Klanlararası mübarizə qızışır? -RƏY
Ekspertlər həmrəydir ki, Ramiz Mehdiyevin məclisi ətrafında baş verənlər təkcə karantin rejiminin pozulmasındən irəli gəlmir
Yenixeber.org: Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudasının həbsi gündəmin əsas müzakirə mövzusudur. Ortada konkret fakt – şadlıq məclisi təşkil etməklə karantin rejimi qaydalarının pozuntusu olsa da, baş verənlər daha çox siyasi hadisə kimi dəyərləndirilir.
İ.Əliyev və qudasının məhkəməsinə jurnalistlərin sərbəst buraxılması, onların zaldan nəinki görüntü götürməsinə, hətta məhkəmədən canlı yayım etməsinə şərait yaradılması da şübhəsiz ki, siyasi qərardır. Çünki cəmi bir gün öncə müxalifətçi Tofiq Yaqublunun məhkəməsinə Operativ Qərargahın qaydalarını əsas gətirib, hətta doğma bacılarını da buraxmamışdılar. Üstəlik, Azərbaycanda bütün məhkəmə prosesinin canlı yayımlanması halı ilk dəfə idi. İ.Əliyev və qudası haqqında qərar verən hakim Şövkət Nəcəfova vaxtilə tənqidçi jurnalist Seymur Həzi haqqında 5 illik həbs hökmü çıxarmışdı. Həmin məhkəmə iclasında isə hakim xanım nəinki görüntü, hətta səsyazmaya da imkan vermirdi.
İ.Əliyev və qudasının inzibati məsuliyyətə cəlb olunduğu halda, kameralar qarşısında nümayişkəranə şəkildə qandallanması təsadüfi deyildi. Hüquqşünas Yalçın İmanov bildirdi ki, inzibati qaydada həbs olunanların əllərinə qandal vurulması qanunsuzdur: “Qandal cinayət işləri üzrə təqsirləndirilən və məhkum edilmiş şəxslərə münasibətdə tətbiq edilir. Polis müvəqqəti saxlama yerində qandalı yalnız şəxs qanuni tələblərə tabe olmayanda, fiziki müqavimət göstərəndə qanunsuz hərəkətlərin, şəxsin qaçma, özünə və başqalarına xəsarət yetirmə cəhdlərinin qarşısını almaq üçün tətbiq edə bilər”.
Y.İmanovun sözlərinə görə, barəsində inzibati icraat aparılan şəxslərin məhkəmə zalında şüşə kabinədə, yaxud dəmir qəfəsdə saxlanması da qanuna ziddir.
Məhkəmənin həbs qərarından sonra telekanallarda R.Mehdiyevin əleyhinə materialların yayımı başladı, deputatların onun özü və ailə üzvləri haqqında açıqlamaları gəldi. Bununla da aydınlaşdı ki, proseslər artıq siyasi müstəvidə davam edir.
R.Mehdiyevin nəvəsinin nişanı avqustun 18-də olub. Bu barədə video və xəbər avqustun 20-də axşam saatlarında yayıldı. Amma sosial mediada təkcə R.Mehdiyevin nəvəsindən yox, həm də baş nazir Əli Əsədov, keçmiş deputat Hadı Rəcəblinin övladlarının da şadlıq məclislərindən bəhs olunurdu. Nədənsə, onlar diqqətdən hələ ki kənarda qalıb. R.Mehdiyevin özüylə bağlı da sanki əvvəl bir qeyri-müəyyənlik vardı. Əks halda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi bağ evindəki görüntüləri “bir qrup şəxsin toplantısı” adlandırmaq məcburiyyətində qalmazdı.
İctimai-siyasi fəallar son iki üç gündə baş verənləri hakimiyyət daxilindəki qruplar arasındakı hesablaşmaların açıq nümayişi hesab edir.
