“KAMİL BİR PALANÇI OLSA DA İNSAN,
YAXŞIDIR YARIMÇIQ PAPAQÇILIQDAN …” !!!
Yenixeber.org: Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov tədris ilinin sentybrın 1-də başlayıb mayın 25-də bitməsinə dair səslənən fikirlərə münasibət bildirərkən, deyib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib. Amma onun fikrincə, bu qədər artım da azlıq eliyir və biz bu sahədə dünyanın inkişaf etmiş olkələrindən hələ də geridə qalırıq. Çünki onlarda tədris ilinun həftə sayı 38-40 arasında dəyişir, bizdə isə bu say son artımdan əvvəl 32, sonra isə 34 olub. Cəsarət Valehovun təklifində deyilir:
“Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.
Nazirlik sözçüsünün əsas arqumenti də ondan ibarərdir ki, çox oxuyan çox bilər.
Normalda adam haqlıdı, əlbəttə ki, çox oxuyan çox bilər. Amma normalda bu belədi və onun örnək göstərdiyi inkişaf etmiş ölkələrdə də, bu anlamda heç bir problem yoxdu. Amma onun sözçülüyünü yapdığı indiki təhsil sistemində, məktəblərdə tədris və təlim sistemi o gündədir ki, burda təhsil həftələrinin sayını bir ilə də qaldırsalar nəticə dəyişməz qalacaq. Çünki 15 ildən çoxdur ki, məktəblərdə ümumiyyətlə dərs keçilmir, tədris və təlimnən isə söhbət belə gedə bilməz. Əsasən də yuxarı sinif şagirdlərinin tam əksəriyyəti repetitorlarla çalışırlar və repetitorların da tam əksəriyyəti elə həmin məktəblərin müəllimləridilər. Bu sahədəki “bespredel”in miqyasları artıq o həddə gəlib ki, indi, təhsil müddətini uzatmaq deyil, ümumiyyətlə məktəblərin qalıb-qalmama məsələsini gündəmə gətirmək lazımdır. Bir halda ki, əksər müəllimlər repetitorluqla məşğul olur və əksər şagirdlər də repetotor yanına gedirlər, həmçinin də indiki halda repetitorlar tərəfindən hazırlaşdırılmayan şagirdlərin ali məktəblərə qəbulu ancaq möcüzə sayəsində mümkündü, o zaman gerçəkdən də məktəblərin bu prosesdə altıncı təkər rolunda oynadığı şübhə doğurmur. Əslində, bu çox böyük bir mövzudu və bir vaxtlar bu haqda bir neçə yazım da olub. Bir daha bu haqda yenidən nəsə yazıb və ya danışıb heç kimin vaxtını almaq istəmirəm…
Sadəcə yaranmış durumda Təhsil Nazirliyi sözçüsünün təklifinə münasibət olsun deyə, fikrimi bildirdim. Burda ən maraqlı məsələ odur ki, bu cavan oğlan məktəblərdəki sözügedən vəziyyəti hamıdan yaxşı bildiyi halda, məktəbləri öz təyinatına qaytarmağın, gerçək tədris ocaqlarına və mükəmməl təlim mərkəzlərinə çevrilə bilmənin yollarının aranması ilə bağlı müzakirələr açmaq əvəzinə, tədris həftələrinin sayının artırılması təklifi ilə müzakirələr başlatmaq istəyir. Adam marsdan gəlmiyib, aydan da enmiyib ki, deyək bəlkə xəbəri yoxdu. Amma belə baxanda, onun şəkildən görünən yaşı məni aldatmırsa, elə özü də, əslində orta məktəb deyil, repetitor məzunudur. Oysa, məktəblərin durumu və ordakı tədris və təlimin vəziyyəti, sadəcə pis deyil, katostrafikdir və məktəblər artıq, çoxdan özünün genəl təyinatından kənarda fəaliyyət göstərir. İndi o məkanlar, əsasən seçkilərin saxtalaşdırılma məntəqələri kimi fəaliyyətdədirlər və bir də seçki saxtakarlığının əsas hərəkətverici qüvvəsi olan direktorlar korpusunun və müəllimlərin sığınacaq yeri olmaqdan savayı heç bir işə yaramır. Artıq, həm də dövlət səviyyəsində qəti qərar verilməlidir ki, Azərbaysanda təhsil məktəblər, yoxsa repetitor sistemi ilə təmin olunsun. Bu iki sistem paralel yürüdükcə, nə bunun, nə də o birinin effektiv fəaliyyətindən söhbət belə gedə bilməz və hər iki tərəfin amacı da, vətəndaşlara çağdaş zamanın tələblərinə uyğun dərs öyrədilməsindən savayı, çox şeylərə nail olmaqdır. Hələlik hər iki tərəfdə mümkün qədər çox para qazanmaq və mümkün olduğu qədər vətəndaşları soymaqdan ayrı hər hansı düşüncə hakim deyil. İllərdən bəridir ki, dövlətin və hökumətin gözləri önündə ölkənin təhsil sistemi xaraba qoyulur və təhsil nazir(lər)i də başda olmaqla hamı özünü elə aparır ki, sanki, elə belə də olmalıdır.
Heç şübhəsiz ki, hələ də, həm məktəblərdə, həm də repetotorların sırasında vicdanlı və ləyaqətli müəllimlər də yox deyil. Ancaq onların sayı indi o qədər azalıb ki, ümumi proseslərə və getdikcə böyüyən neqativ situasiyaya təsir imkanları sıfırın altından da çox aşağıdadır.
Cəsarət Valehova da kimsə desin ki, tədris həftələrinin sayını artırmaq çox oxumağa dəlalət eləməz, əgər oxudan yoxdusa. Və də bu işlər pafoslu açıqlamalar verməklə deyil, bilinən həqiqətləri açıq söyləyib, o həqiqətlərə qarşı çıxmaqla, onları elmi və praktiki əsaslara dayanaraq aradan qaldırmaqla fayda verər. Camaat çörəyi qulağının dibinə yemir haa, görünən kəndə qlavuzluq eləmək şakərinə son verin, lütfən !!!
Ölkənin təhsilini darmadağın edib, məktəblərini saxtakarlıq yuvasına çevirib, təlim-tədrisi məhv edənlər millətə dərs keçməyə qalxır, göydən daş tök Allah !!!