Rektorun elmi adı saxtı çıxdı?
Çex dilini bilməyən Müşfiq Atakişiyevin elmlər namizədi olmadan elmlər dokotoru olduğu məlum olub
Xeberinfo.com: Adı son dövrlər bir sıra qalmaqallarda hallanan Təfəkkür Universiteti və onun rektoru Müşfiq Atakişiyevlə bağlı daha bir maraqlı məqam üzə çıxıb. JAM.AZ xəbər verir ki, rektorun aldığı elmi dərəcənin saxta olduğu bildirilir və bunu sübut edəcək xeyli sayda dəlillər varmış.
JAM.AZ-a verilən məlumata görə, Müşfiq Atakişiyevin elmi dərəcəsinin saxta olduğunu sübut edən əsas cəhətlərdən biri onun elmlər namizədi olmadan elmlər doktoru olmasıdır. Qeyd edilir ki, elmi dərəcələr sıralandıqda ilkin olaraq elmlər namizədi olmaq, ardından isə elmlər doktoru olmaq lazımdır. «Lakin Müşfiq Atakişiyev birbaşa elmlər doktoru dərəcəsi alıb ki, bu da prosedur baxımından mümkünsüzdür».
Mənbə vurğulayır ki, Təfəkkür Universitetinin rektoru özünün tərcümeyi-halında yazıb ki, elmi işini Çexiyada müdafiə edib. JAM.AZ-a bilgi verən şəxslər qeyd edirlər ki, Müşfiq Atakişiyev indiyə qədər bircə dəfə də olsun Çexiyada olmayıb. Və sual edirlər ki, bir dəfə olmadığı ölkədə rektor necə elmi işini müdafiə edib? «Həmçinin onun çex dilini bilməsi mümkünsüzdür. 2011-ci ilə qədər Atakişiyev nə ingiliscə, nə çexcə, nə də rusca bilməyib. Maraqlıdır ki, bu adam həmin dönəmdə dil bilmədən Çexiyada necə müdafiə edə bilərdi ki? Bəlkə, Azərbaycan dilində müdafiə edib, biz bilməmişik?»
Məsələni dəqiqləşdirmək üçün Müşfiq Atakişiyevi tanıyanlarla əlaqə saxladıq. İlk olaraq sorğumuza Təfəkkür Universitetinin sabiq təsisiçisi, hazırda Almaniyada yaşayan Riyad Əliyev cavab verdi. O JAM.AZ-a açıqlamasında vurğulayıb ki, 2004-2011-ci illərdə Atakişiyevlə birlikdə işləyib. «Vilikepiyada onunla bağlı məlumatları oxuyanda gülürəm. Orada yazılıb ki, Atakişiyev elmlər doktorudur. Bununla razıyam. Yadımdadır ki, bu məsələni Ziyad Səmədzadə həll etmişdi. Belə ki, onun rəhbərliyi altında dissertasiya yazıldı. Ancaq vacib olan bir məqam var. Axı, elmlər doktoru dərəcəsini almaq üçün elmlər namizədi olmaq lazımdır».
Riyad Əliyev deyir ki, Müşfiq Atakişiyevin tərcümeyi-halında 4 dil bildiyinə dair məlumatlar var. Və o, bunun qeyri-mümkün olduğunu vurğulayır. «Mən onu tanıdığım dönəmdə Müşfiq Atakişiyev doğru-dürüst Azərbaycan dilində danışa bilmirdi. Danışanda da açıq şəkildə İmişli ləhcəsi hiss olunurdu. Mənə maraqlıdır ki, bu adam rus, ingilis və çex dillərini nə tez öyrənə bildi? Və necə öyrəndi?»
Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq.