3 kisə pul kimə və nəyə görə verilib? -YAVƏR CAMALOVUN MÜDHİŞ YEYİNTİSİ
Müdafiə Sənayesi Nazirliyindəki 18 milyonluq nağdılaşdırmanın detalları niyə araşdırılmır?
Yenixeber.org: Azərbaycanda büdcə pullarının nağdılaşdırılaraq ələ keçirilməsi sxemi detallı şəkildə ortalığa çıxıb. “Obnaliçka” – nağdlaşdırma əməliyyatlarının iştirakçıları, onları həbs edib, rüşvət müqabilində azad edən MTN-çilər Sabunçu Rayon Məhkəməsinin binasında olduqca ilginc ifadələri dilə gətiriblər. Bu ifadələri illərdir mətbuatda yazılanların təsdiqi də hesab etmək olar.
Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri – generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə sonuncu məhkəmə proseslərindən birində İlkin İbadov ifadə verib. O, hazırda iş üzrə zərərçəkən statusundadır. İfadəsində deyib ki, 2015-ci ilin əvvəllərinə qədər dayısı oğlu, epizod üzrə əsas zərərçəkmiş sayılan Kamal Seyfullayevin rəhbərlik etdiyi iki şirkətdə – “Bakı-Tikinti” və “Alfa-Tikinti” şirkətlərində direktor vəzifəsini icra edib.
Məhkəmədə bu şirkətlərin yalnız adlarının tikinti şirkəti olması üzə çıxıb. Faktiki isə bu şirkətlər yarandığı gündən 1 tikinti belə həyata keçirməyiblər. Bəs bu şirkətlər əslində nə işlə məşğul olublar?
İ.İbadov 2014-cü ilin dekabrında Kamal Seyfullayev zəng edib və onu yanına çağırıb. Birgə “Texnikabank”ın Tibb Universitetinin yaxınlığında yerləşən “Xəzər” filialına gediblər. Oradan 3 ağzına kimi dolu kisədə pul götürüblər. 2 gün ərzində dayıoğlu ilə bibioğlu bankdan cəmisi 18 milyon manat büdcə pulunu nağd şəkildə alıblar. Və pulun izi “MTN işi”nin cildlərinə qədər gəlib çatıb.
Pulun izinin üzərinə səpələnən tozu məhkəmədə vəkillər üfürməyə cəhd etsələr də, bunun üçün vəsatətlə çıxış etsələr də, hakimlə dövlət ittihamçısı hesab ediblər ki, həmin vəsatətlərə baxılmasa yaxşıdır.
Məhkəmədə hakimlə dövlət ittihamçısının mövqeyi itmiş pulların izini azdıran İ.İbadovla K.Seyfullayevin də marağı çərçivəsinə həddən artıq uyğun görünüb.
İ.İbadov ifadəsində həmin gün K.Seyfullayevlə banka getdiklərini, oradan külli miqdarda pul çıxardıqlarını söyləyib.
“Getdik banka. Mən dayanmışdım küçədə, o isə içəridə söhbətini edirdi. Bankdan pul götürərək inkassator maşınına qoyduq və pulları tanımadığım bir şəxsə təhvil verməyə gəldik. Oradan ayrılarkən bizi tutdular”, – deyə İ.İbadov bildirib.
Əlavə edib ki, onu MTN-də 3 gün saxlayıblar: “Mənim Kamalın nazirliyin əməkdaşları ilə apardığı söhbətlərdən xəbərim yox idi. 3 gündən sonra bizi buraxdılar”.
O, MTN-dən çıxarkən Kamal Seyfullayevin “müflis oldum” dediyini əlavə edib və qeyd edib ki, nazirliyin əməkdaşları dayısı oğlundan 2 milyon manat tələb ediblər.
Dövlət ittihamçısının suallarını cavablandırarkən İ.İbadov bildirib ki, direktoru olduğu MMC-lərin təsisçilərinin kim olduğunu bilmir, lakin Kamal Seyfullayev təsisçi olmasa da, həmin şirkətlərə rəhbərlik edib.
Eyni zamanda, zərərçəkmiş direktoru olduğu şirkətlərin yarandığı ili xatırlaya bilməyib. Sözlərinə görə, bankdan çıxdıqdan sonra onlar inkassator maşını ilə “Olimpik Star” idman sarayının yaxınlığından sola tərəf hərəkət ediblər və qarajların yaxınlığında inkassator maşınından pullar Kamal Seyfullayevə məxsus “Niva” avtomobilinə yüklənib. Sonra isə tanımadığı hündür bir şəxs gələrək, pul kisələrini Kamaldan götürərək aparıb.
