“Naxçıvan mövzusunu qatlayıb bir kənara qoymaq istəyirəm, bacarmıram. Vasif Talıbovun tuği-lənətinə çevrilmiş “canişinlik” idarəsi sanki camaatı narazı salıb qəsdən mənim üstümə göndərir ki, sən Allah, bizi unutma”.
Yenixeber.org: Bunu tanınmış jurnalist Heydər Oğuz bildirib.
O qeyd edib ki, martın 14-də Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samiq Sadıxov 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş Bahadur Abbasovun qızı İncini qəbul edib, şikayətini dinləyəcəkdi.
“Görüş dünən baş tutub. Amma təəssüf ki, nazir əvəzi əfəndi onu əliboş yola salıb. Üstəlik, iradını da bildirib. Deyib ki, “niyə mənim adımı media orqanlarında hallandırırsan. Guya, bununla mənə nəsə edəcəyini düşünürsən? Sən şikayət etdin, mənə nə oldu? Mən heç kimdən çəkinmirəm və məni kimsə bu kreslomdan tərpədə bilməz”.
Haqsızmı? Əlbəttə, deyil. Adam əmisi “Dizayn İlqar”ın sayəsində "xan" dövründə Naxçıvanın korrupsiyada ən çox adı hallanan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri idi. Hətta oradakı fəaliyyətinə görə Naxçıvanın tibbi sığortası tamamilə qurumuşdu və xəstələrin bu imtiyazdan istifadə etməsi dayandırılmışdı. Bütün bunlara rəğmən nə oldu? “Canişin” həzrətləri tərəfindən adam nəinki cəzalandırılmadı, hətta gətirilib səhiyyə nazirinin müavini təyin edildi. Və onu “canişin” əfəndiyə “təbərrük və əvəzedilməz kadr” kimi kim təqdim edib, bilirsinizmi? Bilmirsinizsə, mən deyim: Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun ən ünlü siması kimi Prezident Administrasiyasından qovulan Əli Həsənovun qardaşı oğlu Anar Həsənov. Onun vəzifəsi 3 aydan bir “canişin” əfəndi üçün Prezidentə məruzə yazmaqdır və bu məqsədlə də ona Ali Məclisin binasında belə xüsusi kabinet ayrıldığına dair əlimdə mötəbər məlumatlar var. Bir sözlə, Naxçıvanı “canişin” qədər idarə edən bir adamın adamı olan nazir əvəzi kimdən çəkinməlidir - “canişin”dən? Əlbəttə, yox. Cinin canı şüşədə olan kimi, “canişin”in də canı “5-ci kolon”un əlindədir. Heç nə demirəm. Anar müəllim 3 ay qeyri-rəsmi vəzifəsindən qeyri-rəsmi məzuniyyətə çıxsa, “canişin” əfəndi Prezidentə məruzə əvəzinə nə göndərəcək - “Məlikməmməd nağılı”? Hərçənd ki, indi göndərdiklərinin də “Məlikməmməd nağılı”ndan fərqli bir şey olmadığına inanıram", - Heydər Oğuz bildirib.
Onun sözlərinə görə, Samiq Sadıxovu qınamalı deyilik.
“Adam niyə və kimdən çəkinməlidir ki? Onun və üzvü olduğu komanda üçün ən yaxşı kadrlar, təbii ki, tibbi savadları olmayan və Bakıda işlədikləri qısa müddət ərzində ən müxtəlif idarələrdən “yarıtmaz fəaliyyətinə” görə işdən qovulanlar ola bilər. Üstəlik, Bahadur Abbasov şəhid olanda 5 yaşında olan nazir əvəzi əfəndi nə bilir 1992-ci ildə şəhidlərimizin fədakarlığı sayəsində nələr qazanmışıq? Onun və özü kimi işçilərinin şəhid övladlarına kobud davranışları, Türklər demişkən, qayət normaldır. Və şəxsən mən bütün bunların günahını onda yox, ona himayədarlıq edənlərdə görürəm. Özünü və ailəsini dolandırmaq üçün kiçik bir iş istəyən şəhid balası niyə “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə at oynadanların yanına göndərilməlidir ki, bu cür sayğısız münasibətlə qarşılansın? O boyda Naxçıvanda şəhid övladına veriləcək başqa bir iş yoxmu?”, - Heydər Oğuz əlavə edib.
Qeyd: Əməkdaşımız Heydər Oğuzla əlaqə saxlayıb, "canişin"in kim olduğunu soruşub. Jurnalist "canişin" deyəndə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayədəsi Fuad Nəcəflini nəzərdə tutduğunu bildirib.