Qarabağdakı Eldorado: -işğal olunmuş torpaqlarda talana dair daha bir fakt
Ermənistan 30 ilə yaxındır ki, işğal etdiyi torpaqlarımızda qızıl mədənlərini mütəmadi və ardıcıl şəkildə talayaraq qarət edib. Bunlar həm peyk şəkillərilə, həm də Ermənistanın ayrı-ayrı məmurları və ekspertləri tərəfindən təsdiqlənən həqiqətdir. Lakin işğal etdikləri ərazilərdə apardıqları qəsbkarlıq fəaliyyətlərinin təfərrüatına vardıqca qarşı tərəfin məxfi saxlamağa çalışdığı məqamlar gün işığına çıxır.
Yenixeber.org: Belə ki, qızıl mədənlərindəki idarəçi şirkətlərin tez-tez əvəzlənməsi, hasilata dair xəbərlərin gizlədilməsi və hesabatlarda şəffaflığın olmaması Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarındakı qızıl mədənlərini şəxsi mülkiyyətə çevirdiklərini deməyə əsas verir. Buradan əldə edilən gəlir işğalçı ölkənin dövlət büdcəsinə yox, ayrı-ayrı şəxslərin xarici banklardakı hesablarına ötürülürmüş.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu 1 fevral 2012-ci il tarixindən başlayaraq 2 il ərzində 30,2 ton qızıl alıb, nəticədə fondun investisiya portfelində qızılın payı 3,5%-ə çatıb. Sonradan 2015-2016-cı illərdə neftin kəskin ucuzlaşması ilə bağlı qızıl ehtiyatlarının artırılması dayandırıldı. 2018-ci ilin II yarısından isə ölkəmiz yenidən qızıl bazarına qayıdıb və 2020-ci ilin I yarısında ARDNF-nun qızıl ehtiyatı 101,8 tona çatıb, dəyəri isə fondun ehtiyatlarının 13,6%-i qədərdir. Bu ilin əvvəlindən ARDNF yerli hasilat şirkətlərindən 600 kq qızıl alıb. İyun ayının sonuna olan vəziyyətə görə, Fonda məxsus qızıl ehtiyatının ümumi dəyəri 6 milyard ABŞ dollarına yaxın olub.
Ermənistana gəlincə, bu ölkənin qızıl ehtiyatı hələ 2003-cü ildə ləğv edilib (1). Bu barədə qərarı ölkənin Mərkəzi Bankının o vaxtkı sədri Tiqran Sərkisyan vermişdi. Həmin dövrdə 1,4 ton qızıl hər unsiyası 400 dollara satılaraq 17 milyon ABŞ dollarına yaxın vəsait əldə edilmişdi. O vaxt da, sonrakı dövrdə də ölkə rəsmiləri qızıl ehtiyatının ləğv olunmasını düzgün dəyərləndirərək satış sövdələşməsinin də ağlasığmaz dərəcədə uğurlu olduğunu qələmə veriblər. Halbuki yerli müstəqil ekspertlərin qənaətincə, qızıl ehtiyatının satılması nəticəsində Ermənistan 50 milyon dollardan artıq ziyana düşüb. Daha da əhəmiyyətlisi qızıl ehtiyatını ləğv edən ölkənin gələcəkdə qızıl yığımı imkanından məhrum olmasıdır. Hərçənd yeraltı sərvətlərin ixracı Ermənistan dövlət büdcəsinin formalaşdırılması üçün az qala yeganə mənbədir və ötən 30 ilə yaxın olan müddət ərzində işğal etdikləri ərazidəki erməni əhalisi də, yaratdıqları qondarma qurum da məhz bunun hesabına dolanıb. Amma maraqlısı odur ki, peyk təsvirləri və arada KİV-ə sızan məlumatlar qızıl ixracından gəlirlərin rəsmi məbləği ilə həqiqi məbəği arasında kəskin fərq olduğunu ortaya çıxarır.
Ermənistandakı ekspertlər hələ bir-iki il bundan əvvələ qədər məsələyə dair şübhələrini belə ifadə edirdilər: “Qarabağda həyatın səviyyəsi niyə uzun illərdir ki, qalxmır? Niyə insanların məvacibi növbəti maaşa qədər güc-bəla ilə bəs edir?” Dövlətin qızıl hasilatında səhm əldə etməyə çalışmadığını, kiçik qızıl ehtiyatı belə yaratmağa meylli görünmədiyini qeyd edən ekspertlər deyirdilər: “Belə çıxır ki, kimlərsə cüzi vergi ödəməklə Qarabağda qızıl, mis vs. çıxardıb ölkədən xaricə daşıyır. Sonra da Qarabağ hökuməti məvacib və təqaüdləri ödəmək üçün Ermənistandan dövlətlərarası kreditlər diləməyə başlayır”.
Ekspertlərin fikrincə, ayrı-ayrı şəxslər həmin mədənlərdən varlanaraq ölkənin rifahı üçün heç bir iş görmür, dövlət isə buna göz yumur: “Yeraltı sərvətlərimiz istismar və ixrac olunur, mədənçilər milyonlarla dollar mənfəət götürür, amma yeraldı sərvətlərimiz hesabına varlananlar haqqında ictimaiyyət xəbərsizdir”.
Həmçinin Ermənistanda mədənçilik fəaliyyəti üçün icazələrin keçmiş və hazırkı vəzifəli şəxslərə, onların qohumlarına və yaxud ətraflarındakılara verilməsi barədə bəzi mənbələr açıq şəkildə bildirirlər. Ötən ilin məlumatlarına əsasən, Ermənistanda qızıl və polimetal yataqlarının istismarına 16 şirkətin hüququ olduğu halda onlardan yalnız 4-ü həqiqədən hasilat işlərilə məşğuldur. Bundan əlavə “Hetq” xəbər verir ki, 2019-cu ilə qədər ölkənin ən iri yataqlarını offşor zonalarda qeydiyyatda keçən Rusiya şirkətləri istismar edib.
Ermənistan 2017-ci ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşularaq həmin vaxtdan qızıl yataqlarına dair də məlumatları açıqlamaq öhdəliyi götürmüşdüsə, işğal etdikləri Qarabağ ərazisi qaranlıq bölgə olaraq qalır. Yəni həmin ərazidə nə qədər qızılın hasil olunması, hara və hansı yollarla satılması, gəlirin hara getməsinə dair heç bir məlumat yoxdur. Bütün bunlar işğalçı Ermənistanın apardığı qəsbkar və talançı siyasətin, təbii sərvətlərə vəhşi münasibətinin yalnız bir hissəsidir.
Qulu Nuriyev, ekspert