İ.İbadov vəkillərin suallarını cavablandırarkən direktoru olduğu 2 şirkətdən birinin heç olmasa bir tikinti işini xatırlaya bilməyib.
Suallara cavab olaraq deyib ki, pul çıxarmaq üçün bir çox banklara gedib:“Çox banka getmişəm. Hara pul vururdularsa, ora da gedirdim”.
“O pulları niyə vururdular” sualına isə “Nəsə almaq üçün, nəsə eləmək üçün. Mən də gedib götürürdüm” cavabını verib.
Deyib ki, pulların kimə çatdığını bilmir, özü isə direktor olaraq maaş alıb.
İ.İbadovun dayısı oğlu Kamal Seyfullayev ifadəsində deyib ki, kommersiya işi ilə məşğul olub və həmin işə görə 2014-cü ilin dekabr ayının 25-də MTN-ə aparılıb. Orada 3 gün saxlanıldıqdan sonra zərərçəkmişdən 2 milyon manat pul istənilib. Pulu verə bilməyəcəyini dedikdə, onu 1 kiloqram heroinlə təhdid edərək, 12-15 il müddətinə həbs cəzası ilə hədələyiblər. “Bilirdilər ki, bankda pul var, gedib götürdülər, o gündən də müflis oldum və indiyə qədər camaatın borcunu qaytarıram”, - K.Seyfullayev ifadəsini bu sözlərlə bitirib.
Dövlət ittihamçısının “Rəhbərlik etdiyiniz tikinti şirkətlərinin təsisçiləri kim idi” sualına cavab olaraq bildirib ki, təsisçilərin adlarını çəkə bilməz, lakin MMC-lərin fəaliyyətinə özü rəhbərlik edib.
K.Seyfullayev bankdan çıxarılan 3 kisə pulun mal-materialların, fəhlələrin pulu olmasını iddia etsə də, “Kimə verdiniz o pulu” sualına “Bu mənim şəxsi işimdir və kommersiya sirridir” cavabını verib.
K.Seyfullayev istintaqa verdiyi ilk ifadəsində deyib ki, 2 milyon manat pulu Novxanıdakı bağından götürüb və MTN-çilərə verib. Məhkəmədə isə deyib pulu Bankdan götürüb verib. O, bu ziddiyyəti aydınlaşdırmayıb.
Vəkilin rəhbərlik etdiyi şirkətləri kimdən aldığı və həmin şirkətlərin rəhbərlərinin kim olması barədə suallarını zərərçəkmiş cavablandırmayıb və “xatırlamıram” kimi absurd cavabla kifayətlənib. “Məktəb tikmisiniz” sualına isə Kamal Seyfullayev “bu mənim kommersiya sirrimdir” cavabını verdikdə vəkilin səbri çatmayıb: “Siz hansı kommersiya sirrindən danışırsınız? Nə şirkət adınıza deyil, MMC-lərlə heç bir hüquqi əlaqəniz yoxdur, sizin hansı kommersiya sirriniz ola bilər?”
Vəkilin bu sualından sonra K.Seyfullayev özünü pis hiss etdiyini deyib. Bankda pulları kimin imzası ilə götürməsi sualına cavab veriv ki, o adamların adlarını çəkə bilməz və bu “kommersiya sirri”dir.
Məhkəmədə üzə çıxıb ki, K.Seyfullayev MTN-çilərdən şikayət edib və sonradan şikayətini geri götürüb. Bundan sonra İrana gedən K.Seyfullayev epizod üzrə şahid Yasin Muxtarova İrandan zəng edib və bildirib ki, “sənin zibilinə düşmüşəm, gəl, qurtar”.
Cinayət işinin materiallarına görə, İ.İbadovla K.Seyfullayevin “Texnikabank”dan götürdükləri 3 kisə pul Müdafiə Sənayesi Nazirliyinə (MSN) aid dövlət büdcəsindən ayrılmış vəsaitlər olub. K.Seyfullayev bu pul əməliyyatlarından cəmi 50-100 min manat qazanıb.
Bəs MSN-də 2009-cu ildə nağdılaşdırılaraq mənimsənilən 8 milyonun hesabını soran olacaq?
MSN-dəki nağdılaşdırma əməliyyatı haqda “Yeni Müsavat” qəzeti 2009-cu ilin martından başlayaraq silsilə yazılar dərc edib. Həmin yazılardan biri “Nazir Yavər Camalovun müdhiş yeyintisi” adlanırdı.
