Gəncə Dövlət Universitetində yaradılmış sağlam mühit
Yusif Yusifovun Gəncə Dövlət Universitetində yaratdığı sağlam mühit, bilikli tələbə kontingenti və bacarıqlı mütəxəssislər yetişdirməsi onun gərgin əməyinin bəhrəsidir.
Xeberinfo.com: İnkişaf edən Azərbaycanımızda təhsilin mühüm yeri vardır. Cəmiyyətin, gəncliyin, insanlarımızın elm və biliklərə yiyələnməsi, maariflənməsi, dünyagörüşünü artırması üçün ən ideal yer məhz təhsil ocaqlarıdır.
Qeyd edək ki, son illər Azərbaycan hökuməti təhsil sahəsində bir sıra islahatlar apararaq, onun daha da inkişaf etməsi üçün əsaslar yaradıb. Dövlət proqramlarının həyata keçirilməsi, təhsil sektorunun daha da gücləndirilməsi, elmi bazasını təkmilləşdirməsi üçün artıq milyonlarla manat vəsaitlər xərclənib.
Aydın məsələdir ki, təhsillə bağlı danışıldıqda ilk olaraq orta məktəblər, daha sonra isə ali məktəblər yada düşür. Bu gün ölkəmizi kadrlarla təmin edən mühüm dövlət təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Bildirək ki, Yusif Yusifovun rektoru olduğu GDU-da təhsilin yüksək səviyyədə təşkil olunması, tələbələrə göstərilən xüsusi qayğı, habelə elmi-texniki bazanın mükəmməl səviyyəyə çatdırılması xeyli əziyyət tələb edib. Bu gün Azərbaycanda ən nümunəvi, ən mühüm və əhəmiyyətli təhsil ocaqlarından biri olan Gəncə Dövlət Universitetinin hazırkı səviyyəyə yüksəlməsində Yusif Yusifovun mühüm rolu vardır. Belə ki, onun həm elmi bazanı gücləndirməsi, həm tələbələrin təcrübə keçmələri üçün bütün zəruri şəraitin yaradılması, habelə digər amillər müstəsna xidmətlərin bəhrəsidir.
Yusif Yusifovun ən üstün cəhətlərindən biri də odur ki, o, özünü universitetdə rektor kimi deyil, eləcə müəllim, tələbə kimi aparır. Rektorun davranışları, tələbələrlə olan münasibətləri də əyani şəkildə ortadadır və bu səbəbdən də tələbələr onu çox sevirlər.
Nəzərinizə çatdıraq ki, Yusif Yusifov gözəl alim, bacarıqlı müəllim, bilikli elm xadimidir. Onun elmi araşdırmaları, dərslikləri, mühazirələri və digər xoş məziyyətlər hamı tərəfindən təqdir olunur.
Bu gün GDU-nun inkişaf yolunda olması, müasir dövrümüzlə ayaqlaşan elm ocağına çevirlməsi artıq bütün ölkədə məşhurdur. Peşəkar kadrların yetişdirilməsi, ixtisaslı mütəxəssislərin formalaşdırılması üçün çəkilən əziyyətlər hər nə qədər çox olsa da, yekunda hamı sevinir. Ona görə ki, bu sevinc hissi məhz zəhmətin hədər getməməsi ilə bağılıdır. Gəncə Dövlət Universiteti özünün maddi-texniki bazasını daim artırır, inkişaf etdirir, yüksək ixtisaslı və geniş dünyagörüşlü kadrlar hazırlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir. İndi universitetdə yalnız Qərb bölgəsində deyil, respublikanın bütün guşələrində olan tələbələr təhsil alır. Xarici ölkələrdən universitetimizə təhsil almağa gələnlərin sayı da ilbəil artır. Universitetimizin tələbələrinin və məzunlarının xarici ölkələrə təhsil almaq, ixtisasartırmaq üçün göndərilməsi Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrinin artması ilə bağlıdır.
Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlikvə şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar. Yusif Yusifov özünün müsahibələrində deyir ki, tələbələr onun həyatının mənasıdır. Rektorun bu qədər səmimi açıqlama ilə çıxış etməsi əbəs deyil. Həqiqətən də o, tələbələrlə münasibətlərini ata-övlad səviyyəsində tənzimləyir. Məhz bu səbəbdəndir ki, tələbələr azca problemləri olan kimi, rahatlıqla Yusif müəllimin qəbuluna gedə bilirlər.
Bütün bu sistemin qurulmasında tək məqsəd şəffaflığın təmin edilməsi, elm və biliyə yüksək qiymətin verilməsidir.
Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.
Son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, o cümlədən çoxlu kompyuter dəstinin və digər informasiya texnologiyaları avadanlıqlarının alınması, müasir standartlara cavab verən tədris laboratoriyasının yaradılması, idman zalının,tədris binalarının əsaslı təmiri və digər tədbirlər təhsil müəssisəsində elmi və kadr təminatına nə dərəcədə önəm verildiyini göstərir. Amma təəssüflər olsun ki, son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.
Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır.
Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır,əlbəttə GDU-ya və onun rektoruna belə çamurlar, böhtanlar yaraşmaz. Əksinə, bar verən ağaca daş atanın çox olduğunu yaxşı deyib atalarımız.
Bu gün GDU-da imtahanların yüksək səviyyədə təşkili, tələbələrin biliklərinə güvənərək qiymət almaq üçün çalışmaları, korrupsiya və rüşvət hallarının aradan qaldırılması bəzi şəxsləri qıcıqlandırmaqdadır. Yusif Yusifovun haqqında yazılan böhtanlar tələbələri və universitet müəllimlərini qəzəbləndirsə də, onlar yenə atalarımızın çəkdiyi misallara söykənərək səbr edirlər. Atalarımız yaxşı deyib: «Yel qayadan nə apara bilər ki?»