İlk qadın Lilit: Gerçək yoxsa Əfsanə ?
"Xeberinfo.com": Sosial və mədəni antropologiyanın eyni zamanda dini antropologiyanın tədqiqat obyektlərindən olan dini inancların, dinlə bağlı əfsanələrin, rəvayətlərin insanların psixologiyasına, dünya görüşünə, mədəniyyətlərinə təsiri, onların gündəlik həyatında təzahürü və gələcək nəsillərə streotip formasında çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Bu dəfə sizlərə inanc sisteminə güclü nüfuz etmiş, insanların həyata baxışını dəyişdirmiş və mənfi düşüncələrin yaranmasına səbəb olmuş “ilk qadın - Lilit” haqqında məlumat verəcəm. Əvvəlcədən onu qeyd edim ki “Hər qadın bir mələkdir”, lakin bu ifadənin tam əksi olaraq Adəm övladının şüur altına qorxulu nağıllardakı ifritə kimi qalmış Lilit, bəzi əfsanələrə görə ilk qadındır. Millad öncə II minilliyə aid olan bir Babil amforasında Lilit olduğu ehtimal olunan gözəl bədən quruluşuna, bayquş ayaqlara və qanadlara sahib olan bir ilahə kimi təsvir edilmişdir. Bu ilahə əfsanəyə görə Adəmlə eyni zamanda torpaqdan yaradılmışdı. Adəmin ilk həyat yoldaşı olaraq bilinən Lilit, orta əsr yəhudi mifologiyasında Eden bağındakı ilanla eyniləşdirilir. Burada Adəm və Həvvaya qadağan olunmuş ağacın meyvəsindən dadmağa təhrik etmiş ilan simasında göstərilən Lilit, sadə dildə desək “ev yıxan və yaxud ara vuran ikinci qadın” kimi təsvir olunmuşdu. Lilitin asi olması yəni Allaha və Adəmə qarşı çıxması müasir dövrdə belə rastlaşa biləcəyimiz sadə ailə problemləri səbəbindən baş vermişdi. Eyni torpaqdan yaradılmış Lilit Adəmin ona ağalıq etmək niyyətini heç cür həzm edə bilmir və Adəmlə mübahisə edən Lilit sonda cənnətdən qaçır. Adəmlə mübahisəsinin əsas səbəbi Adəmin Lilitə “bar verən torpaq” gözüylə baxması idi. Lilit isə Adəmlə eyni torpaqdan yaradılışı səbəbindən, onunla eyni hüquqlara və vəzifələrə sahib olduğunu hətta ona ağalıq edə biləcəyini düşünürdü.
Şumer mifologiyasındakı İnannaya bənzəyən bu qadın yəni “Lilla” ibrani mətnlərindən fərqli olaraq “saf, bakirə və göy üzündə yaşayan bir qadın” kimi təsəvvür edilir. Bəzi tədqiqatçılar tək tanrılı dinlərin olmadığı və bütlərə sitayiş olunduğu bir dövrdə Lilit kimi bir mənfi obrazın “müqəddəs” bir varlq şəklində önə çəkildiyi və bu səbəbdən ona göy üzünün saf və təmiz qızı adının verildiyini qeyd edirlər. Əslində kifayət qədər məntiqli olan bu tədqiqata misal olaraq Şeytanın başqa bir versiyası kimi irəli sürülən “Ponteus”u göstərmək olar. Mənfi obraza malik olan Ponteus, qadınları yoldan çıxaran və şəhvət hissi yaradan bir varlıq olduğu halda insanlar xristianlığa qədər bu varlığa tapınırdılar.
