Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

101 il əvvəl -1920-ci ilin mart ayının 22-də Şuşada nə baş verib?


1920-ci il martın 28-də Azərbaycanın xarici işlər naziri F.X.Xoyskinin xarici diplomatik missiyalara və Gürcüstanın xarici işlər nazirinə göndərdiyi teleqramda göstərilir ki, martın 22-si gecə saat 3-də Qarabağdakı erməni silahlı qüvvələri Ermənistanın nizami hərbi hissələr və artilleriya ilə gücləndirilərək Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Tərtər və digər məntəqələrdə yerləşən Azərbaycan hərbi hissələri üzərinə eyni vaxtda qəfildən hücum etmişlər. Teleqraf və telefon xətlərini isə əvvəlcədən sıradan çıxartmışlar. Şuşa və Əsgəran yüksəkliklərini ermənilər top atəşinə tutmuş, səhərisi gün erməni silahlı qüvvələri Cəbrayıl və Zəngəzur qəzalarında müsəlman kəndlərinə hücum çəkərək, bir sıra kəndləri məhv etmişdilər.
Yenixeber.org: Alınan məlumata görə, "qiyam etmiş" etmənilərin köməyinə İrəvan quberniyasının Novobayazid qəzasından kömək gəlmiş və Qazax qəzası yaxınlığında yerləşən Toxluca kəndinə erməni qoşunları daxil olmuşdur. Gözlənilmədən tam məhv olmaq təhlükəsi qarşısında qalan Qarabağ müsəlmanları ayrı-ayrı dəstələr şəklində müdafiəyə qalxmış, bəzi yerlərdə elə birinci gün ermənilərin qəfil hücumunun qarşısını almış, digər yerlərdə isə sonrakı günlərdə belə var qüvvələri ilə müdafiəyə davam etmişdilər. Azərbaycan hökuməti Qarabağda qayda-qanunu bərpa etmək və gələcəkdə mümkün ola biləcək belə hadisələrin qarşısını almaq üçün təcili tədbirlər gördüyünü bildirirdi. Dinc mülki müsəlman əhalisinin təcavüzə məruz qaldığı bir ölkənin hökumətinin müvafiq tədbirlər görməsini onun sülhpərvər siyasət yeritmədiyi kimi qələmə verən qüvvələr ittihamla qarşılayırdı. Nəticə etibarilə məsuliyyət təcavüz edən tərəfin deyil, təcavüzə məruz qalan tərəfin üzərinə qoyulurdu. Azərbaycan hökuməti özünün müdafiə xarakterli tədbirlərinə haqq qazandırmaq məqsədilə 1920-ci il aprelin 5-də müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarlarına nota ilə müraciət etməli oldu. "Qarabağ qiyamı"nın nəticələrini aradan qaldırmaq üçün müraciətlər edilməsi, regional və beynəlxalq səviyyədə dəstək alması əvəzinə Azərbaycan hökuməti günahkar tərəf kimi hərəkətlərinə bəraət qazandırmaq məcburiyyətinə düşmüşdü.
    Qarabağ hadisələrinə dair Azərbaycan hökumətinin mövqeyi belə idi ki, ermənilərin xaincəsinə hücumu bütün Qarabağı zor gücünə ələ keçirmək məqsədilə əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Bu planın daha hansı bir məqsəd üçün faydalı ola biləcəyi barəsində hökumətin mülahizələri də notada öz əksini tapmışdır: "Azərbaycan xalqı, onun istiqlaliyyətini və mövcudluğunu təhdid edən xarici təhlükə ilə birbaşa üz-üzə qaldığı hazırkı şəraitdə daxili qayda-qanuna və sakitliyə daha çox ehtiyac duyur". Deməli, "Qarabağ qiyamı" "xarici təhlükə", yəni bolşeviklərin şimaldan gözlənilən təcavüzü üçün əlverişli şərait yarada bilərdi və Azərbaycan hakimiyyəti öz mövcudluğuna qarşı yönələn təhlükəyə yardım edə biləcək hər hansı bir akta rəvac verə biləcək addım atmaqda maraqlı ola bilməzdi.
    Azərbaycan hökuməti "Qarabağ qiyamı"nın öz hakimiyyətlərini devirəcək planın tərkib hissəsi olduğunu təsdiq etməsə də, ermənilərin əvvəlcədən düşünülmüş qəsbkarlıq planı olduğunu yəqinliklə bildirirdi. "Qiyamın" Qarabağ erməniləri tərəfindən Azərbaycan hakimiyyətinin gördüyü tədbirlərə adekvat olaraq baş verdiyini əsaslandırmaq, Ermənistan hökumətinin nizami qoşun hissələrinin təcavüzünü pərdələmək, hətta haqq qazandırmaq məqsədilə hələ 1920-ci ilin əvvəlindən zəmin hazırlanırdı.
