Azərbaycanda nurçu revanşı - Mif, yoxsa reallıq?
Xeberinfo.com: Türkiyədə iyulun 15-də həyata keçirilən darbedən sonra Fətullah Gülən tərəfdarlarına qarşı başladılmış həbs dalğası bütün dünyada və xüsusən də region ölkələrində ciddi müzakirə mövzularındandır. Ərdoğan hakimiyyətini devirməyə hesablanmış hərbi çevriliş məğlubiyyətə uğrasa da, demək olar ki, Türkiyədə kök atmış bu şəbək ilə mübarizə hələ uzun zaman davam edəcək. Amma proseslər göstərdi ki, Fətutullah Gülən camaatı təkcə Türkiyədə kök atmayıb, həmçinin Orta Asiyanın ölkələrində və Azərbaycanda da böyük gücə malikdir. Amma Türkiyədən fərqli olaraq, Azərbaycanda bu şəbəkənin zərərsizləşdirilməsi üçün heç bir ciddi addım atılmır. Hətta Türkiyə mediasında da Azərbaycanda gülənçilərlə mübarizənin imitasiya edildiyi açıq şəkildə tirajlanır. Bütün bunlara cavab olaraq, Azərbaycan hakimiyyəti ciddi bir arqument ortaya qoya bilmir. Bəs bunun səbəbi nədir? Məhz bu suallara cavab vemək üçün bəzi məqamlara aydınlıq gətirəcəyik...
Gülən şəbəkəsinin Azərbaycandakı gücü...
Xatırladaq ki, illər öncə Fətullah Gülənin "sağ qolu" sayılan və sonralar Gülənin dövləti ələ keçirmək planına qarşı çıxan, nəticədə isə gülənçilər tərəfindən "düşmən" elan olunan Mustafa Verenin açıqlamları Azərbaycanda da durumun həddindən artıq ağır olduğundan xəbər verirdi. Bu həmin Mustafa Veren idi ki, Azərbaycanda və Orta Asiyada Gülənin bütün şəbəkəsini, təhsil ocaqlarını qurmuşdu. Ona görə də belə bir "açar fiqur"un açıqlamaları gözardı edilməməli idi. Əslində, Azərbaycan Gülən şəbəkəsinin gücünü rəsmi qurumlar, daha doğrusu, ölkənin ən yuxarı elitası da təsdiq etmişdi. Belə ki, 2007-ci ilin dekabrından Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri işləmiş Elnur Aslanovun 2014-cü ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə istefaya göndərilməsi də təsadüfi deyildi.
Türkiyədə məşhur "Ergenekon" əməliyyatından və məlum "Yolsuzluq" olaylarından sonra reallaşan bu sərəncam, həmçinin həmin ərəfədə mediada yayılan xəbərlər Gülənin Prezident Adminstrasiyasına qədər adamlarını yerləşdirməsini açıq ortaya qoydu. Amma bir qədər sonra gərginlik səngidi və gülənçiər yenə də prosesi axarı ilə davam etdirməyə başladılar. Keçmiş deputat Rəbiyyət Aslanovanın "oğluma bir iş verin, başını qatsın" xahişindən sonra isə Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri təyin olundu. Bütün bunlar isə təsadüfi deyildi. Hətta bu mesajın da haradan verildiyi müəmmalı olaraq qaldı...
15 iyul darbesi - “Ergenekon” əməliyyatının davamı...
Əslində, 2016-cı ilin 15 iyununda Türkiyədə baş verən hadisələr “Balyoz əməliyyatı” və 2008-ci ildəki “Ergenekon” əməliyyatının davamı idi. Bir sözlə, hadisələrin ABŞ-ın Pensilvaniya ştatından idarə olunduğu aydın görünürdü. Burada əsas diqqət çəkən məqam isə o idi ki, əslində, "Balyoz" və "Ergenokon" əməliyyatı deyə bir hərbi çevriliş planı olmayıb. Bunu, sadəcə, Gülən və arxasındakı güclər Türkiyə ordusunu zəiflətmək üçün ortaya atıblar. Ordunun bütün üst təbəqəsinin və peşəkar genarlların həbsi də məhz buna hesablanmışdı. Əməliyyatın hüquq-mühafizə orqanlarında Gülənin nəzarətində olan şəxslər tərəfindən həyata keçirilməsi də buna əyani sübut idi. Amma bu planların heç biri gerçəkləşmədi. Məlum "Yolsuzluq" olaylarında isə Gülən və onu idarə edən güclər birbaşa Ərdoğanı hədəfə aldılar, hökumətini devirmək cəhdlərini açıq ortaya qoydular. Gülən bunu dansa da, prosesin Pensilvaniyadan idarə olunduğu bəlli idi...