Cənnətdən qaçan Lilit yer üzündə Samuellə ( yəni Şeytanla ) qarşılarşır. Onunla evlənən Lilitin, yüzlərcə cin və ifrit kimi övladları dünyaya gəlir. Bu zaman cənnətdə Lilitin geri qayıtması üçün Allaha dua edən Adəm sonda yorğun düşər və yuxuya gedər. Bu zaman Tanrı gizlicə Adəmin qabırğasından Lilitə çox bənzəyən Həvvanı yaradır. Lilitdən fərqli olaraq Adəmə asi olmayan Həvva onunla cənnətdə xoşbəxt yaşayır Cənnətdən qovulma səbəbi artıq məlumdur. Hadisələrin düyün nöqtəsi məhz Adəm yuxuda olarkən baş verir. Tanrı Adəmin duasını yerinə yetirmək üçün 3 mələyi Lilitin yanına geri qaytarmaq üçün göndərir. Liliti fikrindən döndərə bilmədiklərini görən bu mələklər onun övladlarını hər gün öldürəcəklərinə dair söz verirlər. Bir müddət övlad acısıyla yaşayan Lilit sonda Adəm övladını məhv etməyin yolunu tapır. Və bunu həmin mələklərin dili Tanrıya xəbər edər. Tanrı əfsanəyə görə Samuelin nəsil artırma qabiliyyətini əlindən alar və bütün demonların anası olan Liliti yoxluğa tərk edər. Əfsanədə ondan qurtulmağın yolu yalnız onu unutmaqda olduğu qeyd olunur. Lakin Samuelin və onun simasında Həvvanı görən Adəmin ağlından çıxmayan Lilit yoxluqdan çıxaraq Lusiferlə birləşir və bütün demonlara yenidən həyat verir. Bu zaman insan oğlunun Şeytan kimi əzəli düşməni azmış kimi birdə körpələri öldürəcəyinə, yeni doğuş keçirmiş qadınların qəlbinə qorxu, kin salacağına, onların ağıllarını əllərindən alacağına, qadınla kişi arasında nifaq yaradacağına, kişiləri yuxuda ikən röyalarına girməklə və şəhvət hissini oyatmaqla öz qadınlarına xəyanət etməsinə şərait yaradacağına and içən Lilit, Allahın gizli adlarından biri olduğu güman edilən və cənnətin qapılarını açan adını mələklərdən öyrəndiyi an, Həvva ilə Adəmin arasına cənnətdə ilan simasında girərək onları günah işlətməyə məcbur edir. Və beləliklə Lilit Əfsanəsi başlayır.
Lilit-Lamia-Karina: bu 3 adı qısaca dişi şeytan kimi göstərmək olar. Lilit haqqında qeyd etdiklərim yunan mifologiyasında yer alan lakin unudulmağa məhkum olan Lamia adlı ilahəyə aiddir. Lamia baş allah hesab olunan Zevsin ən yaxın köməkçilərindən biri idi. Zevsi öz toruna salan Lamia, ondan övlad dünyaya gətirir və bir müddət sonra ərinə asi olur. Bunu görən allahlarLamianın övladlarını öldürür və Olimpus dağından qovulur. Qovularkən intiqam alacağına and içən Lamia, ərəb mifologiyasındakı Karina ilə səsləşir. Karina əfsanəyə görə ana olmağa hazırlaşan qadınların kölgəsi olar və bu yolla körpəyə ana bətnində ikən zərər yetirməyə çalışarki, uşaq dünyaya göz açmasın. Əgər ana körpəni dünyaya gətirə bilsə bu dəfə həyat yoldaşı ilə arasına girər, həyat yoldaşının onu aldatmasına və ya bu kimi düşüncənin qadının beynində heçdən yaranmasına çalışar Bununlada ər-arvad arasında mübahisələrə hətta boşanmalara belə səbəb olan Karina İslamın gəlişi ilə yaddaşlardan silinməyə başlayır.
Fərqli mədəniyyətlərə aid olsa öz mənfi xüsusiyyətlərindən əl çəkməyən Liliti bəzən amazonkalara da aid edirlər. Məlumdur ki qadınların hakimiyyətini quran amazonkalar Lilitlə bu məsələdə eynilik təşkil edir. Lakin amazonkalar istər həmcinslərinə istərsədə əks cinslərə zərə verməyiblər. Körpələrinə cinslərindən asılı olmayaraq şəfqətli bir ana kimi qayğı göstəriblər.
