Yenixeber.org: Lap uzaqlardan, bəlkə də quyu dibindən gəlirmiş kimi qarışıq səslər eşidirdi, doğmaların səsinə oxşayırdı. Yarıyuxulu vəziyyətdə səsləri ayırd etdikcə anladı ki, quyunun dibində olan odur, səslərsə onun başına yığışmış övladlarının səsidir. Gözlərini açmaq istədi, alınmadı, bir neçə cəhddən sonra göz qapaqlarını çətinliklə qaldırıb, ətrafı süzdü. Övladlarının qüssə və həyəcan dolu baxışları onun üzündə qalmışdı. Onlara təsəlli vermək istədi, amma bu yerdə onun özü üçün də söz aciz idi, hiss edirdi ki, son sözünü deməlidir. Bəlkə də ani qalan nəfəsini toplayıb – “nə böyük xoşbəxtlik” – deyib xəfif gülümsədi və göz qapaqları rahatca qapandı.
Bütün aləm elə bil, bu nəğməyə dalardı…”
Dövrünün çox populyar müğənnilərindən idi. Səhnə geyimi, mədəniyyəti həmkarlarından fərqlənirdi. Həmişə şux və fərqli qiyafələrdə çıxardı səhnəyə – Amerika kovboyu, fransız lordu və sair obrazlarda. Səsi bulaq kimi çağlayıb daşardı. İfa etdiyi mahnılar dərhal dillərdə əzbər olurdu, istər filmlərə oxuduqları, istər səhnədə ifa etdiyi. Səhnədən kənarda, küçədə belə onu fərqli görərdin. Peşəkar maşın sürməyi öz yerində, bəlkə də Bakıda ilk motosikleti o sürüb. Başında kaska, əynində dəri gödəkcə 60-70-ci illər Bakısının rəmzinə çevrilmişdi, hamı onun ardınca o qiyafədə, o formada motosiklet sürməyə başladı. Cavanlar ona oxşamağa çalışırdı. Bütün bunlar kasıblıqla böyümüş uşaqdan xəbər vermirdi, amma o, müharibədən sonra doğulan uşaq idi…
“Nə bəxtiyardıq…”
1946-cı ilin son günü – 31 dekabrda Lənkəranın Boladi kəndində yerli ziyalı, sadiq kommunist, rayon partiya komitəsində məsul vəzifədə çalışan İmran kişinin ailəsində bir oğlan dünyaya gəlir. Ailədə ikinci uşaq idi. Anası adını Yalçın qoyur ki, müasir, şən, şanslı, yaradıcı, temperamentli oğlan olsun.
Uzun illər, bu günə qədər səsinin sehrində “Bakı, sabahın xeyir” sədası ilə oyandığımız, Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev kimi böyük bəstəkarların əksər mahnılarını ifasında sevdiyimiz Azərbaycanın xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadədən gedir söhbət. Elə bircə Emin Sabitoğlunun bəstəsində “İncəbellim” mahnısı ilə səsi tariximizə hopan Yalçın Rzazadədən. Hərçənd Cahangir Cahangirovun “Durnalar” mahnısı ilə populyarlıq qazandı, amma onu sevdirən yalnız “Durnalar” olmadı, Cahangir Cahangirovun çox mahnılarının altından Yalçın Rzazadə imzası yazıldı.
Uşaqlığı müharibədən sonrakı illərə təsadüf etdiyindən çətin keçib.
Yalçın uşaqlıqdan əməyə qatlaşmalı olub. Yay tətillərində üç ay işləyirdi ki, məktəb açılanda paltar ala bilsin. Gah balıqçıların qayığının bir tərəfindən yapışmaqla onlardan balıq payı alır, gah da bostan, tərəvəz məhsullarının yığılması üçün yeşik düzəltməkdə iştirak edib, gündəlik əməkhaqqı, ya da onun yerinə xiyar-pomidor alırdı. Orda işçilərin fasilə vaxtını səmərəli keçirməsi üçün onlar üçün mahnı ifa edirdi. Uşaqlıqdan oxuyurdu. Hündür bir yer tapan kimi onu səhnə hesab edirdi. Ağaclar, təpələr, yük maşınlarının üstü – hamısı onun üçün səhnə idi. Məktəb yaşına çatanda istedadı bütün maneələri keçdi, məktəbin özfəaliyyət dərnəyində çıxışı ilə rayonda tanındı. Bu da atasının xoşuna gəlmədi, çox sərt xasiyyəti vardı. Kommunistin övladı həkim, mühəndis, müəllim, hüquqşünas olmalıdır, partiyaya üzv yazılmalıdır, yoxsa müğənni? Qəbul etmirdi ki etmirdi.
