Oliqarxların qara pulları yuyulur
Hökumətin maliyyə amnistiyası ilə bağlı şok planları; Prezidentin 5 fevral müşavirəsindəki sərt çıxışından sonra gizli iqtisadiyyatın leqallaşdırılmasının gündəmə gəlməsinin sensasion səbəbləri var; məmur-oliqarxların “qara bazar”dakı fəaliyyətlərinə son qoyulur və onları siyasi sistemdən ayırırlar
Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparılır. Məlumata görə, bunu vergilər naziri Fazil Məmmədov bəyan edib.
"xeberinfo.com": Söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz.
Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
Eyni zamanda F.Məmmədov bildirib ki, amnistiya barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil.
Qeyd edək ki, maliyyə amnistiyası barədə bəyanatın prezident İlham Əliyevin fevralın 5-də keçirdiyi konfransda korrupsiya və rüşvətxorluqla bağlı olduqca sərt çıxışından iki gün sonra verilməsi təsadüfi hesab olunmur. Prezidentin “ağ inqilab” anonsu kimi də dəyərləndirilən 5 fevral müşavirəsindəki bəyanatlarından dərhal sonra maliyyə amnistiyası məsələsinin gündəmə gəlməsi “ağ inqilab” istiqamətində atılan ilkin addım kimi dəyərləndirilir.
Belə məlumatlar var ki, hakimiyyət artıq məmur-oliqarxların korrupsiyasını, çirkli biznesini və bu prosesdən əldə olunan qara pulların bir hissəsinin hansısa formada ölkədəki siyasi proseslərə yönləndirilməsini durdurmağa çalışır. Maliyyə amnistiyası çərçivəsində atılacaq addımlar da həm məmur-oliqarxların çirkli biznesinə, həm də onların siyasətdə iştirakına “Stop” qoyulmasına hesablanıb.
Qeyd edək ki, hələ 2005-ci ildə Azərbaycanda “Gəlir deklarasiyası haqqında” Qanunun qəbul edilib. Amma bu qanun icra olunmayıb və məmur-oliqarxların sözügedən qanunun icrasına müqavimət göstərdikləri bildirilir. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər. Bununla belə məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
F.Məmmədovun dediklərindən belə başa düşülür ki, məmurların gəlir bəyannamələri təqdim etməsinə maliyyə amnistiyasından sonra başlanılacaq.
Maliyyə amnistiyasına gəlincə, bu, ilk növbədə gizli iqtisadiyyatın leqallaşdırılması anlamına gəlir. Ekspertlər bunu belə şərh edirlər: “Əvvəllər gizli iqtisadi fəaliyyət və
əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi və ölkə ərazisindən çıxarılan, xarici banklarda, şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın ölkəyə qaytarılması, əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu kimi ifadə edə bilərik".
Ekspertlərin rəyində o da bildirilir ki, maliyyə amnistiyasına birdəfəlik olma, konkret dövrü əhatə etmə, konkret öhdəliklərə aid olma, konkret subyektləri əhatə etmə, konkret dövrdə həyata keçirilmə, geniş iştirakçılığı təmin etmə, cəlbediciliyi təmin etmə, konfidensiallığı təmin etmə prinsipləri aiddir.
Dünya təcrübəsində bundan çox istifadə olunur. Keçmiş SSRİ ölkələrindən isə Rusiya, Qazaxıstan, Gürcüstan və Tacikistanda maliyyə amnistiyası tətbiq olunub. Gürcüstanda Saakaşvili hakimiyyətə gələndən sonra, 2004-cü ildə maliyyə amnistiyası verilib və dövlət büdcəsinə xeyli vəsait qaytarılıb.
Azərbaycanda isə müəssisələrin vergi borclarının restruktruzasiyası və bağışlanması ilə bağlı bəzi aktları nəzərə almasaq, maliyyə amnistiyası tətbiq olunmayıb.
Dünya Bankının məlumatına görə, Azərbaycanda gizli iqtisadiyyat Ümum Daxili Məhsulun (ÜMD) 60 faizə qədərini təşkil edir. Ölkənin rəsmi qurumları isə gizli iqtisadiyyatın ÜDM-nin 3-5 faizini təşkil etdiyini bildirirlər.
Ekspertlərin fikrincə, maliyyə amnistiyasının tətbiqi hər il dövlət büdcəsinə milyardlarla dollar daxil olmasına imkan verər. Üstəlik bu leqallaşdırma Gürcüstan, Rusiya və digər ölkələrdə olduğu kimi müəyyən dərəcə ilə vergiyə cəlb olunmaqla həyata keçirilsə, bu gəlirləri daha da artırmaq mümkündür. İqtisadçılar deyir ki, ölkədə keçiriləcək maliyyə amnistiyasının daha uğurlu olması üçün bu, təkcə gizli iqtisadiyyatdakı dövriyyəni deyil, eyni zamanda qanunsuz yollarla əldə edilmiş əmlakı da əhatə etməlidir.