Anar Məmmədli: “Ramiz Mehdiyev öz siyasi mirası ilə amansız şəkildə üzləşib”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, R.Mehdiyevin bu gün qarşılaşdığı mənzərə həm də siyasi barışmazlığın nəticəsidir. O qeyd etdi ki, ümumiyyətlə, pandemiya dövründə inzibati xətaya görə, xüsusən yaşlı insanlara münasibətdə həbsin tərəfdarı deyil. Çünki pandemiya dövründə insanların qapalı yerlərdə saxlanması həm də onların həyatına təhlükədir:
“Bu, Ramiz Mehdiyevin kürəkəninə münasibətim deyil. Hələ apreldə karantin cəzaları başlanandan bu fikrimi demişəm. Konkret İlham Əliyev və qudasının həbsi isə daha çox siyasi qərardır. Hakimiyyət daxilində Ramiz Mehdiyevlə haqq-hesabın, ona münasibətin nəticəsidir. Telekanallarda da kürəkənindən çox, onun adı çəkilir. Ona qarşı kampaniya niyyəti aşkar görünür. Ailə üzvlərini “erməni”, özünü “antimilli ünsür” adlandırırlar. Bir sözlə, sovet dövrünə xas kampaniya gedir. Bu cür davranışı düzgün saymıram. Onu da yaddan çıxarmaq olmaz ki, Ramiz Mehdiyev özü də vəzifədə olanda bu cür kampaniyaların mahir ustası kimi tanınırdı. Ramiz Mehdiyev siyasi mirası ilə amansız şəkildə üzləşib”.
A.Məmmədli istisna etmir ki, R.Mehdiyevin icazə almadan bu məclisi təşkil etməsi yuxarılara “meydan oxumaq” kimi qiymətləndirilib:
“Amma baş verənlər təkcə icazə məsələsinə oxmaşır. Bu kampaniyada başqa məqsədlər də var. Məsələn, hər kəsin qanun qarşısında bərabərliyi görüntüsü yaratmaq. Belədirsə, axı, başqa məmurların övladlarıyla bağlı da xəbər və görüntülər yayılmışdı, onlarla bağlı hələ ki heç bir nəticə yoxdur”.
R.Mehdiyevin siyasi gücü barədə fikirləri mif sayan A.Məmmədli onun baş verənlərə ciddi cavabı olacağını düşünmür. Hüquq müdafiəçisinin fikrincə, şadlıq məclisi təşkil edən məmurlar arasında hazırda ən zəifi R.Mehdiyev olduğuna görə onu hədəf seçiblər:
“Ramiz Mehdiyev haqqında rəyləri mif sayıram, onun akademik bilgiləri, siyasi bacarıqları barədə heç vaxt yüksək fikirdə olmamışam. Yazılarını da oxuyanda düşünürdüm ki, akademik səviyyəsinə çatmış biri bu qədər şər-böhtanı necə yaza bilər. Müstəqil jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını, siyasi partiyaları ermənipərəstlikdə ittiham edirdi, “beşinci kolon” adlandırırdı. İllərlə başqalarına qarşı istifadə etdiyi üsullardan indi ona qarşı istifadə olunur. Ramiz Mehdiyev şişirdilib. Mən onun çıxıb açıq şəkildə ittihamlara cavab verəcəyini, yaxud başqa addımlarını gözləmirəm. Hesab edirəm ki, bütün bunları həzm edəcək. Ramiz Mehdiyev ölkənin bu günə düşməsində birbaşa iştirakçı olanlardan biridir. Amma tək günahkar o deyil…”
Bəxtiyar Hacıyev: “Ramiz Mehdiyev bunun qisasını almağa çalışacaq”
Siyasi fəal Bəxtiyar Hacıyev isə fərqli fikirdədir. O, hesab edir ki, R.Mehdiyevin mütləq cavabı olacaq.
B.Hacıyevin sözlərinə görə, videonun yayılmasından tutmuş, məhkəmənin həbs qərarına qədər, baş verənlər cəmiyyətə hüquqi proses kimi təqdim olunsa da, əslində, R.Mehdiyevin son dövrlərdəki davranışlarına, mesajlarına cavab idi:
“İlk dəfə məhkəmə zalından canlı yayım verilirdi. İnzibati məsuliyyətə cəlb olunan şəxs qandallanırdı. Vəzifədə olan başqa şəxslər, onların övladları ilə bağlı da nişan, toy mərasimləri haqda məlumatlar var. Onlar cəzalandırılmadıqca, deməli, Ramiz Mehdiyevin ailəsinə münasibətdə baş verənlər hüquqi yox, siyasi prosesdir, ona gözdağı vermək üçün siyasi aksiyadır”.
