“O ərazidə bir çox alim sirli şəkildə ölüb” -Fərhad Əhmədov cəsus olayı haqda
Azərbaycanlı biznesmen Fərhad Əhmədov cəsus Sergey Skripal və qızının zəhərlənməsi olayı ilə bağlı Böyük Britaniya hökumətinin atdığı addıma münasibət bildirib.
Yenixeber.org: Milyarder “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, cəsusun zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarının hər hansı rolu olmasından söhbət gedə bilməz: “Niyə Finladiyadan qaçaraq 1985-ci ildən Böyük Britaniyada veyllənən Oleq Qordievskini (Rusiya KQB-sinin keçmiş polkovniki. Haqqında dövlətə xəyanətə görə qiyabi güllələnmə əmr verilmişdi- red.) güllələmədilər və ya zəhərləmədilər? Skripal kimə və niyə lazımdır?
Mən bunun sui-qəsd olmasını istisna etmirəm. Ata ilə qızın depressiya üçün əsasları vardı. Yeri gəlmişkən, həmin gün onlar Skripalın həyat yoldaşının dəfn olunduğu qəbiristanlığa getmişdilər. Yəqin ki, bu, şüurlu təxribat olub.
Nədənsə, çox az adam Skripalların tapıldığı Solsberdən 12 kilometr uzaqlıqdakı “Porton-Daun” hərbi bazasındakı gizli kimyəvi laboratiyanın mövcudluğundan yazır. Həmin ətrafda vaxtilə müdafiə tədqiqatı ilə əlaqəsi olan bir sıra alimlərin sirli ölümü baş verib. Xüsusilə, bazanın əməkdaşı Devid Kellinin ölümü. Burada, eyni zamanda, sovet alimi-mikrobioloq və Müdafiə Nazirliyinin əməkdaşı, dəfələrlə həmin kimyəvi laboratoriyanı ziyarət edən Vladimir Paseçnik də ölüb”.
“Bu baxışlarınıza görə, sizin ünvanınıza təzyiqlər olunmasından qorxmursunuzmu” sualına isə Əhmədov bildirib ki, o, artıq Britaniya hökumətinin şəxsi sanksiyalarla üz-üzə qalıb:
“London Ali Məhkəməsi hələ 17 il əvvəl Moskvada boşandığım keçmiş həyat yoldaşıma yarım milyard dollardan çox kompensasiya ödəməyimlə bağlı qərar çıxardı. Məhkəmə ümumiyyətlə, onun vəkillərinin iddiasını qəbul etməməli idi, çünki biz Rusiya vətəndaşlarıyıq, nikaha rus qanunvericiliyinə uyğun girmişdik və həmin qanuna əsasən də, rəsmi şəkildə boşanmışdıq. Bəli, pullar da Rusiyada qazanılmışdı”.
“Hansı güclərə indiki qalmaqalın daha da böyüməsi sərf edər” sualına cavab olaraq milyarder bildirib ki, heç kim “deep state” (“dərin dövlət”) və ya kölgə hakimiyyəti anlayışını unutmasın. Donald Trampın prezidentliyinin ilk ili göstərdi ki, ABŞ hakimiyyəti strukturlarında, o cümlədən xüsusi xidmət orqanlarında müxtəlif səviyyənin birləşmiş qrupları mövcuddur və koordinasiyalı fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, müvafiq məqsəd güdən belə bir qrup Britaniya hökumət strukturlarında da mövcud ola bilər”.