    Qarabağ ermənilərinin boykotu, onlar üçün Şuşa-Yevlax yolunun bağlanması, Azərbaycan hökuməti tərəfindən onların tərk-silah edilməsi tələbi, kəndlərinin top atəşinə tutulması kimi yalan məlumatlar bir neçə istiqamətdən Ermənistan hökuməti üçün sərfəli ola bilərdi: 1) 1920-ci ilin yanvarın əvvəllərindən erməni hökuməti qoşunları silahlı erməni dəstələri ilə birlikdə Zəngəzurdan Şuşa qəzası istiqamətində hücuma başlamış, yol boyu müsəlman kəndlərini məhv edərək irəliləyirdilər. Azərbaycan və Ermənistan hökumətləri arasında 1919-cu il 23 noyabr sazişindən 1920-ci ilin yanvarı arasındakı müddətdə erməni qoşunları tərəfindən Zəngəzur qəzasının 40 müsəlman kəndi məhv edilmişdi. Bu prosesin davam etdirilməsinə etirazını bildirən Azərbaycan hökuməti qarşısında özlərinə bəraət qazandıracaq əks ittihamla çıxış etmək baxımından saxta məlumatlarla manipulyasiya edilirdi; 2) Azərbaycan hökumətini nəzərdə tutulan və ciddi şəkildə hazırlanmış "Qarabağ qiyamı" barədə duyuq salmamaq məqsədilə; 3) "Qarabağ qiyamı"nın Ermənistan hökumətinin əli olmadan, sırf Qarabağ erməniləri tərəfindən törədilməsi təəssüratı yaratmaq məqsədilə. Belə ki, Azərbaycan hökumətinə qarşı yönəlmiş ittihamların məzmununu Qarabağ ermənilərinin vəziyyəti ilə əlaqədar yaradılmış saxta mənzərə təşkil edirdi: yolları bağlanmış, boykot edilmiş, döyülmüş, qarət olunmuş, tərksilaha vadar edilmiş, kəndləri artilleriya atəşinə tutulmuş zavallı erməni əhalisinin qiyama qalxması təbii qəbul edilə bilərdi. Bölgədəki xarici diplomatik missiyaların da qınaq hədəfinə çevrilə biləcək Azərbaycan hökuməti haqsız durumunda sərt addımlar atmaqdan çəkinərsə ermənilər Qarabağla bağlı planlarını reallaşdıra bilərdilər. Əgər Azərbaycan hökuməti qətiyyətli mövqe nümayiş etdirib qiyamı yatırmağa hərbi qüvvələrini səfərbər edərdisə sərhəd zonalarından, o cümlədən şimal sərhədlərindən qoşunların cəlb olunması Sovet Rusiyası ordusunun "Bakı yürüşünə" - Azərbaycana müdaxiləsinə imkan yaratmış sayıla bilərdi. Ermənistan hökumətinin 1920-ci ildə Qarabağla bağlı fəal müdaxilə planları RSFSR xalq xarici işlər komissarı G.V.Çiçerinin Azərbaycan hökumətinə göndərdiyi notalarla eyni vaxta təsadüf edirdi.
    Gözlənildiyi kimi, Azərbaycan hökuməti Ermənistan hökumətindən erməni qoşunlarının təcavüzkar hərəkətlərinin dərhal dayandırılmasını qətiyyətlə tələb etmiş, əks-təqdirdə öz vətəndaşlarının həyat və əmlakını müdafiə üçün qəti tədbirlər görməyə məcbur olacağını və baş verə biləcəklər üçün bütün məsuliyyəti erməni hökumətinin üzərinə qoyduğunu bildirmişdi.
