təəssüf ki, həmin sərvətlərin satışından əldə olunan gəlirlərin səmərəli və düzgün istifadə olunmaması, korrupsiya, sosial ədalətsizlik, demokratiyanın “axsaması”, cəmiyyətdə dərin təbəqələşmənin mövcudluğu, qeyri-neft sektorunun çökməsi və digər çatışmazlıqlar bu tip ölkələrin ortaq xəstəlikləridir.

                                   “Cənnətdə” ərzaq qıtlığı…

Son zamanlar qonşu Türkmənistanda baş verənlər də bir daha sübut edir ki, neft və təbii qaz gəlirlərindən düzgün istifadə olunmaması həmin sərvətlərə malik ölkələri istənilən an çox acınacaqlı duruma sala bilər. Belə ki, Şimali Koreya qədər olmasa da, kifayət qədər qapalı rejimlə idarə olunan Türkmənistanda son günlər əməlli-başlı ərzaq qıtlığı yaranıb. Müxalif “Türkmənistan Xronikası” internet nəşri yazır ki, ölkə paytaxtı Aşqabadda son həftə çörək tapmaq müşkülə çevrilib. Qeyd edək ki, bu ölkədə özəl mağazalarla yanaşı dövlət mağazaları da var ki, burada çörək və digər ərzaqlar özəl mağazalara nisbətdə dəfələrlə ucuz satılır. Əsas qıtlıq da elə bu mağazalarda müşahidə olunur. İnternet nəşrinin yazdığına görə, özəl mağazalarda çörək və digər ərzaqları tapmaq olur, lakin əhalinin böyük hissəsi üçün oradakı qiymətlər əlçatmazdır. Bu səbəbdən də hazırda dövlət mağazalarının qarşısında əsl izdiham yaşanır. Gecədən növbə tutan insanlara isə hərəyə bir çörəkdən artıq verilmir. Qeyd olunur ki, hətta çörək mağazalarının bir qismi ümumiyyətlə işləmir. Ümumilikdə unun, şəkərin, yağın, ətin və siqaretin qiyməti bir neçə dəfə artıb. Bu mənzərə hələ oktyabr ayından müşahidə olunmaqdadır. Lakin əvvəl qıtlıq ucqarlarda hiss olunurdusa, artıq paytaxta qədər gəlib çatıb. Hətta bildirilir ki, ərzaq problemi ucbatından ucqar rayonların əhalisinin paytaxta axını sürətlənməyə başlayıb.

Dövlət televiziyaları isə (zatən başqası heç yoxdur-C.M.) özəl mağazaları dövlət mağazası kimi təqdim edərək, ərzaq bolluğuna dair süjetlər yayımlayırlar.

                                 “Ağ şəhər” təkcə Bakıda deyilmiş…

asqabad

İndiyə qədər və elə indi də ölkənin təbii sərvətlərdən əldə olunan gəlirlərinin böyük hissəsi Türkmənistanın memarlıq baxımından gözəlləşdirilməsinə yönəldilib. Təsəvvür edin ki, əgər Bakıda əsasən səkilər mərmərdəndirsə, Aşqabadda nəinki səkilər, binaların üzlükləri də bahalı ağ mərmərdən döşənib. Hər tərəf ağappaqdır, paytaxt ağ şəhərə çevrilib. Qeyd olunur ki, hətta həmin mərmərlər o qədər parlaqdır ki, gündüz vaxtı onların binalardan düşən əksi insanın gözünü qamaşdırır. Bu “stilin” əsası 2000-ci illərin əvvəlində Türkmənbaşı (Saparmurad Niyazov-C.M) tərəfindən qoyulub və Q.Berdıməhəmmədov tərəfindən də davam etdirilir. Türkmənbaşı istəyirmiş ki, Türkmənistanın görünüşü şərq nağıllarını xatırlatsın. Ancaq bu nağılın xalqa, dövlətə neçəyə və hansı əzablar hesabına başa gəldiyi isə, görünür ölkəyə rəhbərlik edənləri az maraqlandırıb. Nəticədə “müdrik” idarəetmənin Türkmənistana qazandırdığı ən böyük nailiyyət o olub ki, bu ölkənin paytaxtı ağ rəngli binaların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb – vəssalam! Bu gün paytaxtda 600 belə bina var və bu göstərici ölkə rəhbərliyinin ən çox qürur duyduğu uğurlardan biridir!

