“PULLARIMI ÜÇQAT ZİREHLƏ QORUYURAM” –Azərbaycanlı milyarder
“Onlar məndən bublikin dəliyini alacaqlar…”
Yenixeber.org: Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun 2000-ci ildə rəsmən boşandığı keçmiş arvadının iddiası əsasında London məhkəməsinin çıxardığı məxfi qərar barədə yeni nüanslar məlum olub. Virtualaz.org xəbər verir ki, biznesmenin keçmiş arvadı Tatyana Əhmədova hələ ötən il dekabrın 17-də çıxarılmış bu qərardan sonra 6 ay ərzində məsələni məxfi saxlayıb, vəkilləri vasitəsilə dünyanın hər yerində Fərhad Əhmədovun aktivlərini axtararaq onların hansının Britaniyanın yuridiksiyası altına düşdüyünü müəyyənləşdirməyə çalışıb. Lakin ələ keçirmək üçün heç bir aktiv tapılmayanda bu məhkəmə qərarı barədə məlumat Britaniya KİV-lərinə sızdırılıb.
Xəbər verdiyimiz kimi London məhkəməsinin çıxardığı qərara əsasən Fərhad Əhmədov keçmiş arvadına rekord məbləğdə-600 milyon dollara yaxın boşanma təzminatı ödəməyə məhkum edilib. Bu, Britaniya məhkəmələrinin indiyədək çıxardığı ən yüksək təzminat məbləğidir. Qərar Fərhad Əhmədovun və vəkillərinin iştirakı olmadan çıxarılıb. Çünki biznesmen keçmiş arvadı ilə məsələni barışıq yolu ilə həll etmək barədə boşa çıxan səylərindən sonra məhkəmə ilə əməkdaşlığı dayandırıb.
Virtualaz.org bundan əvvəl Fərhad Əhmədovun vəkillərinin məhkəməyə göndərdiyi məxfi bəyanatın mətnini əldə etmişdi və oradan bəlli olurdu ki, biznesmen 17 il bundan əvvəl arvadının Londonda yaşadığı malikanədə ona dəfələrlə xəyanət etdiyini öyrənəndən sonra Moskvada boşanma iddiası qaldırıb. Məhkəmə cütlüyü boşayıb. Həmin vaxtdan etibarən biznesmen keçmiş arvadının Londonda lüks həyatı üçün ona hər il milyonlarla dollar pul verib, 20 milyon funt sterlinq dəyərində mülklə təmin edib, “Mercedes McLaren”, “Maybach” kimi dəbdəbəli avtomobillər bağışlayıb. Buna baxmayaraq Tatyana Əhmədova 2012-ci ildə keçmiş ərinin ona məxsus “Nortgaz” şirkətini sataraq 1.3 milyard dollar əldə etdiyini bilən kimi gizlicə London məhkəməsində təzminat iddiası qaldırıb.
London məhkəməsinin ötən ilin dekabrında çıxardığı məxfi qərardan F.Əhmədov gec xəbər tutub. Hansı ki, məhkəmənin qərarına əsasən cavabdeh tərəf 21 gün ərzində, yəni bu il yanvarın 11-nə kimi məhkəmənin hesabına təzminat kimi 450 min funtu ödəməliydi. Yalnız bundan sonra qərardan 21 gün ərzində apellyasiya verə bilərdi. Nəticədə biznesmen Milad bayramı tətili günlərinə görə hətta apellyasiya vermək şansına malik olmayıb. Başqa sözlə, məhkəmənin qərarı milyarderin sərvətinin keçmiş arvadı tərəfindən reyderliklə ələ keçirilməsi səylərinə xidmət edib.
Lakin London Yüksək Məhkəməsinin qərarı İngiltərə və Uels ərazisində qüvvədə olduğundan nə Tatyana, nə onun vəkilləri Fərhad Əhmədovun pullarına çıxış tapa bilməyiblər. Çünki hazırda biznesmenin İngiltərə və Uelsdə aktivləri yoxdur. Aktivlər çoxdan onun Tatyanadan olan oğlanlarının adına keçirilib. Biznesmen özü isə Böyük Britaniyada yaşamır, bu ölkə vətəndaşı deyil və artıq bildirib ki, iki Rusiya vətəndaşının ailə məsələsi ilə bağlı London məhkəməsinin çıxardığı qərarı tanımır.
