"Almaniya terrorçuların etibarlı bölgəsidir" -Avropada tarix təkrarlana bilər
Yenixeber.org: Bu günlərdə Almaniya adını yaman çox eşidirik. Harada aş, orada Almaniya baş. Türkiyə ilə böhran yaşayan Almaniya, Rusiya ilə çəkişən Almaniya, indi də ABŞ ilə də atışmağa başlayıb.
Əvvəllər həmişə Avropa Birliyi (AB) siyasətinin içində özünü əritməyə çalışan Almaniya görüntüsü artıq yoxdur, onun yerinə beynəlxalq məsələlərdə səsi olduqca yüksələn Almaniya var.
Rusiya ilə yaşanan gərginlik yeni deyil. Ukrayna böhranından bu yana, Almaniya-Rusiya əlaqələrinin hansı istiqamətdə gedəcəyi ciddi maraq oyadan bir hal aldı. Avropalılar həmişə olduğu kimi, NATO-nun arxasında gizlənərək, Rusiyanı Ukraynadan çıxarmaq istədilər. Nəticə tam əksi oldu.
Rusiya birbaşa Krımı işğal edərək Almaniyanın liderlik etdiyi AB-yə rus arxa bağçasında manevrə imkan verməyəcəyini göstərdi. Almaniya Ukraynada ova çıxarkən ovlandı. O, NATO-nun, yəni Amerikanın əstək verəcəyinə inanırdı. Ancaq elə olmadı. ABŞ Rusiyanı görməməzliyə vurmağı üstün tutdu. Bu, Almaniyanın yalnızlığı acı şəkildə dadmasının ilk nümunəsi oldu.
Almaniya terrorçuların etibarlı bölgəsidir
Rəsmi Berlinin Türkiyə ilə yaşadığı gərginlik demək olar artıq hər kəsə məlumdur. Almaniya Türkiyəyə qarşı elə sərt oynayır ki, qarşılıqlı razılaşmaya çatmaq üçün az qala bircə boş sahə buraxmır. Alman qəzetlərindən tutmuş alman rəsmilərinə qədər, demək olar ki, hər sahə və hər qrup Türkiyəyə qarşı açıq düşmənçilik xarakterli bəyanatların parçası olur.
Türkiyədə fəaliyyət göstərən bütün terror təşkilatlarının nümayəndələri üçün Almaniya etibarlı bölgə halına gətirilib. Hətta FETÖ-çuların sığınacaq mərkəzi olub.
Referendum dövründə də Almaniya Ərdoğan əleyhdarı mövqeyi tutdu.
Ən son qarşılaşdığımız nümunə isə İncirlik qalmaqalıdır. Türkiyə alman deputatların İncirliyə girməsinə icazə verməyincə, Almaniya "AWACS"ların Konyadan geri çəkilməsini gündəmə gətirə biləcəkləri ilə təhdid etdi. Hətta ABŞ-ı köməyə çağırdı. Lakin yenə əliboş qaldı.
"Tramp Almaniya ilə yaxınlaşar" ümidləri boşa çıxdı
Almaniyanı ən çox sarsıdan da bu oldu. Bəziləri Tramp dövründə Almaniyanın Amerika ilə yaxınlaşa biləcəyi iddiasını dilə gətirirdi. Yəni “Amerikan ifrat "sağ"ını təmsil edən Tramp və administrasiya Almaniya ilə yaxınlaşmağı ideoloji olaraq üstün tutur” deyilirdi. Almanlar da bənzər bir təmənnaya qapılmış ola bilərdi. Lakin Tramp ilk gündən bu yana Almaniyaya olduqca məsafəli və bəlkə də açıqca müxalif bir rəftar sərgiləyir.
Trampın az qala normal bir hərəkəti yoxdur, lakin ən anormalını yəqin ki, Merkelə göstərdi. Görüşdən sonra jurnalistlərə poz verərkən, Merkelin bütün səylərinə baxmayaraq, bütün diplomatik nəzakəti kənara qoyub, ona əl uzatmadı. Bununla da kifayətlənmədi, ard-arda Almaniyanı hədəfə alan bəyanatlar verdi.