Anası Yalçının tərəfində idi, çünki onun istedadını, qəlbini duyurdu. Onu musiqi, rəsm dərnəklərinə yazdırmışdı. Oğluna zövqlə paltarlar alır, onları bəzəyib geyindirirdi – səhnə üçün hazırlayırdı. Qonşuda yaşayan rus zabitin gitara çalan yoldaşının yanına şagirdliyə də qoymuşdu. 16 yaşında ərə getmiş bu təhsilsiz qadın Yalçının gələcəyini parlaq görürdü. Ona anasının aldığı gitaranı atası qəzəblə vurub sındırır. İkinci gitara da dərsdən qoltuğunda gitara gələn zaman atasının qəzəbinə gəlir. Üçüncü gitaranı anası məharətlə gizlədir ki, atanın güdazına getməsin.
“Bakı, sabahın xeyir…”
Orta məktəbi bitirəndən sonra ali məktəbə sənədlərini vermək üçün Bakıya gəlir. Atasının başının dövlət işlərinə qarışmasından istifadə edib, sənədlərini 1963-cü ildə atasından xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur. Oranı bitirəndən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Tələbəlik vaxtı Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti işləyir. Bu, onun birinci sənəti idi, amma səsi onu içindən göyə çəkirdi. Teleradio Komitəsinə tez-tez Gülarə Əliyevanın “Dan ulduzu” ansamblı çəkilişlərə gəlirdi. Konsertləri lentə alanda rejissor assistenti hiss edirdi ki, pult arxasında yerində deyil, burda istənilən rejissor onu əvəz edə bilər, amma orda ansamblın önündə oxumaq hər adama nəsib olmur, mən orda olmalıyam düşünürdü. Bir gün məşq zamanı mikrofonu alıb, keçdi arzu etdiyi yerə. Onun bu cəsarətli addımı ansamblın solisti olması ilə nəticələndi.
“Sənə olan eşqimi, sənə də alçatmaram…”
Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar məxsusi onun səsinə mahnı yazıblar. Böyük Simfonik və Estrada-Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada-Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər. Tezliklə əməkdar artist fəxri adına layiq görüldü. Bu ada layiq görüləndə tamam başqa sahədə çempion idi. 2 dəfə karate üzrə respublika çempionu olub. Deyirdi, hər iki sənəti hər yerdə istifadə etməmişəm. Birincini yalnız layiqli yerlərdə, ikincini isə yalnız məcbur olduğum halda. Onun idman həyatından “Oğlaq bürcü” adlı film də çəkilib. Film demiş, Azərbaycan kinosunda da Yalçın Rzazadənin böyük əməyi var. Yalnız bir filmdə – “Od içində” filmində Əmir bəy roluna çəkilsə də, filmlərdə ifa etdiyi mahnılar həmin filmlərin taleyində əsaslı rol oynayıb. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlər həmin siyahıdandır. Çəkilməyə isə çox dəvət alıb, amma qastrollardan imkan tapmayıb.
“Ömrümün azarı, şimşəyi-çaxarı sən oldun …”
Yalçın Rzazadə evlənəndə 20 yaşı olub. İndi üç oğlu var, sonbeşiyi Mətin, atasının razılığı olmasa da, onun sənətini davam etdirməkdə israrlıdır. Lap atası vaxtilə öz atasının fikrinə münasibətdə olduğu kimi.
1999-cu ildə xalq artisti fəxri adına layiq görüləndə Yalçın Rzazadənin xəyalı ötən günlərə səyahət etmişdi. Yadına düşmüşdü ki, sovet dönəmində səhnədə hansı əziyyətlər hesabına olub. Geyimini bəhanə edib onu səhnəyə buraxmadıqları vaxtlar da olub, getdiyi konsertdən geri qaytarıldığı günlər də. Nə qədər təzyiqlərə məruz qalsa da kommunist partiyasına üzv olmayıb, “sənətkar azad olar” – deyib.
