Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb -Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Bəxtiyar Əsgərovun hələ də bu vəzifədə qalması həm Naxçıvanda, həm də Bakıda birmənalı qarşılanmır.
Yenixeber.org: Ötən həftə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun yaxın zamanlarda Naxçıvanda yüksək vəzifəyə gedəcəyi ilə bağlı xəbər yaymışdıq. Həmin xəbərdə qeyd etmişdik ki, Bəxtiyar Əsgərov Naxçıvanda humanitar sahə üzrə fəaliyyət göstərən qurumlardan birinə rəhbər təyin olunacaq.
Xəbərdə Bəxtiyar Əsgərovun hazırda əsas dəstəkçilərindən birinin Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olduğu bildirilirdi.
Eyni zamanda onun Naxçıvandan olan siyasi partiya sədrlərinin birinin dəstəyindən də istifadə etdiyi iddia edilir.
Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrlar vəzifələrindən uzaqlaşdırılsa da, Bəxtiyar Əsgərov yeni rəhbərliklə anlaşaraq kreslosunu qoruya bilib.
Əldə etdiyimiz məlumata görə Bəxtiyar Əsgərov məsələsi Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini çətin duruma salıb.
Belə ki, Fuad Nəcəfli vaxtı ilə Talıbovların ən yaxın adamlarından biri kimi tanınan Bəxtiyar Əsgərovu yeni vəzifəyə təyin etməklə hədəfə gəlməkdən qorxur.
Məlumata görə Fuad Nəcəfli Bəxtiyar Əsgərovu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindədə saxlaya bilmir. Belə ki, Bəxtiyar Əsgərovun hələ də bu vəzifədə qalması həm Naxçıvanda, həm də Bakıda birmənalı qarşılanmır.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Bəxtiyar Əsgərov hazırda müxtəlif nüfuzlu şəxslər vasitəsilə Fuad Nəcəfliyə xahişçi minnətçi salır ki, onu ya yerində saxlasın ya da yeni vəzifəsəyə təyin etsin. Ancaq bu xahişlərin Fuad Nəcəfli üçün hansı vaxta qədər keçərli olacağı bəlli deyil.
Qeyd ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ən yaxın kadrlarından, "Naxçıvan xanı"nın paytaxtda "görən gözü-danışan dili" olub.
İddialara görə Bəxtiyar Əsgərov Vasif Talıbovun Bakıdakı adamlarını qeyri-rəsmi kontrolda saxlayaraq onların görüşləri, fəaliyyətləri barədə hesabat verib.
Vasif Talıbov vəzifədə olarkən onun Bakıdakı biznesinin bir hissəsinə də Bəxtiyar Əsgərov nəzarət edib.
Məsələ ilə bağlı Daimi Nümayəndəlikdən mövqe öyrənə bilmədik.(Azfakt.com)