Daha bir “uğur” isə dünyada ən böyük at başı heykəlinin olduğu stadionun məhz Aşqabadda olmasıdır! Doğrudan da qürur duyulası nailiyyətlərdir…

Əsas da odur ki, Arkadakın (millətin himayədarı-C.M.) kefi kökdür, televiziyalar gecə-gündüz onun özünün bəsdələyib, elə özünün də oxuduğu mahnıları yayımlayırlar. Və hətta telekanallar iddia edirlər ki, Qurbanqulu gündən-günə qocalmaq əvəzinə, cavanlaşır…

02

Bununla yanaşı, Türkmənistanda olmuş əcnəbilərin dediyinə görə, Türkmənbaşının bir neçə heykəli hələ qalsa da, hazırki prezidentin onu unutdurmaq cəhdləri açıq-aşkar görünməkdədir. Hətta onun məşhur “Ruhnamə” kitabını açıq satışda görmək də mümkün deyil. Lakin bəzi satış nöqtələrində həmin kitabı xaricilərə “altdan” və baha qiymətə satmağa cəsarət edənlər də var…

                            Velosipedə heykəl qoyulan ölkənin manatı çökür…

Məsələ ondadır ki, Türkmənistanın hazırda olduqca çətin vəziyyətə düşdüyünü təkcə müxalif nəşrlər yazmır. Məsələn, Rusiya mətbuatında xeyli müddət Türkmənistan paytaxtında firmaların birində ictimai əlaqələr üzrə mütəxəssis kimi çalışmış Latviya vətəndaşının fikirlərinə yer verilib. Riqadan olan Nataliya Smirnovanın söylədiklərindən belə aydın olur ki, bu ölkə yalançı bəzək-düzəyin qurbanına çevrilməkdədir. Avropalı xanım mətbuata bu barədə danışarkən, ölkədə sanki hər şeyin ən böyüyünün inşa edilməsi uğrunda mübarizə getdiyini bildirir: “Türkmənlərin Arkadak (millətin himayədarı-C.M.) adlandırdığı Berdıməhəmmədov rəsmi olaraq, öz idarəçilik dövrünü “qüdrətlənmə və çiçəklənmə dövrü” elan edib. Ancaq ölkədə qiymətlər günbəgün artır, insanlar isə nəsə deməyə qorxurlar…”

big_1510239834_turk

Ölkənin indiyə qədər əldə etdiyi gəlirlərə gəldikdə isə, mütəxəssislərin də bildirdiyi kimi, bu pulların böyük hissəsi müxtəlif iri və mənasız layihələrə xərclənib. Məsələn, ötən il heç bir ciddi beynəlxalq əhəmiyyəti olmayan “Asiya Oyunlarına” külli miqdarda pul xərcləndiyi bildirilir. Ancaq buna baxmayaraq, ölkə rəhbərliyi inadından dönmək fikrində deyil. Hətta bu ağır dönəmində ölkə Ağır Atletika üzrə Dünya Çempionatını qəbul etməkdədir. Bununla da “ürəyi soyumayan” Arkadak müxtəlif bayramlar icad etməkdə və heykəllər ucaltmaqda davam edir. Hələ bu yaxınlarda böyük bir velosiped heykəlinin də inşasına başlanıb…

