Bakının Belarusa jestinin YERİ VAR İDİMİ? -Araşdırma...
Azərbaycanın Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə görüşündə qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmaması geniş müzakirələr doğurub. Belarusun Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində dəstəyinə görə təşəkkürünü ifadə edib. Belarus XİN-dən bildirilib ki, Bakı növbəti dəfə özünü beynəlxalq hüquq normalarına uyğun olaraq öz xarici siyasi prinsiplərinə sadiq qalan məsul və müstəqil iştirakçı kimi nümayiş etdirdi.
Yenixeber.org: Sitat: “Əlbəttə, biz Şərq Tərəfdaşlığı sammitində dost dövlətlərdən anti-Belarus açıqlamaları və addımlarının birmənalı şəkildə pislənməsini gözləyirdik. Gənc postsovet ölkələrinin tarixi dəfələrlə göstərib ki, geosiyasi vəziyyətdən və Avropa bürokratiyasının əhvalından asılı olaraq istənilən bayraq altındakı yer boş qala bilər”.
Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının beynəlxalq məsələlər daimi komissiyasının sədri Andrey Savinıx, belaruslu politoloq Sergey Martselev, “Xarici Siyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzi” İctimai Birliyinin direktoru, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Geosiyasət Tarixi Mərkəzinin rəis müavini Denis Bukonkin də “Caliber” analitik mərkəzinə şərh edərkən Azərbaycanın mövqeyini təqdir ediblər.
Sirr deyil ki, Azərbaycanın Belarusla kifayət qədər yüksək səviyyədə olan ikitərəfli münasibətləri var və Minskin iştirak etmədiyi sammitdə Bakının bu gedişi təqdir edilir. Bəzi iddialara görə, Azərbaycan bu addımı ilə həm də bir daha nümayiş etdirib ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi “qırmızı xəttdir”. Azərbaycan təkcə Belarusa bağlı deyil, ümumiyyətlə, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Bu, həm də Avropa İttifaqına verilmiş bir mesajdır ki, Azərbaycana qarşı gələcəkdə bu cür münasibət, daxili işlərinə qarışmaq Bakı üçün qəbuledilməzdir.
Bəs bu məsələ, Azərbaycanın dünyada antidemokratik rejim kimi qəbul edilən Belarusu aşkar müdafiəsi Avropa İttifaqı ilə gələcək münasibətlərimizə təsir edə bilərmi? Avropa İttifaqının Bakı ilə bağlı xüsusilə maliyyə dəstəyi ilə bağlı vədlərini ertələyə bilərmi? Məlumdur ki, Prezident Əliyev Aİ-yə minaların təmizlənməsi ilə bağlı maliyyə dəstəyi vermək çağırışı edib. Ümumiyyətlə, dünya bu cür jestləri anlayışla qəbul edirmi?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirdi ki, Bakının Brüsseldə tutduğu mövqe Avropa Birliyi ilə münasibətlərə mənfi təsir etməyəcək. Onun sözlərinə görə, bizim əlaqələr çoxşaxəli xarakter daşıyır: “Böyük strateji layihələr, enerji, nəqliyyat sektorunda əməkdaşlıq həyata keçirilir. Azərbaycanın regionda stabillik və sülh yaratmaq istəyinə Avropa Birliyi dəstək verib. Düşünürəm ki, bu münasibətlər inkişaf edəcək, iqtisadi və enerji sahələri ilə bərabər mədəniyyət, təhsil sahəsində əməkdaşlığı genişləndirməyi düşünürük”.
Deputat qeyd etdi ki, Azərbaycan Belarusla bağlı mövqeyini ifadə edib: “Avropada Lukaşenko hakimiyyətini antidemokratik rejim kimi tanıya bilərlər, amma sanksiyalardan dost Belarus xalqı əziyyət çəkəcək. Ona görə bu bəndə qoşulmadıq. Eyni zamanda bizim Belarusla da əməkdaşlığımız var”.
Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və balansı qorumağa üstünlük verir: “Belarusla Azərbaycan MDB-də əməkdaşlıq edirlər, həmçinin Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında şəxsi münasibətlər yüksək səviyyədədir, Minsk hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib, o cümlədən KTMT-də bizə qarşı hansısa mövqe sərgiləməyiblər, belə məqamda Belarusa təzyiqlərə Azərbaycan bitərəf qala bilməzdi”.
Ekspert hesab edir ki, Bakı ədalətli və prinspial mövqe tutub: “Avropa Birliyi Azərbaycanın mövqeyindən narahat olmamalıdır. Azərbaycan ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və üçüncü gücün əlində alətə çevrilib digər ölkə əleyhinə fəaliyyətə qoşulmur”.
Azərbaycan - Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu Nağıyev xatırladıb ki, Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ildə yaranıb: “Əsas məqsəd proqram iştirakçıları - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusun yumşaq avrointeqrasiyası idi. Rusiya da təbii ki, bunun əleyhinədir. Rəsmi Moskva düşünür ki, Aİ bu layihəni həyata keçirməklə regionda Rusiyanın maraqlarına maneə törədir və öz geosiyasi maraqlarını diktə etməyə çalışır”.
A.Nağıyev qeyd edib ki, bu, rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətilə bağlıdır: “Məlumdur ki, ölkəmizin siyasəti ilə bağlı hər hansı bir xarici qüvvə, güc bizə ciddi təsir edə bilməz. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var”.