Elnur Aslanov öncə vuruldu, sonra "dirildi"...
Qardaş ölkədə seçkilər ərəfəsində Gülənin “Hizmət” hərəkatı ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın münasibətlərinin gərginləşməsi Azərbaycanı da silkələmişdi. Azərbaycan hakimiyyətində də nurçuların olması barədə informasiyalarda əsas fiqurantlardan biri kimi E.Aslanovun adı hallanırdı. E.Aslanovun bu məlumatlardan sonra işdən çıxarılması, onun rəhbərlik etdiyi şöbənin ləğv edilməsi, ən əsası prezident sərəncamının hökumət qəzetlərində və AzTV-də elan olunmaması haqlı suallar yaradırdı. Gözlənilirdi ki, Novruz tətilindən sonra “Hizmət” hərəkatı ilə münasibətləri təsbit edilmiş digər yüksək vəzifəli məmurların da “təmizlənməsinə” başlanılacaq. Amma bu da baş vermədi...
Həmin ərəfədə yayılan məlumatlardan biri də bundan ibarət idi ki, Gülənin “imamı” kimi tanınan E.Aslanovun işdən uzaqlaşdırılması Ərdoğanı məmnun edib və hətta o, Azərbaycan prezidentinə zəng edərək təşəkkürünü bildirib. Məlumatlarda deyilirdi ki, baş nazir Azərbaycandakı bu prosesin davamının olacağına ümid edib. Ancaq Novruz bayramından sonra KİV-lərdə “Gülənin Bakıdakı adamları” mövzusu arxa plana keçdi və aprelin 2-də isə E.Aslanovun yeni vəzifəyə təyinat aldl, yəni bu təyinat prezidentin sərəncamı ilə deyil, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə gerçəkləşdi... Və Gülənin əsas adamı kimi tanınan Aslanov ölkənin informasiya şəbəkəsinə nəzarət edən, daha doğrusu, strateji önəm daşıyan naziriyinə yerləşdirildi. Bütün bunlar niyə baş verdi? Bu suallar isə demək olar ki, cavabsız qalan suallardır...
Azərbaycandakı əsas şəbəkə - Dialoq Avropa Platforması
Azərbaycanda Gülənin əsas qurumlarından biri də Dialoq Avropa Platformasıdır. Beynəlxalq ictimai təşkilat olan "Dialoq Avrasiya" Platforması (DAP) 15 sentyabr 1998-ci il tarixində Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib.
Platformanın yaradılmasının təşəbbüskarlarından çoxunun adı məlum olmasa da, bunlardan birinin adı bütün rəsmi mənbələrdə açıq göstərilir. Bu şəxs Fətullah Güləndir. Sitat: “Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan "Dialoq-Avrasiya" platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər” (Mənbə: Fətullah Gülənin rəsmi saytı, “Tanınan və tanınmayan Fəthullah Gülən” adlı bioqrafik yazı - http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen ).
DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərib. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçiyi kimi göstərilir. Maraqlıdır ki, Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. Anar müəllim bir vaxtlar həmçinin beynəlxalq platformanın da dönəm başqanı olub. Hazırda isə DAP-ın Azərbaycanın Milli Komitəsinə Anarın yaxın dostu, millət vəkili Nizami Cəfərov rəhbərlik edib. DAP-ın mətbu orqanı olan DA jurnalı isə Türkiyə, Rusiya və Azərbaycan başda olmaqla Avrasiyanın 16 ölkəsində nəşr olunub.
DAP-da təmsil olunan Azərbaycan rəsmiləri...
DAP-ın digər ölkələrdə olduğu kimi Azərbaycandakı fəaliyyəti də heç vaxt açıq formada mediada işıqlandırılmayıb. Bu səbəbdən DAP-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı mediadan ətraflı məlumat toplamaq mümkün deyil. Ancaq maraqlı budur ki, DAP-ın Azərbaycan fəaliyyəti və bu qurumda təmsil olunan şəxslərlə bağlı açıq formada məlumat Fətullah Gülənin rəsmi saytında yerləşdirilib. Qurumun müxtəlif vaxtlarda yaydığı məlumatlarda isə təşkilatın üzvü olan və ya təşkilatla birbaşa əməkdaşlıq edən və ölkədə çox ciddi nüfuz sahibi olan bir çox şəxlərin adına rast gəlmək olur. Bunlar millət vəkili Nizami Cəfərov (DAP MK sədri), millət vəkili Məlahət İbrahimqızı (DAP İdarə Heyətinin üzvü), AYB sədri Anar Rzayev (Təsisçi), MTRŞ sədri Nuşirəvan Məhərrəmli ( İharə Heyətinin üzvü), tanınmış jurnalist Qulu Məhərrəmli (İdarə Heyətinin üzvü), 525-ci qəzetin baş redaktoru Rəşad Məcid (İdarə Heyətinin üzvü), Turizm Universitetinin rektoru Cəfər Cəfərov (İdarə Heyətinin üzvü), “Çağ öyrətim” Azərbaycan kurslarının rəhbəri Ənvər Özerendir (İdarə Heyətinin üzvü).
