Dünyanı qorxuda saxlayan yubilyar -70 yaşlı Putin tarixdə necə qalacaq?
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 70 yaşı tamamlandı. Yubiley ərəfəsi Putin bildirib ki, 70 yaşını Sankt-Peterburqda MDB ölkələri liderlərinin əhatəsində, qeyri-formal atmosferdə keçirəcək.
Yenixeber.org: “KQB şineli”ndən çıxmış V.Putin bu qurumun “sonuncu mogikanı” hesab edilir. Rusiyaya 2000-ci ilin martından rəhbərlik edir. Bəziləri onu kifayət qədər ziddiyyətli şəxsiyyət sayır. Ancaq bizim üçün ən çox bu fakt önəmlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü faktiki surətdə məhz Putinin dönəmində bərpa edib.
Amma Putin hazırda daha çox Ukraynaya hərbi müdaxilə edən, dünya üçün nüvə təhdidi yaradan, bəşəriyyəti qorxuda saxlayan şəxs kimi assosiasiya olunur.
Azərbaycan siyasətçiləri və ekspertləri Putinin 22 illik hakimiyyətini necə qiymətləndirir? Tarixdə o hansı statusda qalacaq? Putin seçki yolu ilə hakimiyyətdən gedəcək, yoxsa...
Fuad Əliyev: “Putin qarşısına nə məqsəd qoyubsa, ona da nail olub”
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev hesab etmir ki, Putin ziddiyyətli şəxsiyyətdir: “Putin 22 illik hakimiyyət dövründə ardıcıl siyasətini aparır. Bəli, Azərbaycan da öz ardıcıl siyasəti nəticəsində işğalda olan torpaqları azad etdi. Azərbaycanın düzgün siyasəti Putini özümüzə yaxınlaşdırdı. Putindən ”Qarabağ Azərbaycan torpağıdır" ifadəsini eşitdik. Hesab edirəm ki, Putin nadir siyasətçilərdəndir, hansı ki, dediyi sözün üstündə durur. İnanıram ki, 10 noyabr Bəyannaməsinə atdığı imzasının da üstündə duracaq. Bəyannamədə qeyd olunan bütün bəndlər həyata keçəcək.
Putin Rusiyanın dağıdılmış iqtisadiyyatını bərpa etdi. Ölkəni aparıcı ölkələr sıralarına qaytara bildi. Mənim fikrimcə, tarixdə Rusiya üçün müsbət statusda qalacaq. Amma onun indi hakimiyyətdən getmək haqqında fikirlərlə razılaşmıram. Putin hələ uzun illər hakimiyyətdə olacaq. Hörmətli Ərdoğan da onun haqqında “Putin nə düşünübsə, onu da edəcək” deyib. Mən də bu fikirlərlə razıyam. Bu günə qədər Putin qarşısına nə məqsəd qoyubsa, ona da nail olub".
Kənan Rövşənoğlu: “Ağıllı, daha dəqiqi, hiyləgər siyasi oyunçudur”
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Putini belə xarakterizə etdi: “Putinin portretini çox müəlliflər çəkiblər, yəqin ki, bundan sonra da çəkəcəklər. Rusiya kimi böyük dövlətə uzun müddət rəhbərlik etmiş şəxsi sadəcə, qısa bir mətnlə təsvir etmək çətindir. Putin Rusiyanın ən zəif və gücsüz vaxtında iqtidara gəlib, dövlət aparatını gücləndirib, oliqarxiyanı, daha doğrusu iqtisadi elitanı dağıdaraq özünə yaxın yeni elita formalaşdırıb. Bunun nəticəsində Rusiya dövləti güclənib, varlanıb və Putin Rusiyanın keçmiş qüdrətini geri qaytarmaq, keçmiş ittifaq üzərində qurulan qeyri-rəsmi nəzarət sərhədlərini bərpa etmək fikrinə sarılıb. Nəticədə Gürcüstanla müharibə baş verib, ölkənin bir qismi işğal olunub. Daha sonra Ukrayna hadisələri yaşandı.
Rusiya postsovet məkanını özünün təsir dairəsi elan edərək, burada nüfuz uğrunda NATO ilə qarşıdurmaya gedib. Suriyada hərbi əməliyyatlara qoşulub, Bəşər Əsədi qoruyub saxlamağa çalışıb və buna nail olub. Ağıllı, daha dəqiqi, hiyləgər siyasi oyunçudur. Ancaq həm də klassik avtoritar idarəçi, korrupsiyalaşmış bir dövlət aparatının rəhbəridir. Bu mənada Putin heç də SSRİ-ni bərpa etməyə çalışan lider deyil, əslində daha çox Çar Rusiyası sərhədlərinə iddia edən avtoritar liderdir".