Lakin Tatyana Əhmədova və onun vəkilləri azərbaycanlı biznesmenin pullarını təkcə İngiltərə və Uelsdə deyil, dünyanın hər yerində axtarırlar. Vəkillər dünyanın hər yerinə məktublar göndərərək Əhmədovun pullarını tapmağı tələb edirlər. Məktublarda hədələyirlər ki, bu işə kömək etməyənlər məhkəmə iddiaları, təqiblər və cərimələrlə üzləşə bilərlər. O cümlədən əməkdaşlıq qarşılığında sanballı mükafat da vəd edirlər. Və bu proses London məhkəməsinin çıxardığı təzminat qərarı barədə məlumatın Britaniya mətbuatına sızdırılmasından əvvəl az qala 6 ay ərzində davam edib.
Bəs nədən bu məlumatı sızdırmağı qərara alıblar? Belə görünür ki, Tatyana və vəkillərinin planları düz getməyib, axı onlar heç nə tapa bilməyiblər. Vəkillər isə qonorar və Əhmədovun ödəməyə məhkum edildiyi təzminatdan faiz gözləyirlər. Və indi məlumatı sızdırmaqla qalmaqal yaratmağa çalışıblar. “Pul isə yoxdur, olmayacaq! Nə qədər axtarırlarsa, axtarsınlar. Onlar ən yaxşı halda bublikin ortasındakı dəliyi ala bilərlər”-Fərhad Əhmədov məhkəmənin qərarına belə yanaşır.
Bəs cənab Əhmədov London məhkəməsinin təzminat iddiası üzrə qərar çıxarmasına bir neçə həftə qalmış məhkəmə ilə əməkdaşlığı niyə kəsib? Virtualaz.org bu sualı Fərhad Əhmədova ünvanlayıb. Biznesmenin cavabı belə olub ki, o, həmin vaxt “Nortgaz” şirkətinə dair kommersiya və digər mühüm sənədləri yad ölkənin məhkəməsinə təqdim etmək istəməyib. Axı söhbət onun vətəndaşı olduğu Rusiyanın iqtisadi maraqlarından gedir.
Lakin keçmiş arvadı biznesmenin seyfindən həmin sənədləri xəlvəti götürərək məhkəməyə ötürüb. F.Əhmədov bunu həm də Rusiya vətəndaşı olan keçmiş arvadı tərəfindən “xəyanət” kimi qiymətləndirib.
Əhmədov deyir ki, keçmiş arvadının 2000-ci ildəki boşanmadan sonra onun biznesinə hər hansı qatqısının olmadığını sübut edən həmin sənədləri məhkəməyə təqdim etsəydi həmin məbləğdə təzminat qərarı verilə bilməzdi. Çünki məhkəmə təzminat barədə iddialara baxarkən üç əsas məsələni nəzərə alır: Birinci, boşanmanın səbəbi. Hansı ki, biznesmenin keçmiş arvadının Londonda pozğun həyat tərzi keçirməsi boşanmanın səbəbidir. İkincisi, birgə yaşayış zamanı qazanılan sərvətdəki rolu. Və biznesmenin keçmiş arvadı nəinki onun sərvətinə sərvət qatıb, əksinə, qazandıqlarını sağa-sola səpməklə məşğul olub. Nəhayət birgə qazanılan sərvətin bərabər bölgüsü. Hansı ki, F.Əhmədov bu sərvəti Rusiyada qazanıb və Britaniya vətəndaşı olan keçmiş arvadı həmin pulların qazanılmasında hər hansı rola malik olmayıb.
“İndi London məhkəməsi sadəlövhcəsinə hesab edir ki, o, Britaniya vətəndaşı olaraq mənim vaxtilə Sibirin 50 dərəcə şaxtasında qazandığım pullara töhfə verib? Özü də rəsmən boşanandan sonra? Digər tərəfdən mən ona boşanandan sonra kifayət qədər böyük məbləğlərdə pul, əmlak vermişəm. İndi isə onun hansısa təzminata iddia etmək haqqı yoxdur, çünki himayəsində yetkinlik yaşına çatmayan uşaqlar yoxdur. Mənim həmin nigahdan olan iki oğlumun hazırda 21 və 23 yaşları var, onlar müstəqil, təmin olunmuş, təhsilli adamlardır. ”-biznesmen bildirib.
F.Əhmədov bildirir ki, keçmiş arvadına Rusiyada boşanma və təzminat iddiası qaldırmaq sərf etmirdi, onun əsas məqsədi Britaniya qanunlarından sui-istifadə edərək pulları ələ keçirmək idi. Bu baxımdan biznesmen London məhkəməsinin qərarının onun üçün “tualet kağızı qədər də dəyər daşımadığını” vurğulayıb. “Onlar üçün isə bu qərar tərqibən 1 milyon funt sterlinqə başa gəlib”-biznesmen əlavə edib.