Bütün bunların nəticəsi olaraq, enerji resurslarından əldə olunan gəlirlərin səmərəsiz istifadəsi, bəzək-düzəyə xərclənməsi ölkədəki hazırki acınacaqlı sosial duruma səbəb olub. Ancaq Qurbanqulu hökuməti ciddi iqtisadi uğur qazanmaqda çətinlik çəkir və ölkənin iqtisadi göstəriciləri geriyə gedir. Əsas gəlirləri təbii qaz satışından əldə olunan Türkmənistanın ən böyük müştərisi Çindir. Həmçinin, rəsmi Aşqabad Rusiya “Qazprom”una da ümidlidir. Lakin bu sahədə böyük rəqabət mövcuddur. Həmin rəqabət və təbii qazın qiymətinin dünya bazarında ucuz olması ölkənin gəlirlərini xeyli azaldıb. Mütəxəssislər də ölkənin hazırda düşdüyü ağır durumu təbii qaz satışından əldə olunan gəlirlərin proqnozların xeyli altında qalması ilə əlaqələndirirlər. Bu isə ölkənin milli valyutası olan manatı böyük təzyiq altında saxlayır. İnzibati yollarla onun ucuzlaşmasının qarşısını almağa çalışsalar da, artıq manat dollar qarşısındakı real dəyərini rəsmi məzənnə ilə müqayisədə xeyli itirib.Ölkədəki iş adamları isə artıq türkmən manatının çöküşünün qaçılmaz olduğunu anladıqları üçün kütləvi şəkildə daşınmaz əmlak almağa başlayıblar.

Bununla yanaşı, ölkədə korrupsiya və rüşvətxorluq tüğyan etsə də, televiziyalar tez-tez Arkadakın məmurlara “kəskin xəbərdarlıq etdiyini” əks etdirən süjetləri yayımlayırlar. Ancaq ölkədə çoxları bilirlər ki, korrupsiyanın zirvəsində Berdıməhəmmədovun bacısı başda olmaqla, prezidentin ailə klanı durur.

                                  “Qaz, işıq, su… pulsuz” adlı nağıl bitdi!

01

Xatırladaq ki, sentyabrın sonunda Arkadak Türkmənistanın sosialyönümlü iqtisadi sistemdən bazar iqtisadiyyatına keçdiyini bəyan edib və bildirib ki, bu yolla “ölkəsinin onsuz da çox yaxşı olan iqtisadi göstəricilərini bir qədər də yaxşılaşdırmış olacaq” və ölkəyə külli miqdarda xarici kapital axını təmin olunacaq. Bundan öncə isə əvəllər pulsuz olan kommunal xidmətlərin artıq pulluya çevrilməsi barədə qərar qəbul olunub. Artıq yanvarın 1-dən etibarən türkmənlər kommunal xidmətlərə görə pul ödəyəcəklər. Lakin bu, bazar iqtisadiyyatına keçiddən daha çox ölkənin düşdüyü ağır durumun nəticəsi olaraq atılmış addım xarakteri daşıyır. Hakimiyyət isə həmişəki kimi Çindən və Rusiyadan mədət umur. Ancaq çətin ki, bu ölkələr Arkadakın hökumətini bu vəziyyətdən asanlıqla çıxara bilsinlər.

Çünki vəziyyəti düzəltmək üçün real iqtisadi proqram hazırlamaq əvəzinə, ölkədə hələ də şit şou-proqramlar, Qurbanqulunun “şücaətlərini” göstərən videoçarxlar hazırlanır. Latviyalı mütəxəssisin dediyinə görə, onlar hətta bu yaxında guya Berdıməhəmmədovun at üzərində yüksək sürətlə hərəkət edərək, basketbol topunu tora uzaqdan üç xallıq atışla göndərməsinə və hətta qolf stadionunda bir zərbə ilə ən uzaqdakı, gözlə görünməyən “dəliyə” şarı necə saldığına dair videoçarxlar çəkiblər. Ancaq məsələ ondadır ki, olduqca gülməli və əlbəttə ki, fantaziya üzərində quraşdırılan bu yalançı səhnələrə xaricilər baxıb güldüyü halda, türkmənlərin böyük qismi həmin kadrların reallığına, yəni nağıllara inanırlar və “balıq kimi susurlar”. Və təəssüf ki, digər neft ölkələrinin də çoxunda yaşayan insanların böyük qismi türkmənlərdən elə də fərqlənmirlər…

Elə əslində Qurbanqulunun ən böyük nailiyyəti və onu ayaq üstə saxlayan da bu nağıllara inanan türkmənlərdir. Ancaq bütün nağıllar kimi, bu nağılın da sonu deyəsən elə də uzaqda deyil…(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam