Azərbaycan ekologiyasına sağalmaz yaralar vuran erməni terrorunun dalğası onu göstərir ki, xalqımızın illərlə göz bəbəyi kimi baxdığı 800 və 1600 yaşlı nadir ağacları kəsib doğramaqla, çaylarımızı çirkləndirməklə onlar həm də ana təbiətə böyük bir savaş açıb. Ermənilərin və azərbaycanlıların vətən sevgisini müqayisə etməklə təbiət qanunlarının duyğularına qarşı sayğısız davrandığımın fərqindəyəm. Amma icazə verin, bu müqayisənin “yersiz” olduğunu bilə-bilə öz fikirlərimə davam edim. Düşünürəm ki, Ermənistanın tək insanlığa deyil, ekologiyamıza vurduğu ziyanları böyüdülmüş şüşədən görmək istənilən halda maraqlıdır. Elə bu məqsədlə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə dünən jurnalistlərin Cəbrayıl və Qubadlı rayonlarına səfəri baş tutdu. Hər bir jurnalist mikrofonunu və qələmini əlinə alıb dünyanı ermənilərin təbiətə vurduğu saysız-hesabsız yaraları görməyə səslədi. Əziz oxucular, istərdim ki, bu səfərdə gördüklərimi sizinlə də paylaşım...
Yenixeber.org: Cəbrayıl və Qubadlıdan reportajı təqdim edirik:
İlk tanışlığımız Cəbrayılın Cocuq Mərcanlı kəndi ilə oldu. Həm burada, həm də bütün səfər boyu dağıdılmış evləri, yandırılmış ağacları görmək, ən əsası ərazinin hələ təmizlənməmiş minalarla çirkləndiyini bilmək ağır bir məyusluq duyğusu gətirirdi. Bununla belə, mənzərənin füsunkarlığı bizi inandırır ki, cəngavər igidlərimizin azad etdiyi rayon və kəndlərimizi işıqlı gələcək gözləyir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Cocuq Mərcanlıda izindən əsər-əlamət qalmayan tut bağları haqqında danışarkən bildirdi ki, sovet dövründə bir ildə 240 ton barama tədarük olunub.
Torpağın altında basdırılmış ermənilər
“Olduğumuz ərazinin hər tərəfi minalanıb. Yüzlərlə, minlərlə minalar var. Minalardan başqa partlayıcı maddələr də var ki, onlar hamısı təhlükə mənbəyidir. Ermənilərin əlindən torpaqlarımıza mina basdırmaqdan başqa bir iş gəlməyib. Cəbrayıl rayonunun sonuna qədər yolun sağ və sol tərəfində üzüm bağları olub. Bu ərazilər mütəmadi olaraq yandırılıb. Mənfur düşmənlərimiz bu cür təbiəti məhv edib. Ümumiyyətlə, Cəbrayıl tarixən ipəkçiliklə məşğul olan bir diyar olub. İndi isə burada bir dənə ağac belə görünmür”.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov isə qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün maarifləndirmə işləri davam etdirilir:
“Böyük problemlər var. Torpağın altında “basdırılmış ermənilər” qalıb ki, onlar da zamanla təmizlənəcək. Yolların kənarlarına quraşdırılmış lövhələr maarifləndirmə işlərinin bir hissəsidir ki, gələn insanlar təhlükəyə məruz qalmasın. Bu vaxta qədər ümumi ərazidən təxminən 4000 mina təmizlənib. Lakin bu o demək deyil ki, təhlükə aradan qalxıb. Ərazilərin ayaq dəyməyən bütün hissələri risklidir. Həm özünüzü, həm də yoldaşlarınızı təhlükəyə məruz qoymamaq üçün əhalidən maksimum diqqətli olmağı tövsiyə edirəm. Sizin təhlükəsiz hesab etdiyiniz hər hansı əşya bir neçə saniyə içində təhlükəyə çevrilə bilər”.
Qoca çinar
Sonra ermənilərin Cəbrayılda viran qoyduğu Əmirvarlı kəndini ziyarət etdik. Bu kənddə də daş daş üstə qalmamışdı. Qarşısında dayandığım Şərq çinarı 800 yaşı olan nadir ağaclardan biridir. Bu təbiət abidəsini ermənilər yandırsa da, çinar yenidən çiçəkləyib. Sanki öz doğmalarının gəlişinə sevinir. Bir az aralıda qəbiristanlıq var. Gözə dəyən bir neçə qəbirdən başqa məzar yoxdur. Hər biri yerlə-yeksan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin sözlərinə görə, Cəbrayıl rayonunda 13 ədəd təbiət abidəsi kimi qeydə alınan Şərq çinarı olub və bu ağaclar 1982-ci ildə Azərbaycan nazirlər sovetinin 67 nömrəli qərarı ilə təbiət abidələri siyahısına daxil edilib:
“Gördüyünüz Çinarın pöhrələri onun yeraltı kök hissəsindən son 20 il ərzində cücərib. Mənfur düşmən bu hissələri də kəsərək məhv etmək istəyib. Şərq çinarları vaxtı ilə Cəbrayıl rayonu sakinlərinin mənəvi dəyəri olub. Bu təbiət abidələri içərisində hətta 1600 yaşı olan Şərq çinarı da var. Sakinlər onu ziyarətgaha çeviriblər, ətrafında şənliklər və məclislər təşkil ediblər. Ermənilər belə təbiət abidələrini məhv etməklə həm ekoloji, həm də psixoloji terror həyata keçiriblər. Nazirlik tərəfindən aparılan son monitorinqlər göstərir ki, Zəngilan, Qubadlı və Füzuli rayonlarında siyahıya daxil edilmiş 35 Şərq çinarı, palıd və saqqız ağacından heç biri qalmayıb. Hamısı ya yandırılıb, ya da kəsilib”.