Elxan Şahinoğlu: “Putinin perspektivləri qaranlıq görünür”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öncəliklə Putinin gəldiyi siyasi yollara nəzər saldı: “Putin hüquq fakültəsinin məzunu kimi ötən əsrin 70-80-ci illərində təhlükəsizlik sistemində çalışıb. Adi bir zabit imiş və Almaniyada çalışıb. Bir az diqqət cəlb etdiyi üçün onu Moskvaya çağırıblar. Federal Kəşfiyyat Bürosunun rəhbəri olub. O zaman Boris Yeltsin xəstə olduğuna görə varis axtarırdı. Bir neçə namizəd diqqət çəkirdi. Amma sonda Putin üzərində dayanılıb. Bu da təkcə Yeltsinin qərarı olmayıb. Daha çox Yeltsinin qızının, Boris Berezovskinin - sonradan Londonda müəmmalı şəkildə həyatını itirdi - qərarı idi. Onlar inanırdılar ki, bu şəxs Rusiyanı idarə edə bilər. Xəstə Yeltsin 1999-cu ildə Putini baş nazir təyin etdi. O zaman jurnalist işləyirdim və yaxşı yadımdadır ki, çoxları inanmırdı ki, Putin uzun müddət hakimiyyətdə qala bilər. Çünki bir neçə aydan bir Yeltsin nazirləri dəyişirdi. Putinin ulduzu daha çox II Çeçenistan müharibəsində parladı və Çeçenistanı ram etdi. Bu, təbii ki, onun reytinqini çox qaldırdı. Ondan sonra dekabrın 31-də Boris Yeltsin elan etdi ki, istefa verir. Bundan sonra prezident səlahiyyətləri Putinə keçdi və bundan bir il sonra Çeçenistanda on minlərlə insanı həlak etməyi, oranı şumlaması nəticəsində qalib gəldi. O gündən bu günə qədər 22 ildir hakimiyyətdədir. Düzdür, arada 4 il vəzifəsini dostu Medvedevə verdi. Amma o müddətdə də baş nazir kimi Rusiyaya nəzarəti əlində saxlamışdı”.
Ekspert Putinin Qərblə münasibətlərinin pisləşməsi səbəblərinə də toxundu: “Əvvəllər Qərb Putinlə əməkdaşlıq edirdi. Çeçenistan məsələsində Qərb tənqid etsə də, düşünürdü ki, bu yer Rusiyanın daxili məsələsidir. Hətta yadımdadır ki, Amerikanın keçmiş prezidenti Corc Buşun belə bir ifadəsi var idi ki, Putinin gözlərinin içinə baxdım, ona inanmaq olar. 2008-ci ilə qədər Qərb ölkələrinin hər biri onunla yaxın əməkdaşlıq edirdi. Amma həmin vaxt Gürcüstana müdaxilədən sonra Avropa ondan ehtiyatlanmağa başladı. Amma yenə də Putin Rusiyasına qarşı sanksiyalar işə düşmədi. 2014-cü ildə Putin Krımı ilhaq edəndən, Donbasda separatçı bölgələr yaradandan sonra artıq anladılar ki, Putini dayandırmaq lazımdır və dayandırılmasa, beynəlxalq aləmdə vəziyyət gərgin olaraq qalacaq.
Amma göründüyü kimi, Putin Krımın ilhaqı ilə kifayətlənmədi və bu il fevralın 24-də Ukraynaya qarşı növbəti müharibəyə başladı. Bu da bütün “qırmızı cizgilər”in aşılması demək idi. Bundan sonra artıq Qərb anladı ki, daha sərt sanksiyaları işə salmaq lazımdır. Amerikanın əlinə yaxşı bir fürsət düşdü ki, Ukraynadakı müharibə yolu ilə həm Rusiyanı zəiflətsin, həm də Putinin mövqelərinə zərbə vursun. Hazırda da Rusiya getdikcə zəifləyir, Putinin də mövqeləri zəifləyir. İstisna etmirəm ki, Putinin ətrafında insanlar var ki, onun hakimiyyətdən uzaqlaşdırılması haqqında düşünürlər. Çünki Putin ölkəni uçuruma aparır və bunu anlayanların sayı durmadan artır. Özü də bu, Rusiyanın müharibəsi deyil, Putinin şəxsi müharibəsidir. Bu müharibədə Rusiya vətəndaşları ölür. İqtisadiyyatları dağılır, Avropaya səfər edə bilmirlər. Oliqarxlar Qərb ölkələrində mülklərini itirirlər.