Həmin yazıdan sitat: “Müdafiə sənayesi naziri Yavər Camalovun 25 dekabr 2007-ci ildə verdiyi 426 saylı əmr əsasında zavodların balansına verilmiş yeni alınmış avadanlıqların qiymətləri ilə bu avadanlıqları satan firmaların həmin avadanlıqlara qoyduğu qiymətlərin müqayisəsini ortaya çıxaran cədvəl də əlavə olunub.
Yazıda həmin cədvəlin bir hissəsini də təqdim edirik. Cədvəldən göründüyü kimi, alınan avadanlıqların qiyməti 4,7 faizdən başlayaraq, 89 faizə qədər şişirdilib. Təkcə 12 dəzgahın alınmasından 3 milyon 892 min manat vəsait mənimsənilib. Nazirin 426 saylı əmrində göstərilən avadanlıqların alışında, şişirtmə orta hesabla 8 dəfə qəbul olunarsa, avadanlıqların alınmasına sərf olunduğu göstərilən 9 milyon 399 min 558 manatın 8 milyon manatı mənimsənilib.
Müdafiə sənayesinin inkişafı məqsədilə büdcədən ayrılmış vəsaitin mənimsənilməsi prosesində istifadə olunan ikinci variant nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların yeyilməsi və istehsal müəssisələrinin yaradılması üçün ayrılan vəsaitlərin oğurlanmasıdır. Nazirliyin işçiləri bildirirlər ki, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən həmin an nağdılaşdırılır və nazirin birinci müavininə (Yəhya Musa oğlu Musayev) qaytarılır.
Onların sözlərinə görə, zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nağdılaşma əməliyyatları görünər. Zavodlar isə tələm-tələsik, kobudcasına, böyük səhvlərə yol verərək həmin vəsaitləri silirlər. Səthi bir yoxlama bu faktları aşkara çıxaracaq.
Yeyinti prosesində istifadə olunan üçüncü yol isə ölkə prezidentinin sərəncamından sui-istifadədir. Nazirliyin işçilərinin sözlərinə görə, prezident müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün sərəncam verib: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradır. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsəd üçün istifadə edir. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nağdılaşdırılaraq nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu göstərilir. Halbuki yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır”.
Şikayətçilər dediklərinin təsdiqi kimi məktublarına nazir Yavər Camalovun 426 saylı əmrini də əlavə ediblər. Həmin əmrdən görünür ki, 8 may 2007-ci ildə alınmış və dəyəri 1 milyon 872 min 830 manat 10 qəpik olan 5 dəzgah nazirliyin tabeliyində olan “İqlim” Elmi-İstehsalat Birliyinə, 717 min 52 manat 56 qəpik qiyməti olan 2 dəzgah isə “Elektron” Hesablayıcı Maşınlar Zavodunun balansına verilib. Eyni zamanda 11 may 2007-ci il tarixli, 018 nömrəli müqavilə üzrə 4 milyon 616 min 84 qəpiyə, 21 may 2007-ci il tarixli 20 nömrəli müqavilə 923 min 122 manat 80 qəpiyə və nəhayət, 24 oktyabr 2007-ci il tarixli, 039 nömrəli müqavilə üzrə 1 milyon 377 min 966 manat 10 qəpiyə alınmış dəzgah və avadanlıqlar MSN-in balansından çıxarılaraq Qeyri-Standart Avadanlıqlar üzrə İstehsalat Birliyinin “İskra” zavodunun balansına verilib.
“Avadanlıqların balansdan-balansa verilməsi haqqında” olan əmrin icrasına nəzarət isə şikayətdə adı hallanan Y.Camalovun 1-ci müavini Y.Musayevə həvalə edilib. Şikayətdə göstərilən cədvəldə isə şişirtmələrin konkret hansı dəzgahların alınmasında həyata keçirilməsi də qeyd olunub. Məsələn, özəl firmalar 3 koordinatlı frez dəzgahının 1 ədədini 43 min 200 manata satsalar da, MSN bu qiymətə aldığı 3 dəzgahın hər birini 332 min 324 manata rəsmiləşdirməklə 7,6 dəfə şişirtməyə yol verib. Alınan 4 koordinatlı 3 frez dəzgahının bazar qiyməti 43 min 200 manat olsa da, MSN-in sənədləşdirilməsində onların hər birinin qiyməti 384 min 728 manat 16 qəpik göstərilib. Bu dəzgahların alınmasında 8,9 dəfə şişirtməyə yol verilib. Bazar qiyməti 44 min 455 manat olan pardaxlama dəzgahı isə 212 min 500 manata rəsmiləşdirilməklə qiyməti 4,78 dəfəyə kimi şişirdilib. 22 min alış qiyməti olan xonlama dəzgahının rəsmiləşdirilməsi zamanı isə fantastik şişirtməyə yol verilib. Dəzgahın qiyməti 1 milyon 960 min manata rəsmiləşdirilib. 4 ədəd torna dəzgahı üçün 60 min 200 manat ödənilsə də, MSN-in sənədləşməsində bu məbləğ 917 min 41 manat 2 qəpik kimi göstərilib”.
