203 MİN DEYİL, 403 MİN MANAT AYRILIB!? –AYB-nin böyük ayıbı və Çingiz Abdullayevin aqressivliyinin sirri
Azərbaycan Yazıçılar Birliyinin (AYB) 8 illik fasilədən sonra 26 oktyabrda baş tutan XIII qurultayı qalmaqalla yekunlaşdı. Həm tədbir zamanı prosedur qaydalarının ciddi şəkildə pozulması, həm də AYB rəhbərliyinin qurultaydan sonrakı açıqlamaları ciddi narazılıqlara səbəb olub.
Yenixeber.org: Belə ki, Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev ona sual ünvanlayan jurnalistləri təhqir edib. Jurnalistin “tədbirin təşkili üçün 203 min manatlıq nə var idi burda?” sualından əsəbləşən Ç.Abdullayev, təhiqirəramiz şəkildə cavablar verib: “Necə nə isə var? Utanmırsan, xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?!”
O bildirib ki, qurultayın keçirilməsi üçün daha çox pul xərclənib: “Bəs bu qədər adama bilet almışıq, buranın arendasını vermişik... Qonaqlar neçə gün mehmanxanada qalıb, yeyib-içiblər, bu qədər kitab çap etmişik, güllər, rayonlardan gələnlərə bilet almışıq, posterlər... Bəs, bu “axrana” baxmırsız? Qat-qat çox xərcləmişik”.
Qeyd edək ki, qurultayın keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği ictimaiyyət arasında birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Belə ki, Mədəniyyət Nazirliyi AYB-nin XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırdığını açıqlayıb. Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb: “Eyni zamanda, qeyd edirik ki, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən AYB-in XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait Birliyin hesabına köçürülüb”.
Büdcədən 403 min manat ayrılıb, amma...
AYB indiyə qədər maliyyə hesabatı açıqlamadığından, sözügedən vəsaitin hara, necə xərcləndiyi sirr olaraq qalır.
Bu mövzuda mötəbər mənbə isə daha maraqlı mətləbələrə aydınlıq gətirib. Mənbə bildirib ki, əslində qurultayın keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 203 min yox, 403 min manat olub. Qaynaq əlavə edir ki, vəsaitin ayrılmasında AYB katibi Çingiz Abdullayev canfəşanlıq göstərib, müxtəlif qurumlara dəfələrlə məktubılar yazaraq ali təbir üçün vəsait istəyib. Nəticədə, qurultayın keçirilməsi üçün ümumilikdə dövlət büdcəsindən 403 min manat vəsait ayrılıb.
Ç.Abdullayevin qurultayın təşkilində canfəşanlığı isə səbəbsiz olmayıb. Belə ki, əslində qurultayda AYB-nin sədri vəzifəsinə Ç.Abdullayevin seçilməsi nəzərdə tutulurmuş. Bununla bağlı o, müvafiq dairələrdə, habelə AYB üzvləri arasında geniş iş aparıb. Amma son anda onun istəyi baş tutmayıb və Anarın öz postunda qalması məsləhət bilinib. Görünür, Ç.Abdullayevin aqressivliyinin kökündə duran səbəblərdən biri də bu uğursuzluq olub...
Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və bu tədbir üçün dövlət büdcəsindən 450 min manat vəsait ayrılıb. Bu fakt AYB-nin sonuncu qurultayına əslində 203 yox, 403 min manat vəsait ayrıldığı barədə məlumatı bir daha təsdiqləyir. Bu dəfə iki dəfə az vəsait ayrılması üçün heç bir səbəb yox idi.
AYB qonaqların və iştirakçıların sayını şişirdib Çingiz Abdullayev jurnalistlərə deyib ki, vəsait icarə xərclərinə, xaricdən dəvət edilmiş qonaqların yerləşdirilməsinə, yeyib-içməyinə, AYB-nin bölgələrdən gələn nümayəndələrinin xərclərinin qarşılanmasına, habelə dekorasiyalar və s tərtibat işlərinə xərclənib.
AYB-nin mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşən qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, həmçinin qurumun 330-dək üzvü iştirak edib. Ancaq maraqlıdır ki, qurultaya müxtəlif ölkələrdən 20-dən artıq xarici qonaq dəvət oldunduğu bildirilsə də, onlardan yalnız 9-nun adı açıqlanıb. Xarici qonaqlar arasında Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybek, Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Ömeroğlu, Türk Ədəbiyyat Vakfının başqanı Serhat Kabaklı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) başqanı Mehmet Nuri Parmaksız, AYB-nin Türkiyə üzrə təmsilçisi, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdad Avşar, iraqlı şair Nəsrin Ərbin, Pakistan Ədəbiyyat Akademiyasının sədri, professor Məhəmməd Yusif Xuşk və Rusiyanın keçmiş mədəniyyət naziri Yevgeni Sibrov yer alıb. Qurultayda iştirak edənlərin ümumi sayının 250 nəfərə yaxın olduğu bildirilir.