Yarpız qoxulu Qubadlı
Cəbrayıldan sonra Qubadlıya yola düşdük. Qubadlının həm yaz havası, həm də yaşıllıqları xoş duyğular ötürürdü. Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidən ətrafa yayılan yarpız qoxusu isə vətən nisgilini ürəyimizdən yavaş-yavaş yuyub aparırdı. Nazirliyin nümayəndələri ilə jurnalistlər də əliboş gəlməmişdi. Belə ki, adları “Qırmızı kitab”a düşmüş körpə farel balıqları Həkəri və Bərgüşad çaylarının qovuşduğu əraziyə buraxıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, Qızılxallı farel balığı yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub.
“Qızılxallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitabı”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək. Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”, - Firudin Əliyev bildirib.
Xidmət rəisi qeyd edib ki, ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların təbii populyasiyasının bərpa olunması, həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək.
Paşinyan çoxdan yanıb
Əziz oxucu, illərlə kimsəsiz qalmış şəhərin yorğunluğunu görüb ruh düşkünlüyünə qapılma. Bunu bizə hər qarışında şəhid qanı axıdılan torpağın müqəddəs ruhu bağışlamaz. Azərbaycan oğullarının canı və qanı bahasına azad olunan torpaqlarımız etibarlı əllərdədir. Səfərin ən yaddaqalan məqamlarından biri də azad olunmuş torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitlərimizi görmək oldu. Erməni hərbçilərinin puşlatını yandıran əsgərlər zarafatlarından da qalmırdı. “Paşinyana od vurdun” deyən jurnalistlərdən birinə əsgər gecikmir və “Paşinyan çoxdan yanıb” cavabını verir.
Yandırılmış böyük tut plantasiyaları
Səfərin sonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə Qubadlıda növbəti ağacəkmə aksiyası keçirildi. Ərazidə 750-ə yaxın ağac əkildi.
Nazir müavini Firdovsi Əliyev qeyd etdi ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:
“Bura ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Bütün dünya mənfur ermənilərin kəsdiyi bu tut ağaclarını görməlidir. Evlərimizdə yaşadılar, sonra da evləri və ağacları yandırıb getdilər, bu ekologiyaya və ətraf mühitə ziyan vurdular. Ona görə ki, bu torpaqlar onların deyil. İl ərzində bir milyona yaxın tinglərin əkilməsi planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ting təsərrüfatlarında kifayət qədər ting ehtiyatı var. İşğaldan azad olunmuş ərazilərə vurulan ekoloji terrorun bərpası istiqamətində daha geniş miqyasda işlər görmək istərdik. Təəssüf ki, ərazilərin minalanması buna imkan vermir. Bu mənada ANAMA-nın əməkdaşlarına böyük məsuliyyət düşür. Onların yaratdığı şərait nəticəsində müəyyən ərazilərdə rahat gəzə bilirik.
Ağacəkmə aksiyasını həyata keçirməklə dünya ictimaiyyətinə sübut etmək istəyirik ki, torpaqların əsl sahibi bizik. Qubadlı dünyanın ekoloji cəhətdən ən sağlam guşələrindən biridir. Dəymiş ziyanın bərpasında Ekologiya və Sərvətlər Nazirliyi lazım olan bütün işləri görməyə hazırdır. Möhtərəm Prezidentimizin böyük qayıdışla bağlı verdiyi tapşırıqların içərisində ekoloji məsələlər öncül yerdədir. Çünki ən çox ziyan çəkən ekologiyadır.
Ermənilər isə filiz saflaşdırma zavodunun tullantılarını Oxçuçaya tökməklə buradakı biomüxtəlifliyi məhv edirlər. 30 il ərzində beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarında törədilən ekoloji terrora heç bir reaksiya bildirmirdi. Biz onları bu məsələlərlə bağlı konvensiya qəbul etməyə məcbur edəcəyik. Gələcəkdə o təşkilatların özləri də monitorinqdə iştirak edəcək və vandalların törətdiyi ekoloji cinayətlərin canlı şahidi olacaq”.
Böyük qayıdış
Aydındır ki, Ermənistan işğal müddətində təbiətə qarşı terror davranışlarını heç vaxt dayandırmayıb, nəticədə bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi təsir göstərib. İşğaldan azad olunmuş rayonlarımıza dəymiş zərərlərin hesablanması istiqamətində araşdırmalar hələ də davam edir. Dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu zərərlərə nə dərəcədə ədalətli reaksiya verəcəyini dəqiq bilmirik. İnkaredilməz bir həqiqət var ki, kainat qanunları istənilən təşkilatın çıxardığı nəticədən qüdrətli və adildir. Heç şübhəsiz ki, ana təbiət bu savaşın cəzasını ermənilərə ağır kəsəcək!