Həmçinin bura ölkədən xaricə çıxarılmış kapitalın repatriasiyası və azərbaycanlıların xaricdə gizli yollarla əldə etdikləri vəsaitlərin ölkəmizdə leqallaşdırılmasını da əlavə etmək olar.
İqtisadçı ekspert Qadir İbrahimlinin fikrincə, maliyyə amnistiyası iqtisadiyyatın dinamik inkişafı, eyni zamanda oliqarxiyanın siyasi sistemdən ayrılması baxımından zəruri bir addımdır: “Hakimiyyət bu addımla oliqarxları siyasi sistemdən ayırmağa, onların çirkli biznesini dayandırmağa çalışır. Dünyada çirkli pulların leqallaşdırılması və iqtisadiyyatın inkişafına yönəldilməsi təcrübəsi geniş yayılıb. Məsələn, çirkli pullar Avropa bankları vasitəsi ilə Avropa ölkələrinin iqtisadiyyatına yatırılır. Bu məsələdə İsveçrə və Böyük Britaniya bankları böyük təcrübəyə sahibdirlər. İndi Azərbaycanda da bu təcrübədən istifadə edilməkdədir. Oliqarxların yığdığı çirkli kapital özlərinin təsis etdiyi banklar vasitəsi ilə ölkə iqtisadiyyatına yatırılır və leqallaşır. Ancaq maliyyə amnistiyası verilmədiyindən bu proses ləng gedir. Bu baxımdan maliyyə amnistiyası vacibdir. Ancaq maliyyə amnistiyası ilə eyni zamanda ölkədə mülkiyyət toxunulmazlığı təmin edilməlidir. Əgər mülkiyyət toxunulmazlığı təmin edilməsə, maliyyə amnistiyasının da heç bir faydası olmayacaq. Bu iki məsələ eyni vaxtda həllini tapmalıdır”.
İqtisadi Təhqiqatlar Mərkəzinin eksperti Qalib Toğrulun fikrincə isə, maliyyə amnistiyası elan olunmasının yaxşı və pis tərəfləri var: “Yaxşı tərəfi odur ki, böyük vəsaitlərin investisiya kimi Azərbaycan iqtisadiyyatına yönəlməsi prosesi başlaya bilər. Bu da neft gəlirlərinin azaldığı, hökumətin dövlət investisiya proqramlarını azaltmağı düşündüyü bir dövrdə vəsait çatışmazlığı problemini minimuma sala, büdcənin investisiya yükünü azalda bilər. Bu il hasilatın pay bölgüsü sazişləri çərçivəsində şirkətlərin mənfəət vergisinin 200 mln. manat azalması gözlənilir. Neft hasilatının azalması şirkətlərdən daxil olan gəlir vergisinin də azalmasını şərtləndirəcək. Ona görə də hökumət mütləq növbəti illərdə investisiya layihələrini azaltmağa çalışacaq. 2015-ci ildə Dövlət İnvestisiya Proqramlarının (DİP) həcmi 5,24 milyard manat həcmində, 2016 və 2017-ci illərdə isə müvafiq olaraq 4,66 və 4,18 milyard manat həcmində proqnozlaşdırılır. Çirkli yollarla varlanan məmurlar onu daha çox ölkədən kənarda investisiya kimi yatırmağa çalışırlar. Amnistiyadan sonra həmin vəsaitlərin də bir hissəsi ölkəyə qayıda bilər. Maliyyə amnistiyasının pis tərəfi odur ki, məmurların obrazlı desək, corablarında saxladıqları pullar çirkli pullardır. Onlara görə heç bir vergi ödənilməyib, bu pullar daha çox korrupsiya, ola bilər ki, insanlığa qarşı işlədilən hansısa cinayətlər sayəsində qazanılıb. Bu məsələnin psixoloji-mənəvi tərəfidir.
Ümumiyyətlə, maliyyə amnistiyası dünyada sınaqdan keçirilmiş təcrübədir. 2001-ci ilin yayında Qazaxıstanda belə bir amnistiya həyata keçirilmişdi. Rusiyada da bu məsələ gündəmdədir. Maliyyə amnistiyasının yeganə iqtisadi səbəbi ölkənin investisiyaya olan tələblərinin ödənilməsində bu pullardan istifadədir. Təbii ki, korrupsiyaya qarşı mübarizədə də bu amildən istifadə olunur. Amnistiyadan sonra hər kəslə bərabər şərtlər çərçivəsində davranmaq, ciddi antikorrupsiya tədbirləri görmək mümkün olur".