Qayıdaq məhkəmə prosesinə.
Məhkəmədə aydın olur ki, K.Seyfullayev dövlətin 18 milyon manat pulunu 2 gün ərzində çıxarıb “buxarlandırsa” da, bu gün də əməlinə görə cavabsız qalacağına əmindir. Odur ki, məhkəmədə Azərbaycanın istintaq orqanlarına meydan oxumaqdan da çəkinməyib. Deyib ki, bilərəkdən heç kimin adını çəkmək istəmir.
Digər tərəfdən məlum olub ki, “Texnikabank”dan 2014-cü ilin dekabr ayında K.Seyfullayevin adına hər hansı pul hərəkəti olmayıb və hesabı mövcud deyil.
Bəs MSN-nin 3 kisə pulunu K.Seyfullayevə kim və nəyə görə verib?
Bu sualın araşdırılmasının qarşısı məhkəmədə alınıb.
Təqsirləndirilən Füzuli Əliyev məhkəmədə Vergilər Nazirliyinə verilmiş sorğuya alınmış cavabda yazılanlardan danışıb. Deyib ki, həmin cavaba görə işdə K.Seyfullayevin sahibi olduğu kimi adları keçən şirkətlərin heç birinin aidiyyatı yoxdur.
MTN-çi K.Seyfullayev haqda bunları hakimin diqqətinə çatdırıb: “Kamal Sefullayevi 2005-ci ildən tanıyıram. Bu adam ”obnaliçka” ilə məşğul olan məşhur maklerdir”.
İş üzrə şahid qismində ifadə verən “Texnikabank”ın “Xəzər” filialının müdiri olmuş Fərid Məmmədov deyib ki, 2014-cü ilin dekabr ayının 24-25-də Kamal Seyfullayevə rəhbərlik etdiyi şirkətlərin adına köçürülən 18 milyon manat vəsait verib.
Təqsirləndirilən MTN-çi F.Əliyev K.Seyfullayevin vasitəsi ilə nağdlaşdırılan milyonlarla manat büdcə pullarının kimin cibinə getdiyindən xəbərdar olmasını gizlətməyib: “Əsl həqiqəti mən də bilirəm, Kamal Seyfullayev də bilir, qismən vəkillərə də məlumdur. Bu şirkətlərin kimə məxsusluğu barədə heç kim danışmaq istəmir. Həmin şirkətlər məhz bu əməliyyatların keçirildiyi 2014-cü ildə yaradılmışdı. Hər il belə şirkətlərin neçəsi açılır, neçəsi bağlanır, mən bilirəm. Bu şirkətlərin kimə məxsus olmasını siz də bilirsiniz və onların Kamal Seyfullayevə heç bir aidiyyatı yoxdur. Çünki sabah məhkəmə həmin şirkətlərin dövriyyəsini çıxarsa, məlum olar ki, o şirkətlərin işi hər gün pul çıxarmaqdan ibarətdir. Kamal Seyfullayev bu işdə yalnız maklerlik edib. Mən bu barədə geniş ifadə verəcəyəm, lakin bilirəm ki, bank əməkdaşı da bilir ki, Kamal Seyfullayevin adına heç bir hesab olmayıb”.
F.Əliyevin bildikləri haqda ətraflı danışması məhkəmənin təxirə salınması üzündən baş tutmayıb. Çox güman ki, F.Əliyev bu haqda danışmayacaq da. Sadəcə özünü xilas etmək üçün bildikləri bir şeylər olduğunu ortaya atdı və dayandı. Məhkəmədə onun bildiklərini ətraflı danışmasını istəyən tərəf yoxdur. O səbəbdən ki, danışsa, hər gün həyata keçirilən nağdlaşdırma əməliyyatlarının bütün iştirakçıları, ən əsası isə başında dayananları da istintaqa cəlb etməkdən başqa yol qalmır.
Bunu etmək həvəsində olan qurum MTN ləğv olunana qədər də olmayıb, bu gün də yoxdur, çətin ki, yaxın gələcəkdə də olsun. Ortada 18 milyonluq nağdılaşdırmanın detalları var, araşdırma bir qədər də genişləndirilsəydi, 18 rəqəmin ardına sıfırlar artırılmalı, bir çoxlarının iri vəzifələri də MTN kimi sıfırlanmalıdır(musavat.com).