70 illiyini qeyd edən Putinin perspektivləri qaranlıq görünür. Fiziki baxımından da onunla bağlı müəyyən suallar, şayiələr yaranıb. Xəstəliklərinin olduğu deyilir. Hitlerlə müqayisə olunur. II Dünya müharibəsinə başlayan Hitler sağlam idi. Amma müharibənin artıq 3-4 illiyində məğlubiyyətlə üzləşdi, sovet qoşunları hücuma keçirdi, ikinci cəbhə açılmışdı, artıq Hitler həmin Hitler deyildi. Xəstələndi, əlləri əsirdi. Çünki uğursuzluğun dalınca uğursuzluq gəlirdi. Putini də bu aqibət gözləyə bilər. Çünki Ukraynada planları alınmadı, ölənlərin sayı artmaqdadır. Dünyanı artıq nüvə ilə hədələyir. Ya xəstəlik, ya da çevriliş yolu ilə Putinin hakimiyyətdən getməsi perspektivləri yarana bilər.
Seçkilərə gəldikdə, hələ seçkilərə çox var. Putinin, düzdür, reytinqi düşməkdədir. Amma Rusiya cəmiyyətinin Putindən imtina edəcəyini düşünmürəm. Onu ya xəstəlik aparacaq, ya da ətrafındakılar görəcək ki, ölkəni uçuruma doğru aparır, bunun qarşısını almaq üçün addımlar atmaq məcburiyyətində qalacaqlar. Məsələn, Ukrayna ordusu Xersonu geri alsa, Putinin mövqeyi daha da zəifləyəcək. Bir sözlə, bu, Putin üçün sonun başlanğıcı ola bilər".
Azad Məsiyev: “Rus xalqı onu dəstəkləmək məcburiyyətindədir”
Politoloq Azad Məsiyev rus xalqının Putini sona qədər dəstəkləyəcəyini düşünür: “Öncəliklə onu qeyd edim ki, SSRİ dağıldıqdan sonra Rusiya hakimiyyətində rəhbər olan Boris Yeltsin dövründə faktiki olaraq ölkə sarsılmışdı. Siyasi, iqtisadi və hərbi baxımından xaos yaranmışdı. Rusiya dövlətçiliyi təhlükə altına düşmüşdü. O dövrləri yaşamışıq və proseslərin içərisində olmuşuq. Dövlət aparatı Kremldə iflic vəziyyətə düşmüşdü. Bütün bunlar da Amerikanın əli ilə edilirdi. Yeltsin bir dövlət başçısı olaraq, bu prosesləri görürdü. Dövləti bu vəziyyətdən çıxarmaq, özünə varis hazırlamaq üçün ciddi islahatlar aparmışdı. Müxtəlif baş nazirləri vəzifəyə gətirmişdi. Kadrları bu yollarla araşdırırdı. Sonradan baş nazir postuna Vladimir Putini gətirdi. Onun tam olaraq dövlət adamı kimi formalaşdığına əmin olandan sonra hakimiyyəti ona ötürdü. O isə Rusiyanı özünə qaytardı. Yeltsin dövründəki Rusiya ilə Putin dövründəki arasında dağ və təpə qədər böyük fərq var idi. Artıq Rusiya özünün dünya siyasətində mövcudluğunu, sözünü yeritməyə, rolunu göstərməyə başladı. Birləşmiş Ştatlar bunu ”həzm edə" bilməyib, Rusiyanı özünə düşmən elan etdi. Bundan sonra Rusiya-ABŞ qarşıdurması başladı. Təbii ki, indiki Ukrayna müharibəsində Kreml özünü müdafiədən çıxış etdi. Necə deyərlər, ən gözəl müdafiə hücumdur prinsipini tətbiq etdi. Putin seçki yolu ilə hakimiyyətə gəlib. Seçki yolu ilə də hakimiyyətini gücləndirib. İndiki zamanda Putinə alternativ lider yoxdur. Rus xalqı Yeltsin dövründəki Rusiyanı yaxşı xatırlayır, dünya siyasətində o dövrdə Rusiyanın yerini də görüb. İndiki dövrü isə yaşamaqdadır. Hesab edirəm ki, rus xalqı Putinə alternativ görmədiyi üçün onu dəstəkləmək məcburiyyətindədir".
“Müsavat”