Yarımçıq tikintilər:- istehlakçı həm pulunu itirir, həm ümidini
Yenixeber.org: Son zamanlar istehlakçıların tez-tez qarşılaşdığı problemlərdən biri də, pul verib həyəcanla təhvil alacağı günü gözlədiyi mənzillərin tikintisinin yarım saxlanmasıdır. Bu gün paytaxtda tikintisi MTK və ya tikinti şirkəti tərəfindən yubadılan, yarımçıq saxlanılan onlarla çoxmərtəbəli bina var. Bu problem çox zaman MTK-nın iflasa uğraması nəticəsində yaranır. Olan isə istehlakçıya olur. İstehlakçı həm pulunu itirir, həm də mənzil sahibi olmaq ümidini.
"Əmlak" Ekspert Mərkəzinin direktoru, əmlak eksperti Ramil Osmanlının Sputnik Azərbaycan-a bildirdiyinə görə, MTK-lar tərəfindən tikintisi yarımçıq saxlanılan binaların sonrakı taleyi barədə dəfələrlə təkliflər irəli sürülsə, bu məsələ dəfələrlə müzakirə edilsə də, təəssüf ki, hələ də həllini tapmayıb. Hətta təklif edilib ki, problemin həlli üçün bəzi xarici ölkələrin təcrübəsinə əsaslanaraq addımlar atılsın: "Məsələn, bir neçə il əvvəl Ukrayna hökuməti MTK-lar tərəfindən tikintisi yarımçıq saxlanılan binaları aldı. Həmin binaların tikintisinin başa çatdırılması artıq dövlət tərəfindən satınalma, tender yolu ilə ayrı-ayrı şirkətlərə həvalə edildi. Bununla da istehlakçılara dəymiş ziyan, onların hüquqlarının pozulması problemi aradan qaldırıldı".
Amma Azərbaycanda çox təəssüf ki, bu məsələ çözülməz olaraq qalır. Ekspert hesab edir ki, proseslər Azərbaycan hökumətinin bu işdə maraqlı olmadığını göstərir. Vəziyyət belə davam edərsə, yarımçıq tikili problemi yaxın gələcəkdə də öz həllini tapmayacaq: "Neftin qiyməti yüksək səviyyədə olanda da bununla bağlı təkliflər olub. Azərbaycanın makroiqtisadi göstəricilərinin surətlə artdığı həmin dövrdə də edilən təkliflər müsbət qarşılanmayıb. İndiki vəziyyət də bu təkliflərin müsbət qarşılancağını düşünmürəm".
R. Osmanlı hesab edir ki, bu məsələ payçılar tərəfindən həll edilə bilər. Amma bunun üçün də uzun bir məhkəmə prosesindən keçmək lazımdır. Bu illərlə vaxt aparan məsələdir. Məhkəmə qaydalarına görə, tikintini başlayan şəxslər öhdəliklərini yerinə yetirmədiklərinə görə, öz paylarından məhrum edilməlidir. Bundan sonra payçılar tərəfindən qərar qəbul edilməli, tikintiyə əlavə vəsait cəlb olunmalı və o tikinti başa çatdırılmalı, əlavə qalan mənzillər başqalarına satılmalıdır.
Hüquqşünas Fərid Həmidli isə hesab edir ki, bu halların qarşısını almaq üçün bina tikilməzdən əvvəl tikintiyə icazə verən icra strukturu şirkətin maliyyə durumunu, kadr potensialını, texniki imkanlarını araşdırmalıdır. Şirkətin tikintini başa çatdıra biləcəyinə qərar verildikdən sonra ona bina tikintisinə başlamaq üçün icazə verilməlidir: "Bu gün təkcə paytaxtda onlarla bina var ki, tikintisi yarımçıq qalıb. Bu həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. İstehlakçı ümid edir, inanır, pulunu verərək mənzil sahibi olmaq istəyir. Binaların tikintisi yarımçıq qalanda isə həm istehlakçı verdiyi pulu itirir, həm də mənzil sahibi ola bilmir".
Hüquqşünas bildirir ki, bu kimi problemlərlə qarşılan istehlakçılar yüzlərlədir. Təbii ki, onlar məhkəmələrə müraciət edirlər: "Ancaq təəssüf olsun ki, onların iddialarına baxılsa da, problemləri həllini tapmır. Təcrübədə tikintisi yarımçıq qalan binadan pulunu geri ala bilən istehlakçı yoxdur".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə MM –də müzakirələr zamanı bildirib ki, tikintisi yarımçıq qalmış binalarla bağlı ciddi ölçülər götürülməlidir. Onun sözlərinə görə, bu gün Bakı şəhərində çoxlu sayda yalnız bir neçə mərtəbəsi tikilmiş binalar var ki, onlar şəhərin ümumi görünüşünə xələl gətirməklə yanaşı, onların tikilməsində də ciddi problemlər var. "Bu binaları tikən şəxslər cəmi 2-3 mərtəbəni tiksələr də, 16-cı mərtəbənin də pulunu alıblar və tikintini yarımçıq saxlayıblar. Bu da həmin binalarda mənzil alan vətəndaşların haqlı narazılığına səbəb olur" — o deyib. O qeyd edib ki, bir sıra hallarda həmin tikilən binalar sadə vətəndaşların adına qeydiyyata alınır və şikayət edənlər hara müraciət edəcəklərini bilmirlər. Deputat vurğulayıb ki, hökumət bu binaları almalı, tikintisini başa çatdırmalı və vətəndaşları aldadan sahibkarlarla bağlı ciddi ölçü götürməlidir.
İstehlakçı sadəcə çalışmalıdır ki, inandığı, etibar etdiyi MTK-dan ev alsın. Televiziya, sosial şəbəkə reklamları istehlakçıya ev almağa əsas verməli deyil. İstehlakçı mənzil alarkən araşdırma apardıqdan sonra pul ödəməlidir. Əks təqdirdə, bu kimi problemlər yaşayacağını göz önünə almalıdır.