Mediada yayılan məlumatlarda DAP-da təmsil olunanların arasında millət vəkilləri Ceyhun Osmanlı, Rəbiyyət Aslanova, Fazil Mustafa, gənclər və idman nazirinin müavini İntiqam Babayevin də adı keçib, amma nazirliyin mətbuat xidməti açıqlamalarında bildirib ki, İntiqam Babayev qurumun tədbirlərində iştirak etsə də, təşkilatın rəsmi üzvü deyil. Millət vəkili Fazil Mustafa da gülən şəbəkəsi ilə əlaqəsinin olmadığını dəfələrlə bəyan edib.
DAP Azərbaycanda nə işlər "çevirib"?
“Nurçu”ların Azərbaycandakı siyasi, ideoloji və iqtisadi işğalını həyata keçirən, dövlət qurumlarına dərin kök salan, öz telekanalı, saysız-hesabsız media qurumları, universitetləri, təhsil ocaqları, yüzlərlə şirkəti olan Gülən şəbəkəsinin koordinasiyasını həyata keçirən bu qurum ikili fəaliyyətlə məşğul olub. Əslində isə qurum Azərbaycanın məşhur simalarını, ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə “qoruyucu zireh” yaradır, məşhur ticarət mərkəzlərinin birindəki səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir. Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da, pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən “Hizmet” adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların sistemində “yetişdirilən”, beyni yuyulmuş azərbaycanlı gənclərdir. Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa Saatçının adını mediaya bəlli olub. Bu məlumatları isə təkrar gündəmə gtirməyimiz təsadüfi deyil. Əslində, Gülən rəsmi saytında bu şəxslərin adını çəkməklə, ölkənin müxtəlif sahələrdə əsas söz sahibi olan insanların onun yanında olduğunu bəyan edib...
İlham Əliyev gülənçilərə niyə güzəştə gedir?
Bu gün əsas sullardan biri də budur: Prezident İlham Əliyev niyə "nurçu"lara, daha doğrusu, Gülən şəbəkəsinə qarşı heç bir ciddi addım atmır?
Anaxeber.az-a danışan ekspertlər bu sullara bir neçə aspektdə izah verirblər:
Birincisi budur ki, Əliyev Gülən şəbəkəsini zərərsizləşdirməyə başlayacaqsa, ölkədə "toplar" yerindən oynayacaq, böyük bir məmur ordusunun bu şəbəkəyə bağlılığı ciddi rezonans doğuracaq. Hətta Elnur Aslanov və Ceyhun Osmanlıya qarşı ciddi addımların atılmaması da onu göstərir ki, bu şəbəkə bir neçə nəfərdən ibarət deyil. Ona görə də hakimiyyət gülənçilərə qarşı əməliyyatlarda imitasiya siyasəti yürüdür...
İkincis versiya bundan ibraətdir ki, hakimiyyət Gülən şəbəkəsinə qarşı əməliyyatları keçirməyə ehtiyat edir. Düşünürlər ki, Türkiyədə "Balyoz", "Ergenekon", "Yolsuzluq" və 15 iyul hərbi çevirilişi kimi Azərbaycanda da cavab zərbələri ola bilər. Məhz Gülənin məğlubiyyətin əvəzini çıxmaq üçün etdiyi revanş ölkədə mənfi nəticələr doğuracaq. Bəs bu mümkündürmü? Bu barədə də ekspertlər arasında fikir ayrılıqları var. Əksəriyyət düşünür ki, Gülən şəbkəsinin Azərbaycanda sayı çox olsa da, problem yaradacaq həddə siyasi çəkisi yoxdur...
Üçüncü, yəni sonuncu versiya isə daha ağlabatandır ki, hakimiyyətdə təmsil olunan bəzi güclər - klanlar Gülənlə yaxın əlaqələrə malikdirlər. Onlar prezidenti Azərbaycanda Gülən təhlükəsinin olmadığına inandıra biliblər. Ona görə də İlham Əliyev gülənçilərə qarşı hələ ki, ciddi addım atmaq niyyətində deyil. O ki qaldı Ərdoğanın Azərbaycana Gülənçilərin "qara siyahısı"nı göndərməsinə, bunun da hakimiyyət tərəfindən araşdırılmadığı yeni suallar yaradır. Bu sullara isə növbəti yazılarımızda aydınlıq gətirəcəyik...
Anaxeber.az