Məmurlara bəd xəbər
Bu il bəzi rüşvətxor məmurların yuxusu ərşə çəkilə bilər, çünki qüvvəyə on il əvvəl minmiş bir qanun 2015-ci ildən tətbiq edilə bilər.
"Xeberinfo.com": Məlumata görə, söhbət hələ 2005-ci ildə qüvvəyə minmiş “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanundan gedir.
Beləliklə, qanun qüvvəyə minəcək və Azərbaycan xalqının haqqı-nahaqdan, ağı-qaradan seçə bilmək imkanı yaranacaq...
Əslində qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil. “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib.
O vaxt bir sıra qeyri-hökumət təşkilatları (QHT) da bu işdə hökumətə dəstək vermək niyyətində olublar. 2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən Konstitusiya Araşdırmaları Fondu da gəlir bəyannaməsinin formasını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Eyni zamanda, təşkilat tərəfindən həmin qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və Prezident Administrasiyasına göndərilib.
Həmçinin, təşkilat tərəfindən həmin gəlir bəyyannaməsini hansı qaydada tərtib etməklə bağlı Nazirlər Kabinetinin qərar layihəsi də hazırlanıb. QHT-yə o vaxt Vergilər Nazirliyindən məlumat gəlib ki, həmin təkliflər nəzərə alınacaq.
Amma bu günə qədər gəlir bəyyannaməsinin rəsmi forması təsdiq edilməyib. Məsələyə cavabdeh olan nazirliklər də bəyannamə formasının çoxdan hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini bildirirlər. “Biz, bəlkə də, səkkiz ildir ki, bu formanı hazırlayıb Nazirlər Kabinetinə göndərmişik, amma fakt budur ki, məmurlar hələ ki, bəyannamə təqdim etmirlər”, - deyə saytın mənbəsi bildirib.
Nazirlər Kabinetinin bu məsələni niyə gecikdirdiyini isə öyrənmək heç cür mümkün deyil. Bir çox ekspertlər məsələnin maliyyə amnistiyasının tətbiqi ilə həlğ ediləcəyini düşünürlər. Sabiq millət vəkili Əliməmməd Nuriyev bu məsələni 2004-cü ildə parlamentdə qaldırıb.
”Əgər maliyyə amnistiyası tətbiq edilərsə, gəlir bəyyanamələrinin tətbiqinə keçmək asanlaşar. Bu, bütün vəzifəli şəxslərə öz gəlirlərini leqallaşdırmaq imkanı verəcək” deyən sabiq millət vəkili bu məsələnin sürətləndirilməsinin vacibliyini vurulayırdı: “Gəlir bəyannaməsi mühüm bir alətdir. Bu həm vəzifəli şəxslərin gəlirlərinin dinamikasını öyrənməyə imkan verir, şəffaflığın təmin edilməsinə yardımçı olur, həm də qanunsuz varlanmanın qarşısını alır”.
Əlbəttə ki, maliyyə amnistiyası tətbiq edilərsə, iqtisadiyyata investisiyalar artar, yeni iş yerləri açılar, əmlaklar leqallaşar və təbii ki, ölkə üzrə vergi bazası da genişlənər.
Qeyd edək ki, 2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. Fərmandan sonra güman olunurdu ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən məmurlar elektron formada gəlir bəyyannamələri təqdim edəcəklər. Amma bunununla belə, hələ də Azərbaycan məmurları gəlir bəyyannamələri tətbiq etmirlər.
Bu məsələnin tətbiqində maliyyə amnistiyası ilə yanaşı başqa bir problem də var. Gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. Həmçinin, bütün məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan nəzarət sistemi də yaratmaq lazımdır.
Amma praktiki olaraq, indiki halda bir sıra nüfuzlu məmurların gəlirlərinə nəzarət etmək mümkün deyil. Bəlkə də, elə bu üzdəndir ki, hökumət gəlirlərin bəyan edilməsi mexanizminin tətbiqindən çəkinir.
Bu səbəbdən məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlər verilməsi vacibdir. Bir sıra postsosialist ölkələrin bu sahədə zəngin təcrübəsi var. Həmin ölkələrdə belə bir nəzarət üçün heç bir nazirliyə, dövlət qurumuna bağlı olmayan xüsusi komissiyalar yaradılıb.
Çünki belə bir qurum hər hansı nazirliyə bağlı olduqda, ona təsir etmək imkanları asanlaşır. Adətən belə komissiyaya dövlət məmurları ilə yanaşı, cəmiyyətdə böyük nüfuzu olan ictimaiyyət nümayəndələri də daxil edilir.