Xüsusilə NATO mövzusunda şərhlər Merkelin bütün gözləntilərini boşa çıxardı və qəfildən Merkel də buna sərt cavab verdi.
Almaniya və ABŞ
Merkel artıq Almaniyanın İngiltərə və Amerikaya güvənə bilməyəcəyini və başının çarəsinə baxmaq məcburiyyətində olduğunu dilə gətirdi. Buna qədər olanlar, hər hansı bir dövlətin bir başqa dövlətlə yaşaya biləcəyi sıradan bir gərginliklər nümunədir. Lakin Almaniya ilə ABŞ arasından su keçməsi fərqli vəziyyətə işarə edər.
Almaniyanın "patron"la münasibətləri pozulur.
Kim nə deyirsə-desin, Almaniya 1945-ci ildən bu yana Amerika işğalı altındadır. İkinci Dünya müharibəsindən sonra Almaniyaya girən Amerika "Soyuq müharibə" dövründə Qərbi Almaniyanı qurdu, inkişaf etdirdi və onu qorudu; silahlanmasına və ordusunun yenidən qurulmasına yardım etdi. Bütün təhlükəsizliyə amerikalılar cavabdeh idi.
"Patron və vassal" əlaqəsi şəraitində Almaniya iqtisadi inkişaf keçirdi, lakin təhlükəsizlik baxımından Amerikadan asılı oldu.
"Soyuq müharibə" bitdikdə Şərqi və Qərbi Almaniyanın birləşməsinə icazə edildi, lakin qeyri-bərabər əlaqə forması dəyişmədi.
AB-nin iqtisadi gücü olan Almaniya, Fransa ilə birlikdə AB-nin siyasi mühərriki halına gəldi. Amma AB mövqeyi böyük nisbətdə NATO ilə paralel idi. Birliyin genişlənməsi NATO genişlənməsi oldu.
Böyüməsinə baxmayaraq, Almaniya Amerikanın idarəçiliyi altında olmağa davam etdi.
Təhlükəsizlik ehtiyacı
Son illərdə ABŞ-ın dünya siyasətində çəkinmə halı, bütün müttəfiqləri kimi, Almaniyanı da narahat etdi. Dünyanın dörd bir tərəfində böhranlar baş verərkən, bu böhranların təsirləri Almaniyanın sərhədlərinə dirənərkən, almanlar özlərini etibarsız hiss edir.
O, ABŞ-ın bu zamana qədər təmin etdiyi təhlükəsizlik çətirini itirir və Almaniyanın təhlükəsizlik ehtiyacı var.
Bunu təmin etmək üçün iki yol qalır: ya AB-nin gerçək bir ordu qurması, ya da Almaniyanın öz ordusunu qurması. İlki mümkün deyil, ikincisi isə risklidir.
AB-nin ordu qurma səyləri yeni deyil. Amerikan təhlükəsizlik çətiri altında və hər şey öz axarında gedərkən belə bu gerçəkləşmədi. AB-nin genişlənməsi və dərinləşdiyi dövrlərdə belə üzv ölkələrin ordu yaratmaq istəyi çox çətin məsələdir.
Ordu qurma ehtimalı
Almaniyanın öz ordusunu qurması mümkündür. Avropanın ən böyük iqtisadiyyatı və sənaye nəhəngi qısa müddətdə güclü bir ordu qura bilər. Lakin belə bir addım Almaniyanı təkrar dünya siyasətinin mərkəzi problemi halına gətirəcək. Həm Avropanın ətrafındakı aktyorları narahat edər, həm də AB siyasətinin sonu olur.
Ordu yaratma, ilk növbədə, Fransanın təhdid hiss etməsi, yəni İkinci Dünya müharibəsindən əvvəli vəziyyətə dönmək deməkdir. Qarşılığında Fransanın da silahlanması və AB-nin iki mühərrik gücünün yenidən bir-birinin rəqibi halına gəlməsi kimsəni təəccübləndirməz.