    "Qarabağ qiyamı"nı Azərbaycan dövlətinə qarşı təhlükə kimi dəyərləndirən hökumət yubanmadan Qarabağda vəziyyətin nəzarət altına alınmasına nail ola bildi. Bu məqsədlə Azərbaycanın şimal sərhədlərindən qoşunların cəlb olunması hadisələrin gedişinə ciddi təsir göstərdi. Ermənilərin xeyrinə işləməli saxta məlumatların yayılması da təsirsiz qalmadı. Müttəfiqlərarası komissiyanın yalnız Qarabağa göndərilməsini yanlış sayan F.X.Xoyski aprelin 8-də müttəfiq dövlətlərin Cənubi Qafqazdakı Ali komissarlarına nota göndərərək Qars vilayətində müsəlmanların zorakılığa, qətliama məruz qaldığı bir şəraitdə təkcə Qarabağdakı hadisələri ayırmağı Cənubi Qafqaz xalqlarına bərabər münasibətin olmaması, Azərbaycan hərbi hissələrinə basqın etmiş ermənilərə kömək göstərmək cəhdi kimi anlaşılacağını yazırdı. Elə həmin gün F.X.Xoyski bir notanı da Ermənistan xarici işlər nazirinə ünvanlamışdı.
    Azərbaycan hökuməti Ermənistan hökumətindən Azərbaycan ərazisinə hücumları dərhal dayandırmaq və qoşun hissələrini geri çəkmək haqqında təcili sərəncam verməyi xahiş edirdi. Azərbaycan Cümhuriyyəti hökumətinin bu məzmunda nota və teleqramları hakimiyyətinin devrilməsinədək davam etmişdir. Hətta aprelin 9-da Tiflisdə işə başlayan Cənubi Qafqaz respublikaları konfransında qərara alınmışdı ki, Qazaxda, Naxçıvanda, Ordubadda və Qarabağda baş verən bütün qanlı toqquşmalar dərhal dayandırılsın və bu məqsədlə Azərbaycan, Ermənistan hökumətləri yubanmadan ən qəti tədbirlər görsünlər.
    1920-ci ilin yazında ermənilərin "bütün cəbhəboyu" hücuma keçməsini hərbi əməliyyatların coğrafiyası təsdiqləyir. Azərbaycanın İranda diplomatik nümayəndəsi A.X.Ziyadxanovun 10 aprel tarixli məlumatında bildirilir ki, erməni hərbi hissələri Naxçıvan və Ordubad istiqamətində mütəşəkkil hücuma keçmişlər. Bu hücumda İran ermənilərinin iştirakına dair A.X.Ziyadxanova göndərilmiş teleqramlarda məlumatlar olduğu bildirilir. İran ermənilərinin bu hücumda iştirakı ilə bağlı A.Ziyadxanov İran hökuməti qarşısında məsələ qaldırmış, həmçinin ermənilərin adı çəkilən ərazilərə hücumu haqqında Tehrandakı ingilis, amerikan, fransız diplomatik nümayəndələrinə məlumat vermişdir.
    Ermənilərin belə hərəkətlərinə qəti etirazını bildirən xarici işlər naziri F.X.Xoyski sərhəd əhalisi arasında qan tökülməsinin dayandırılması üçün ən təcili tədbirlər görməyi Ermənistanın xarici işlər nazirindən növbəti dəfə xahiş edirdi. Sonrakı yaxın 2-3 gün ərzində F.X.Xoyski Ermənistana növbəti notaları göndərməyə məcbur olmuşdu. Ermənistanın müsəlman sərhəd kəndlərinə təcavüzünü dəf etmək məqsədilə Azərbaycan hökuməti Qazax rayonuna kiçik hərbi dəstə göndərmişdi. Cənubi Qafqaz konfransının işə başlaması və beynəlxalq komissiyanın nəzərdə tutulması səbəbindən hökumət həmin hərbi dəstənin dərhal Qazaxdan geri çağırılması haqqında qərar qəbul etdi. Ermənistan hökumətinin də öz növbəsində analoji tədbirlər görəcəyinə ümid bəslənilirdi. Bu ümidin də dərhal puça çıxdığı bəlli olur. Cənubi Qafqaz konfransının Qazaxa göndərdiyi komissiyanın təklifinə də əməl olunmadı. Toqquşmaya qədərki sərhəd xəttini bərpa etmək təklif olunsa da erməni hərbi hissələri ələ keçirdikləri əraziləri tərk etməmişdi. Ermənistan daxili işlər naziri müavininin iştirak etməsinə baxmayaraq komissiya istədiyinə nail olmayaraq Tiflisə geri dönmüşdü.