B.Hacıyevin fikrincə, bugünkü mənzərənin yaranmasının əsas səbəbi R.Mehdiyevin hakimiyyətin bir əldə cəmləşməsinə müqavimət göstərməsi, o cümlədən birinci vitse-prezident Mehriban Əliyevanın liderliyini qəbul etmək istəməməsidir:
“O, “paşayevlər klanı”nı qəbul etmir. Hakimiyyətin Mehriban Əliyevaya ötürüləcəyi təqdirdə, ən çox müqavimət göstərənlərdən biri o olacaq. Son dövrlərdəki məqalələrini də İlham Əliyevi, hakimiyyəti tərifləyən tərzdə yazsa da, incə atmacalar atmışdı. O məqalələrdə mesajlar vardı. “Təsadüfi insanların dövlət idarəçiliyinə gətirilməsi…”, “Mənim üçün siyasi əqidə qumar daşı deyil” kimi fikirləri siyasi təcrübəsi olan şəxs üçün təsadüf seçilmiş hesab eləmirəm. Deyir ki, “birləşdiyimiz, birləşəcəyimiz şəxs yalnız İlham Əliyevdir”. Bu, o deməkdir ki, Mehriban Əliyevanın liderliyini qəbul etmirik. Qarşı tərəf də Ramiz Mehdiyevin gücü olduğunu anlayır. Vəzifədən uzaqlaşdırılmış məmurlarla görüşləri, müəyyən əlaqələri hakimiyyəti narahat edir ki, o, alternativ gücə çevrilə, müxalifətə dəstək verə bilər”.
B.Hacıyev R.Mehdiyevin biznesini təhvil vermək istəmədiyini və ona qarşı kəskin münasibətdə bu məqamın da rolu olduğunu vurğuladı. Onun fikrincə, kürəkəninin həbsindən sonra rəqib qruplar arasında mübarizə daha da qızışacaq:
“Ramiz Mehdiyev mütləq hansısa addımlar atacaq. Məsələ təkcə kürəkəninin həbs edilməsi deyil. Qanuni olaraq da cəza almalıydı. Amma bu kampaniya Ramiz Mehdiyevin həzm edəcəyi məsələ deyil. Ata Abdullayev kimisi məhkəmədə onun kürəkəninə qarşı ittihamlar səsləndirir, uzun illər onun tapşırıqlarını icra edib, müxaliftəçiləri, jurnalistləri həbs edənlər indi onun ailə üzvlərinə qarşı eyni davranışı nümayiş etdirir. Bu gün əleyhinə danışanlar onun xeyir-duası ilə parlamentə düşüb, əleyhinə yazan media vaxtilə ondan tezislər alıb. Hansısa formada bunun qisasını almağa çalışacaq. Ramiz Mehdiyevin kifayət qədər böyük şəbəkəsi, informasiyaları var. Baş verənlər klanlararası mübarizənin qızışmanın göstəricisidir. Əvvəl sözlə atışırdılarsa, bu gün artıq qılınclar çəkilib. Proseslər çox sürətlə gecəcək. Ramiz Mehdiyevin Rusiyada həm rəsmi, həm də qeyri-rəsmi münasibəti olan adamlar var. Əksəriyyəti də hakimiyyətdə təmsil olunur. Amma Rusiyanın müdaxiləsindənsə, daha çox ölkə daxilində proseslərin baş verəcəyini düşünürəm”.
B.Hacıyev R.Mehdiyevin kürəkəninin həbsinin sosial medianın gücü kimi təqdim olunmasıyla da razılaşmır. Onin fikrincə, əgər hökumət ictimai rəylə hesablaşan olsaydı, Yeni Yasamalda polislər adamları evindən çılpaq aparanda, işgəncə verəndə buna etiraz edənlərin fikri nəzərə alınardı: “Yaxud toplaşma qadağası olanda polisi müdafiə edən müğənnilərin dönər-kola ilə toplaşmasına da etirazlar oldu. Nəzərə alınmadı. Nə vaxt hakimiyyətin özünün marağındadırsa, o zaman nəzərə alır”.(pressklub)
Gülər