Vəkillər üçün qonorarın bu qədər yüksək olması isə təəcüblü deyil. Axı Tatyana keçmiş ərinin sərvətinin yarısını ələ keçirmək üçün vaxtilə Çarlz və Pol Makkartninin boşanma prosesində maraqlarını müdafiə edən məşhur vəkil baronessa Şekltonun hüquqşünaslar komandası ilə anlaşmışdı.
F.Əhmədovun hüquqşüanslarından aldığımız məlumata görə indiki halda Tatyana Əhmədovanın vəkilləri nəticəyə, yəni təzminatın alınıb biznesmenin keçmiş arvadına ödənilməsinə görə məsuliyyət daşımırlar. Lakin təzminatın ödənilməsi baş tutsaydı Tatyananın vəkilləri məbləğin 1 faizinə ümid edə bilərdi.
Biznesmen bu məhkəmə çəkişməsi ilə bağlı daha bir maraqlı faktı açıqlayıb. Məlum olub ki, London məhkəməsi təzminat barədə qərarı çıxarmaq ərəfəsində-dekabrın 16-da F.Əhmədovun maraqlarını müdafiə edən vəkili polisin köməyi ilə zorla ifadəyə cəlb edib. Onu vəkillik lisenziyasını almaqla və həbslə hədələyərək biznesmenin bank hesabları barədə informasiyaları ondan alıb. Sanki söhbət London Yüksə Məhkəməsindən deyil, hansısa üçüncü dünya ölkəsinin korrupsiyalaşmış ədliyyə sistemindən gedir.
Belə məlum olur ki, F.Əhmədov keçmiş arvadının onun pullarını ələ keçirmək üçün məkrli planları barədə əvvəlcədən duyuq düşərək Britaniyadakı bütün aktivlərini çxarıb. Çünki o, Federasiya Şurasının üzvü kimi 5 il ərzində yuxarı palatanın məhkəmə-hüquq komitəsində çalışıb və qanunları yaxşı bilirdi.
“Görünür Tatyana və vəkilləri unudublar ki, mən “Qazprom” kimi nəhənglə ən əlverişsiz şərtlərlə apardığım korporativ döyüşü udmuşam. İndi onlar hesab edir ki, mən belə asanlıqla halal pullarımın yarısını heç bir haqqı çatmadığı halda ona verəcəyəm? Yuxularında görərlər! Onların yuridikasiyasından asanlıqla yan keçmişəm və aktivlərimi üçqat zirehlə qoruyuram”-Fərhad Əhmədov bildirib.
Biznesmen şübhələnir ki, bu məsələdə London məhkəməsinin də öz maraqları ola bilər-onun pullarını Britaniya iqtisadiyyatına yönəltmək. “Onlar nə vaxt lazım olsa öz maraqları üçün hərəkət ediblər və edəcəklər. Britaniya məhkəmələri həmişə zəngin ərlərin keçmiş arvadlarının tərəfini tuturlar ki, onlar təzminat kimi qopardıqları pulları bu ölkədə xərcləsinlər. Lakin mənimlə bağlı bu iş keçməyəcək!”-biznesmen qeyd edib.
Məhkəmə qərar verərkən Fərhad Əhmədovun hazırda başqa nigahdan olan 3 övlad böyütdüyünü, Rusiya və Azərbaycanda göstərdiyi xeyriyyəçilik fəaliyyətini, onun xeyrinə olan bütün digər amilləri nəyə görəsə nəzərə almayıb. Və rekord məbləğdə təzminat barədə qərar çıxarıb.
Bəs biznesmenin Tatyanadan olan iki oğlu bu məsələyə necə yanaşır? F.Əhmədova bu sualla da müraciət etdik. Biznesmenin bildirdiyinə görə, övladları bu məsələdə onun tərəfindədirlər və analarının həm vaxtilə evli olduğu vaxtlarda ona xəyanətinə, həm ayrılandan sonra onun hesabına lüks həyat yaşamasına baxmayaraq təzminat barədə iddia qaldırmasına üzülürlər. F.Əhmədovun böyük oğlu Teymur Əhmədov sosial şəbəkələr üzərindən ötən gün məhkəmə qərarı barədə mətbuata sızdırılan informasiyaya münasibətini bildirib və atalarının tərəfində olduğunu, onun ailəni qorumaq üçün çox səylər göstərdiyini ifadə edib…