Bəzi tədqiqatçılar Lilitin sonrakı dövrdə Feminizmin yaranmasında əsas meyar kimi qəbul edirlər. Feminist düşüncə tərzinin nə dərəcədə Lilitlə əlaqəli olduğunu qeyd etmək çətindir. Doğrdur, feminist olsa belə qadın anadır və o heç zaman oğluna xətər yetirməz. Lakin bəzi araşdırmalar göstəriri ki, feminist düşüncəli qadınlar vardır ki, onlar müasir dövrdə belə Lilitə sitayiş edirlər. Bu təriqətin tərəfdarları kişilərə qarşı dözümsüzlüyü ilə xüsusi şəkildə digər feministlərdən fərqlənirlər. Hətta kişilərə qarşı şiddət göstərməkdən belə çəkinmirlər. Bu məsələnin şərhi əfsanənin özəyindən uzaqlaşmağa gətirib çıxaracaq. Buna görə də yenidən Lilit haqqında məlumat verək. XIX əsrdə Lilit incəsənət aşiqləri üçün xüsusi bir obraza çevrildi. Onu tərifləyən, gözəl göstərən, insanlığa xeyirxahlığı ilə önə çəkilən Lilit rəsmləri, şeirləri geniş yayılmışdı. Lakin bir müddət sonra kilsə rahiblərinin əmri ilə Lilit yenidən unuduldu.
Bir müddət öncə İstanbulda bir qrup gənc qızıl tapmaq niyyətilə Kırıkaleyə gedirlər. Qızıl əvəzinə kitab formasında tam fərqli dildə yazılmış bir əlyazma tapırlar. Əlyazmanın girişində yazılmışdır: LİLİTH. Daha sonra bu əlyazma həvəskarlar tərəfindən onu tərcümə edə biləcək birinə verilir. Kitab tərcümə olunur və “Lilitin soyundan gələnlər” adı ilə çap olunur. Kitabla tanışlıq insanda Lilitin mükəmməl ilahi varlıq olduğu təəssüratını yaradır. İlk bölümdə Lilit öz soyunu davam etdirmək üçün ən yaxın köməkçilərini yanına çağırır və deyir: “Gedin, ər-arvad arasında öz ruhunuzdan üfürün, yeni doğulmuş körpələrə öz övladınız kimi baxın. Çünki onlar bizim gələcək lillutularımız olacaq”. Kitabın sırf Liliti tərfiləmək üçün yazıldığı sonrakı bölümlərdə aydın olur. Bir Lilit həvəskarının bu kitabı yazması böyük bir ehtimaldır. Belə bir kitabın əlyazma formasında tapıldığı barəsində belə dəqiq məlumat yoxdur.
Azərbaycan da Lilitlə bağlı fərqlidə olsada bəzi batil inanclar var. Hər kəsə yeni doğuş keçirmiş ana ilə bağlı deyilən fikirlər məlumdur. Bir neçəsini qeyd edim: Zahı yəni yeni körpə dünyaya gətirmiş qadın evdə tək qalmamalıdır, həyətə və ya hansısa uzaq bir məkana yalnız getməməlidir, körpəni daim nəzərdə saxlamalıdır. Və 40 günün tamamına qədər yad biri evə daxil olmamalıdır. Yaşıl nəsil bütün bunları belə izah edirl: “Əgər bir qadın evdə tək başına qalarsa onun daima başının üstündə “kimsə” olar, o kimsə zahı qadının ağlı ilə oyanayar, onun psixologiyasını pozar. Nəticədə ana öz ağlını itirər. Zahı qadın tək başına gecə vaxtı çölə və həyətə çıxarsa onun “kimsə” qızdırma xəstəliyi tutmasına şərait yaradar ( Burada kimsə hansısa mənfi varlığa işarədir ). Uşaq nəzarətdə qalmasa cin, şeytan uşağın daima bir nöqtəyə baxaraq, öz-özünə gülməsinə və ya ağlamasına, sonda isə ölməsinə səbəb olar. 40 günü tamam olmamış körpənin üstünə yad biri ilə yanaşı evə qapıdan cin girər. Cin çöldəki bütün ağırlıqları ( yəni xəstəlikləri ) evə gətirər”. Bütün bunların tibbi tərəfidə var. Batil inanc deyib keçməyin, çünki əsrlər öncə tibbin inkişaf etmədiyi bir dövrdə nənələrimiz bütün bunları batil inanc şəklində olsada bilirdilər.