Bu vəziyyət AB-nin sonu deməkdir. Fransa və Almaniyanın bu rəftarı digər kiçik AB ölkələrini də hərəkətə gətirəcək. Nəticədə, onların bir qismi Almaniyaya təslim ola bilər, digər qisimi də Fransa ilə ittifaq quracaq.
Bu baxımdan Almaniyanın öz ordusunu qurması Avropa siyasətini fərqli bir mərhələyə çıxaracaq.
Almaniyanın dilə gətirmədiyi
Amma bəlkə də Almaniyanın dilə gətirmək istədiyi məhz budur. Bəlkə Almaniya əslində, silahlanmaq və yayılmaq istəyir və ABŞ-ın geri çəkilməsini bəhanəsi kimi təqdim edir. Bəlkə də Avropada artıq özünə iqtisadi mənada meydan oxuyacaq aktyorun qalmamasını siyasi və hərbi gücə çevirmək istəyir.
Almaniya iqtisadi mənada onsuz da Avropanı özünə təslim edib. AB iqtisadiyyatında əlavə 290 milyard $-lıq ticarət Almaniyaya aiddir. Yəni AB iqtisadiyyatı böyük nisbətdə Almaniya üçün çalışır, – desək yanılmarıq.
Almanlar dünya siyasətindəki boşluqdan faydalanaraq nüfuzunu atırır. Qlobal siyasi güc olmasının yolu da budur.
Böyük xərc tələb edən istək
Almaniya bu cür addımları atdığı müddətcə, yeni gərginliklərin tərəfi olacaq. Yeni əleyhdarlar tapacaq. Bu olduqca çox xərc tələb edən durumdur. Digər regional və qlobal aktyorlarla birbaşa qarşı-qarşıya gəlmək deməkdir.
Ölkənin geosiyasi xüsusiyyətlərinə, yəni Avropanın tam ortasında olmasına görə bir çox rəqiblə qarşılaşacağını hamımız deyə bilərik.
Ancaq Almaniya bu çoxcəbhəli müharibəni çox yürüdə bilməz. O, rəqib sayını azaltmaq məcburiyyətindədir. Bütün rəqiblərlə eyni anda mübarizə vermək yerinə, birinə fokuslanması lazımdır.
Artıq ABŞ-la ittifaq qeyri-mümkün görünür. Amma onu qarşısında da görmək istəməyəcək. Yəni Almaniya ABŞ-la rəqabətə girməkdən xüsusilə qaçacaqdır. O zaman qarşı-qarşıya gələ biləcəyi iki aktyor qalır: Rusiya və ya Türkiyə.
Tarixdən çox yaxşı tanıdığımız bir tənlikdir. Eynilə Avstriya-Macarıstan, Rusiya və Osmanlı arasında 18 və 19-cu əsrdəki əlaqələrə bənzər bir vəziyyət ortaya çıxır. Almaniya əvvəlcə bunların ancaq biriylə mübarizə etmək istəyəcək.
Hansının olacağı isə Suriya böhranı və ya Ukrayna böhranı müəyyən edəcək. Ukrayna məsələsi Almaniya üçün daha prioritetlidir. Suriya məsələsi Almaniyanın daha az marağını çəkir, amma daha “isti mövzudur” –terror və köç.
Bu mənada Türkiyədən istifadə edəcəyini hiss edir. AB siyasəti çərçivəsində Türkiyəni bir tampon bölgə halına gətirmək istəyir. Lakin Türkiyəni nəzarət edə bilməyəcəyi ortaya çıxınca əlaqədəki gərginlik dərəcəsi artır.
Amma işin ən maraqlı tərəfi – Almaniya Rusiya və Türkiyə ilə rəqabətə girə bilər, amma Fransa və digər Avropa ölkələri üçün daha prioritetli təhdid halına çevrildikdə yeni gündəm yarana bilər.
Necə olursa-olsun, bundan sonra Almaniyanın adını daha çox eşidəcəyik və bu ad əksər gərginliklərin bir hissəsi olacaq. Çünki Almaniya gücünü artırmaq istəyir və beləcə ətrafını də etibarsız edir.
Anadolu News Agency