Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.
Yenixeber.org: Ona görə də ölkəmiz beynəlxalq hüquq və dünya dövlətləri tərəfindən tanınan və qəbul edilən ərazisinə tam nəzarət etməlidir və ölkə ərazisində terrorun və talanın davam etdiyi yer qalmamalıdır. Çünki ölkənin hər bir nöqtəsinə nəzarət etmək dövlətimizin beynəlxalq qanunlarla qorunan suveren hüququdur.
2020-ci ildə qələbə əldə edəndən sonra Azərbaycan işğaldan azad etdiyi torpaqlarda böyük quruculuq, bərpa və yenidənqurma işlərinə başlayıb. Eyni zamanda, azad edilən yaşayış məntəqələrinə əsl sahibləri qayıdıb və qayıtmaqda davam edirlər. Quruculuq, bərpa və yenidənqurma işləri ilə yanaşı, paralel olaraq minatəmizləmə əməliyyatları da davam etdirilməlidir. Çünki ərazilər minalardan təmizlənmədən ora qayıdışı həyata keçirmək mümkün deyil. Çünki işğal dövründə Azərbaycan torpaqları Ermənistan hərbçiləri tərəfindən minalanıb və xeyli ərazi mina qəbiristanlığına çevrilib.
Bu isə həm Azərbaycanın öz suveren ərazilərində hərəkəti, həm də insanların öz dədə-baba yurdlarına qayıdışını ləngidir. Bununla yanaşı, insanların həyatı təhlükəyə atılır. Azad olunan ərazilərdə mina riski bütün dünyanın gözü qarşısında bu gün də davam edir. Təkcə dekabrın 14-də Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. İşğal dövründə olduğu kimi post-müharibə dövründə də dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də göz yumur.
Oxucuların diqqətinə çatdıraq ki, Vətən müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb, onlardan 123 nəfər mülki şəxs, 153 nəfər hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub. Onların da 35 nəfəri mülki şəxs, 10-u isə hərbi qulluqçudur. 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onların da 88 nəfəri mülki şəxs, 143 nəfəri isə hərbi qulluqçudur.
Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb. Ona görə də ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər. İşğal dövründə Laçın yolu Ermənistanın Azərbaycan xalqına qarşı öz terror siyasətini həyata keçirmək üçün istifadə olunub. Ermənistan hakimiyyəti və Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz cinayətkar əməllərini davam etdirdiklərinə görə vəziyyət belə qala bilməz. Çünki müharibə başa çatsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin hələ də qanunsuz istismarı, ermənilərin himayədarları ilə birgə ekoloji terror törətmələri, qanunsuz erməni silahlı dəstələrinin torpaqlarımızdan çıxarılmaması və Ermənistanın davam edən mina terroruna qarşı Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq etirazlar keçirilir.
Hazırda Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilən etiraz aksiyası davam etdirilir. Aksiya iştirakçıları mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina terrorununa qarşıdır. Artıq dünya ictimaiyyəti də açıq-aydın görür ki, ermənilərin mina terroru və insanlıq əleyhinə cinayətləri hələ də davam edir.
Ona görə də Azərbaycan vətəndaşları haqlı olaraq keçirdiyi etiraz aksiyalarında tələb edirlər ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalıdır. Bu gün Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəyirlər. Azərbaycan ictimaiyyəti Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək.
Məlumdur ki, işğaldan azad olunan ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın isə öz vətəndaşlarını qorumaq, onları müdafiə etmək kimi onun vəzifəsidir. Azərbaycan dövləti dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib. Başqa sözlə, Şuşa-Xankəndi yolundakı aksiya baş verən qanunsuzluğa qarşı yönəlib və dinc erməni əhalisinin keçidinə şərait yaradılır.