Bu ruh azadlığı ona bütün dövrlərdə asan başa gəlməyib. Təsəllini dostu Cabir Novruzun şeirlərində tapırdı. Oxuyur, bəzilərini bəstəkarlarla işləyib mahnıya çevirirdi, oxuduqca yaşayırdı, yaşayırdı ki, oxusun, oxuyurdu ki, yaşaya bilsin.
Hədsiz kövrək, həssas qəlbi vardı. Son illər sevdiyi sənətdə yaranan xaos onu çox sıxırdı. Sənətə aidiyyatı olmayanların efirlərdə at oynatması bütün varlığı ilə peşəsinə, sənətinə bağlı olan sənətkarın qəlb yarasına çevrilmişdi. Müsahibələrində həyat eşqinin sönməyindən danışır. Gah da deyir ki, onu yaşadan yolda saxlayıb ürək sözlərini deyən tamaşaçılardır.
“Dağlara qar düşər, yanaram mən, yar…”
Xalq artisti ömrünün ahıl vaxtlarında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vokaldan dərs deyirdi. Yetirmələri var, amma hələ də onun kimi ifaçı yoxdur. Yalçın Rzazadənin səsi nadir səslərdəndir, hər gün elə səs gəlmir.
Səhhətində yaranan problemdən uzun müddət müalicə aldı. Qanı zəhərlənmişdi, həkimlər ödündən olduğunu deyirdilər. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə aldı. Xəstəliyin qarşısını almaqda təbabət çətinlik çəkdi.
“Arzularım çoxdur, sənətlə bağlı da var. Mənim konsertlərim üçün millətim 1 saat ayaq üstə olub. Yenidən konsert vermək, verilişlərə çıxmaq, sevənlərim üçün oxumaq istəyirəm. Bu, ən böyük arzumdur. Sağ qalsam, ancaq sənətimlə məşğul olaram. Bu gün Azərbaycan musiqisində cılızlaşma gedir. Biz sözümüzü deməliyik. Çox uzun və şərəfli həyat yolu keçmişəm. Alın açıqlığı ilə deyə bilərəm ki, mən şəxsiyyət kimi bir ömür sürmüşəm. Şəxsiyyətimi sındırmamışam. Ona görə də Yalçın Rzazadəyəm. Yalçın kimi gəlmişəm, Yalçın kimi də gedəcəm”.
Son müsahibələrindən birində dediyi fikirlərdir. İnsan 70 yaşında da arzularla yaşayır, 90-da da. Həyat harada qırılırsa, orda arzular da yarımçıq qalır.
“Taleyim gəl, gəl, məni qurtar bu hicran əlindən…”
Azərbaycan estrada, vokal sənətinə yeniliklər gətirən, dağ çayı kimi şaqraq səsli Yalçın Rzazadə 2021-ci il fevralın 22-də 74 yaşında dünyayla vidalaşdı. Onu, öz vəsiyyətinə rəğmən, doğulduğu kənddə ata-anasının məzarı yanında dəfn etdilər.
Bu cür son bütün seçilmişlərin seçimidir. Məzarı başında özü oxuyurdu…
“Eşqinlə çağlayan illərə,
Saçına düzdüyüm güllərə,
Bu gündən, əzizim, dünyada
Əlvida deyirəm, əlvida…”
***
Lap uzaqlardan, bəlkə də quyu dibindən gəlirmiş kimi qarışıq səslər eşidirdi, doğmaların səsinə oxşayırdı. Yarıyuxulu vəziyyətdə səsləri ayırd etdikcə anladı ki, quyunun dibində olan odur, səslərsə onun başına yığışmış övladlarının səsidir. Gözlərini açmaq istədi, alınmadı, bir neçə cəhddən sonra göz qapaqlarını çətinliklə qaldırıb, ətrafı süzdü. Övladlarının qüssə və həyəcan dolu baxışları onun üzündə qalmışdı. Onlara təsəlli vermək istədi, amma bu yerdə onun özü üçün də söz aciz idi, hiss edirdi ki, son sözünü deməlidir. Bəlkə də ani qalan nəfəsini toplayıb – “nə böyük xoşbəxtlik” – deyib xəfif gülümsədi və göz qapaqları rahatca qapandı…
https://www.youtube.com/watch?v=VetW9R58vdo&ab_channel=ATVMusic