AYB-nin bölgə nümayəndəsi: "Pul görməmişik"
Amma Ç.Abdullayevin dediklərinin əksinə, AYB-nin bölgələrdən qurultaya gələn nümayəndələri xərclərin qurum tərəfindən qarşılanmadığını bildiriblər. Onlardan Birliyin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli yerli mediaya açıqlamasında deyib ki, hər nümayəndə qurultayda şəxsi imkanları hesabına iştirak edib: “Mən birliyin cənub bölməsinin rəhbəri kimi 11 nəfərlə qurultayda iştirak etmişəm. Bizdə altı rayon nümayəndəliyi var. Hərə öz maşını ilə qurultaya gedib. Maşını olmayanları da yoldaşlar götürüblər, bir yerdə getmişik. Nə pul? Nə yol xərci? Biz heç onları görmüşük ki, yol xərci də alaq? Öz təşəbbüsümüzlə getmişik”.
İcarə xərcləri 4-6 min manat
İcarə xərclərinə gəldikdə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından "AzPolitika.info"-ya bildirilib ki, icarə xərcləri tədbirin saatından və formatından asılı olaraq dəyişir. Bir gün üçün icarə haqqı 4-6 min manat arasında müəyyən olunub.
AYB-nin mətbuat katibi: "Əgər, dövlət 450 min manat ayırsaydı, biz də 450 minlik bir qurultay keçirəcəkdik"
AYB-in mətbuat katibi Xəyal Rza bildirib ki, AYB maliyyə hesabatlarını öz bildiyi formada və tələb olunan qurumlara vermək hüququna sahibdir: “Təbii ki, mətbuatın bu suallarla müraciət etmək haqqı var. Ancaq biz bu məlumatları ictimaiyyətə verməyə də bilərik. Burada təəccüblü heç nə yoxdur. Digər dövlət qurumları jurnalistin kefinə düşəndə və “bizə hesabat verin” deyəndə, bütün işini-gücünü atıb bununla məşğul olmalıdır? Xeyr! Yazıçılar Birliyinin 90 yaşı var. İndiyə qədər hesabat da verib, ayrı-ayrı qurumlar burada maliyyə yoxlamaları da aparıb”.
X.Rza qeyd edib ki, müəyyən qurumlar sözügedən vəsaitlə bağlı hesabat tələb edərsə, bu hesabat onlara təqdim edilə bilər: “Maliyyə Nazirliyi, Hesablama Palatası və ya başqa bir qurum hesabat tələb edə bilərlər. Kim dövlətin pulunu yeyə bilər? Vəsait ayrılıbsa, bu məbləğin hesabatı və sənədləri də yerində olmalıdır. Əslində 203 min manat fantastik bir məbləğ deyil. 20-dən çox ölkədən qonaq dəvət etmişik...”
X.Rza 2014-cü ildən fərqli olaraq, bu dəfə AYB-nin qurultayı üçün az maliyyə ayrılmasını belə əsaslandırıb: "Biz bunu anlayışla qarşılayırırq. Bu, Qarabağda gedən tikinti işləri ilə bağlıdır. Başa düşürük ki, dövlətin kifayət qədər xərcləri var. Əgər dövlət 450 min manat ayırsaydı, biz də 450 minlik bir qurultay keçirəcəkdik. Məsələn, fərqli ölkələrdən daha çox qonaq dəvət edəcəkdik, daha geniş bir tədbir olacaqdı və s. Məsələnin görünən və görünməyən tərəfləri var. Düşünürəm ki, tədbirin keçirilməsi üçün bu civarda məbləğin xərclənməsi anlaşılandır”, - mətbuat katibi bildirib.
İqtisadçı: "Ortada bir hesabat olmalıdır"
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitin hesabatlılıq zərurəti olmalıdır: “Yazıçılar Birliyi də dövlət büdcəsindən maliyyələşir. Ona görə ortada bir hesabat olmalıdır. Qanun da bunu tələb edir. İctimai əhəmiyyətli məsələ olduğundan, deməli, ictimaiyyətə də məlumat verilməlidir. Verilməməsinin səbəbi isə odur ki, istənilən açıqlama zamanı, məlumatı mübahisələndirmək mümkün olur. Bu zaman mütəxəssislər başqa metadologiyalarla hesablama apararaq, hansının doğru, hansının yalnış olduğunu ortaya çıxara bilərlər. Belə şəffaflıq mühitində otel, şirkət seçimi və digər məsələlər də ortaya çıxır. Hesab edirəm ki, bu vəsaitin xərclənmə isitiqamətinin açıqlanmamasının səbəbi odur ki, qurum sadəcə başını ağrıtmaq istəmir. Lakin biz gördük ki, bu addım əks effekt doğurdu və ciddi ictimai qınağa səbəb oldu”.
Ekspert bu tip qurultayların sovetdən qalma sistemlə idarə olunduğunu bildirib: “Ümumiyyətlə, bu tipli birliklərin köhnə modellə çalışmasının tərəfdarı deyiləm. Onlar QHT məntiqi ilə idarə olunmalı, sivil toplum qurumları kimi özündə peşə adamlarını birləşdirməlidir. Bu istiqamətdə bir neçə peşə birliyi də yaradıla bilər. Maliyyələşmə isə sponsorlar, üzvlük haqları tərəfindən olmaldır. İndiki qurum 21-ci əsrə yaraşmayan, Stalin dövründən qalan bir modellə təşkil olunub”.“Azpolitika”