Məsələnin məğzindən uzaqlaşmadan, beyinlərdə yaranan bu suala cavab vermək istərdim: “Tövratda, İncildə işarələrlə, müxtəlif mifologiyalarda real varlıq kimi yer alan Lilit haqqında niyə Qurani-Kərimdə heçnə yoxdur?
- Azərbaycanlı olaraq hamı bu deyimi gözəl bilir: “Od olmayan yerdən tüstü çıxmaz”. Suala cavab vermədən öncə, onu qeyd edim ki, səmavi kitablarda Tanrının hər şeydən erkək və dişi olaraq cüt yaratdığı göstərilir. Təktanrıya inanan bir insan üçün Tanrının səhv etmə ehtimalı sıfıra bərabərdir. Əgər Tanrı hər bir canlıdan cüt yaratmışsa niyə bizə gəlib çatan Adəmin tək insan olması, sonradan qabırğasından Həvvanın yaranması ilə bağlı məlumat varkən, Lilit haqqında yoxdur?!. Yuxarıda dəfələrdə “unudulmağa məhkumlar”, “unudulmuşlar” kimi ifadələr işlətdim. Ola bilərmi ki, Qurani-Kərimdə Lilit haqqında heç bir məlumat olmaması onun unudulmasına yönəlmiş bir gediş olsun?! Quranın şərhini vermək niyyətində deyiləm ama Nisa surəsi ilə bağlı bir fikir irəli sürəcəm. Surə eyni zamanda “Qadınlar” ( və ya Qadın ) surəsi adlanır. Surə uzun illərdir digər surə və ayələr kimi müxətlif şəkildə izah olunur. Surəni diqqətlə oxuyanlar həyat yoldaşına asi olmanın nə dərəcə pis qəbul olunduğunu bilirlər. Bu Lilitə işarə deyilmidir?! Bir neçə ayəni bəzi “dindarlar” “qadınlarınızı döyün” deyə şərh edirlər. Axı islam qadına böyük dəyər verir, niyə yolunu azmış bir qadın bu qədər pislənir?! Problemin kökündə yenə düşünürəm ki, Lilit dayanır. Əlbətdəki bütün bunlar mənim fikrimdir. Ama hər halda qadını döymək və incitmək çox yalnış hərəkətdir.
Belə bir ifadə var: Tanrı Həvvanı Adəmin saçlarından yaratmadı ki, Həvva Adəmin başına çıxar, ayaqlarından yaratmadı ki, Adəm Həvvanı daima əzər, qabırğasından ürəyinə yaxın olan hissədən yaratdı ki, Adəm onu daim sevsin və qorusun. Dini inancından, dünya görüşündən, hadisələrə baxış tərzindən asılı olmayaraq, əziz bəylərimiz və xanımlarımız, Lilit əfsanədi yoxsa reallıq bunu demək çətindir. Lakin unutmayın ki, istər kişi olsun istər qadın, daima bir-birinizi sevin, aranıza Lilitin girməsinə imkan verməyin, kişilər öz qadınlarından başqa hansısa bir qadına göz qoymasınlar, həyatın sadəcə şəhvət hissindən ibarət olmadığını anlasınlar, qadınlar daima ayıq-sayıq olsunlar, qəlblərinə Lilitin girməsinə imkan verməsinlər, qulaqlarına gəlib çatan hər pıçıltıya inanmasınlar. Lilit və Şeytanın məhəbbəti, insanoğluna qalib gəlməməlidir. Ailənizi, dilinizi, qulaqlarınızı, evinizi qoruyun. Unutmayın ki, Tanrı insana şəhvət, nifrət və s. bu kimi hisslərdən fərqli olaraq Sevgi hissini daha çox vermişdir.
ZAMİN QAFAR ADNALI