İstintaq təcridxanalarında baş verənlər
“Yazılmamış qanunlar bütün həbs yerlərində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını sorub yeyirlər”
"Xeberinfo.com": Noyabrın 6-da təqdimatı keçirilən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatı ilə bağlı saytımızda məlumat vermişdik. Hesabatda əksini tapan mühüm məqamlarla bağlı “Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI” və “Həbsxanalardaki dəhşətli korrupsiyanin fotosu” adlı məqalələr də artıq “AzPolitika.info”da dərc olunub. Bu dəfə isə hesabatda əksini tapan digər maraqlı məqamlar barədə məlumat verəcəyik.
Bir daha xatırladaq ki, 12 bölümdən ibarət olan bu hesabat Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.
“AzPolitika.info”nun məlumatına görə, hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə, hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.
Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir: həbs yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.
İstintaq təcridxanalarındakı müsbət dəyişikliklər…
Hesabatda yer alan diqqətçəkən məqamlardan biri də, istintaq təcridxanalarındakı vəziyyətlə bağlı qeydlərdir. Bununla bağlı hesabatda ilk növbədə müsbət dəyişikliklərdən bəhs edilib. Bildirilib ki, keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərəçarpacaq müsbət dəyişikliklər həyata keçirilməkdədir: “Bu proses ölkənin Avropa Şurasına daxil olması, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla, müasir tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikilməsinə başlanılıb. Paytaxtda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları (MST) yenidən təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur”.
Eyni zamanda hesabatda bildirilir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb: “Həmin təşkilatların nümayəndələri həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar. Real təsir gücünə malik olmasa da Ombudsman Aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədilə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların İcrasına Nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.
Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər”.
“Ayrıseçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları…”
Hesabatın növbəti bölümündə isə İstintaq Təcridxanalarında hələ də qalmaqda olan neqativ məqamlardan bəhs edilir. İlk növbədə bildirilir ki, Azərbaycanda olan həbs yerlərinin (və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Daha ciddi problem isə həbs yerlərində baş verən qanunsuzluqlardır: “Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi, həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrıseçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri-şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözügedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır”.
“Təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür”
Hesabatda bildirilir ki, bəzi istintaq təcridxanaları zahiri baxımdan yenilənsə də, daxilində köhnə qaydalar – insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması davam etdirilir: “Məlumdur ki, ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1 saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir Avropa standartlarına uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına sovqat ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var”.
At tövləsində saxlanılan təqsirləndirilən şəxslər
Daha sonra sənəddə bildirilir ki, istintaq təcridxanalarında təqsirləndirilən şəxslərə, məhkumlara yanaşma nəzarətçilərin maddi vəziyyəti ilə bağlı da fərqlənir: “Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1 saylı Bakı İstintaq Təcridxanasında aylıq qiyməti 100- 150 manat arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi üçün də “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır.
Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur”.
“Hər bir şey üçün pul ödəmək lazımdır”
Hesabatda qeyd edilir ki, Bakı İstintaq Təcridxanasından fərqli olaraq, Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır: “Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan fərqli olaraq, siyasi məhbus və jurnalistlərdən heç bir təmənna güdülmür. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını “sorub yeyir”. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Burada “hakimi-mütləq” D.P.N.K-ların, əsgər komandirlərinin hesabı mütləq verilməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar”.
“Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır”
Hesabatda həmçinin bildirilir ki, istintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar – tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan. Və bəzən də işgənçəyə məruz qalırlar: “Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlüklər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondinsioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustağın öz hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır”.
Əyalətlərdəki təcridxanalarda havanı da pulla satırlar
Hesabatda əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyətin daha ağır olduğu vurgulanır: “Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki analoji müəssisələrin vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə bağlı bildirib ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkanın” saatını iki manata açırlar. Burda da rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi ilə məşğul olur”.
Salyanda yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də analoji vəziyyət hökm sürür. Bu cəzaçəkmə müəssisəsində bir ildən artıq dustaq olmuş vəkil Qurban Məmmədov burada vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir: «Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».
Hesabatın digər məqamları ilə bağlı növbəti yazılarda məlumat verəcəyik.
Rasim Əliyev
AzPolitika.info