Əli Həsənov üçün həbsin qapısı göründü -Yeni gəlişmə...
Avropadakı bəzi mühacirləri və iqtidarın bəzi sərt tənqidçilərini maliyyələşdirdiyi iddia olunan sabiq PA məmuru Əli Həsənov üçün həbs yolu görünməyə başlayıb.
Yenixeber.org: Xatırladaq ki, telekanallarda yayımlanan süjetlərdən bu qənaətə gəlmək mümkündür. Bir müddət əvvəl ARB TV-nin efirində gedən materialda keçmiş PA məmuru Əli Həsənovun əməllərindən bəhs olunub. Xüsusən vurğulanır ki, Əli Həsənov Londonda olan hüquqşünas, hakimiyyət ünvanına ağır ifadələr işlədən Qurban Məmmədovu himayə edirmiş. Süjetdə deyilir ki, onlar çoxdan tanışdırlar, gizli işbirliyində olublar, Əli Həsənov da onu təlimatlandırmaqla ölkə rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirməsinə şərait yaradıb. Həmçinin, o da vurğulanır ki, Əli Həsənov və xüsusən keçmiş PA rəhbəri Ramiz Mehdiyevin dəstək ilə Qurban Məmmədov Bakıda mal-mülk, milyonluq əmlakların sahibi olub. Hətta ARB TV siyahını açıqlayıb. Bu informasiyaların yenidən gündəmə gətirilməsi isə göstərir ki, Əli Həsənovla bağlı yeni proses başlanır. Onun barəsində cinayət işinin açılacağı belə istisna edilmir. Son illərdə onun "söyüş müxalifəti" və trol şəbəkələrini himayə etməsi haqda bir neçə mənbədən məlumatlar sızmaqdadır. İndisə dövlətin birbaşa nəzarəti altında olan bir telekanalda Əli Həsənov-Qurban Məmmədov tandemindən bəhs olunursa, deməli, sabiq məmurla bağlı növbəti addımların atılması üçün zəmin hazırlanır. Habelə, onun ağsaqqalı olan Ramiz Mehdiyevin də barəsində hansısa qərarların verilməsi mümkündür. Çünki bu komanda vəzifədə olduğu illər ərzində prezident İlham Əliyevin arxasından iş aparıb, əleyhinə çirkin kampaniya həyata keçirib. Təbii ki, belə bir siyasi xəyanət bağışlanmazdır. İndisə dövlətin kontrolu altında olan TV-də gedən sujetdən belə nəticə hasil olur ki, Əli Həsənov üçün həbsxana qapısı görünməkdədir...(anaxeber.info)