    1920ci ilin aprelində Azərbaycan eyni vaxtda, bəzən də eyni günlərdə həm Ermənistana, həm də Rusiyaya nota göndərməli olmuşdu. Birincinin artıq baş vermiş və davam edən təcavüzünə, ikincinin isə potensial təcavüzkarlıq niyyətlərinə, aprelin ortalarında artıq Azərbaycan Cümhuriyyətinin sərhədlərində - Dərbənd rayonunda Rusiya sovet hökumətinin xeyli hərbi qüvvələrinin cəmləşməsinə münasibət bildirilirdi. Azərbaycan Cümhuriyyətinin devrildiyi 27 aprel günündə belə "Azərbaycan" qəzetində ermənilərin müsəlman kəndlərinə basqınlarından bəhs edilirdi. Novobayazitdəki ermənilər Şişqaya kəndinə hücum etmiş, əhaliyə divan tutmuş, sonra Cil kəndinə hücuma başlamışlar. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi T.Makinskiyə tapşırılırdı ki, erməni hücumlarını dərhal dayandıracaq təcili addımlar atılsın, həmçinin beynəlxalq komissiyaya xəbər verilsin. Qarabağdakı vəziyyəti öyrənmək üçün beynəlxalq komissiya aprelin 19-u axşam Qarabağa yola düşmüşdü.
    "Qarabağ hadisələri" Azərbaycan parlamentinin 1 aprel tarixli iclasında xüsusi müzakirə olunmuşdu. Daxili işlər naziri M.Vəkilovun çıxışından sonra qızğın müzakirə keçmişdir.
    Parlamentdə "Qarabağ qiyamı" ətrafındakı müzakirələr bu hadisənin "Rusiya qırmızı qoşununun" Azərbaycan hüdudlarında olması ilə birbaşa əlaqəsini təsdiqləyirdi. Bu əlaqənin hansı məzmun və formada gerçəkləşdiyinə müxtəlif siyasi qüvvələr öz münasibətlərini bildirmişdi. Hələ 1919-cu ildə N.Nərimanov Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə məktubunda yazırdı ki, Ermənistan öz agentlərini Moskvaya göndərərək, sovet oriyentasiyasından bəhs edirlər. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratlar Pirumov və Zaxaryan Moskvada "ərazi güzəştləri müqabilində Azərbaycan Respublikası hökumətini devirmək işində öz hökumətlərinin təklifini" bildirmişdilər.
    Azərbaycan hökuməti fəaliyyəti dövründə erməni vətəndaşlarına münasibətdə heç bir ayrı-seçkilik fərqi qoymadan, parlamentdə, hökumətdə və d. dövlət strukturlarında onların təmsil olunmasına imkan yaratmışdı. Ermənilərin müsəlmanlara qarşı törətdikləri qanlı qırğınlar, Ermənistan dövlətinin öz ərazisində müsəlman əhalisinə qarşı düşmənçilik siyasəti, həmçinin Azərbaycanın digər ərazilərini ələ keçirmək yönündə təcavüzü davam etdirməsi müqabilində sülhpərvər mövqeyinə, bəyan etdiyi prinsiplərə sadiq qalmağa çalışmışdı. "Qarabağ qiyamı"na münasibətdə Mirzə Sadıq Axundzadənin parlamentdəki çıxışında dediyi kimi, "biz əslən sülhpərvər və rəhmdil olduq. Bunların müqabilində bizim əleyhimizə üsyan qaldırdılar. Biz heç zaman məğlub olmamışıq, Qarabağ-Tərtər cəbhəsi bunu isbat edir".
    "Qarabağ qiyamı"nın nümunəsində bir daha təsdiqini tapmış mülahizələr əsasında ümumiləşdirmələr etmək olar: Ərazi iddialarından əl çəkməyən potensial rəqiblə münasibətlərin normal vəziyyətində belə diplomatiyanın stratejianalitik istiqaməti dinamik funksional mexanizmə malik olmalıdır. Beynəlxalq və regional səviyyədə yarana biləcək yeni şəraitdə potensial rəqibin davrana biləcək variantları proseslə eyni vaxtda, mümkünsə öncədən təhlil edib qabaqlayıcı tədbirlər görülməsi strategiyası seçilməlidir. Potensial rəqibin ənənəvi siyasəti və müvafiq fəaliyyəti təcrübəsinin təhlili əsasında mərhələli planın birinci pilləsində qabaqlayıcı siyasət formalaşdırılmalıdır. Bir əsrdən artıq Azərbaycanın təcavüzə davamlı məruz qalma tarixinin təhlili nəticələri çağdaş diplomatiya və müdafiə strukturları ilə yanaşı və daha artıq səviyyədə milli təhlükəsizlik sisteminin müvafiq istiqamətdə fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə yönəldilməlidir.

    Firdovsiyyə ƏHMƏDOVA, tarix üzrə fəlsəfə doktoru.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam